28 yanvar 2020 11:41
1133

Azərbaycan milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürüdür

Strateji əhəmiyyətli, həm də sivilizasiyaların qovuşduğu coğrafi məkanda yerləşən, regionun enerji xəritəsini dəyişən, nəqliyyat dəhlizinə çevrilən, qlobal məsələlərdə söz sahibi kimi çıxış edən və bu gün özünün yüksək inkişaf mərhələsində olan Azərbaycan xarici siyasətində milli maraqlarına uyğun davranır, daha çox qarşılıqlı etimada əsaslanan əlaqələrə üstünlük verir. Bu mənada qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin milli mənafelərə uyğun addımlar atması, daha doğrusu, milli maraqların müdafiəsini müqəddəs vəzifə hesab etməsi xarici siyasət kursumuzun əsasını təşkil edir. Hətta demək olar ki, cənab Prezident bu məsələni  beynəlxalq tribunalarda, mötəbər arenalarda davamlı surətdə dilə gətirən yeganə dövlət başçısıdır.

Dövlət başçımız bu günlərdə Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi müxtəlif görüşlərdə, eyni zamanda, verdiyi müsahibələrdə bunu bir daha dünyaya nümayiş etdirdi. Məsələn, forumda “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında  moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə” sualına cavab olaraq Prezident İlham Əliyev heç kimin gözləmədiyi halda “Bakıya” cavabını verdi və bu, siyasi müdriklik  bir çox siyasətçini təəccübləndirdi.  Bəlkə də elə bu səbəbdən moderator “Bakıya?..” deyə təkrar etdi. Çünki onlar güman edirdilər ki, cənab Prezident həmin iki dövlətdən birinin adını çəkəcək. Amma o diplomatik bir cavab verdi. Bununla da dövlətimizin başçısı  Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünü bəyan etdi.

Yeri gəlmişkən qeyd edək ki, bu gün Azərbaycan həm Rusiya, həm də Çinlə əməkdaşlıq edir. Ancaq nə Azərbaycan-Çin dostluğu Rusiya əleyhinə, nə də Azərbaycan-Rusiya dostluğu Çin əleyhinə yönəlməyib. Siyasətçilərin fikrincə, moderatorun bu sualı əslində Azərbaycanın Avrasiyadakı güclər arasında kimin yanında olduğunu öyrənmək cəhdi idi. Belə bir cavabla isə cənab Prezident Azərbaycanın heç bir güc mərkəzi ilə bağlı olmadığını, eyni zamanda, tərəfsizliyini bir daha  bəyan etdirmiş oldu. Bunun ardınca dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan qonşularına qarşı mehriban siyasət yürüdür. Lakin milli maraqlar həmişə birinci yerdə olub. Buna görə də müstəqillik illəri ərzində əldə edilən bütün nailiyyətlər xalqın müstəqilliyə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyinə görə əldə edilib.  Bu nailiyyətlər də Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapıb.

Bu yerdə Prezident İlham Əliyev “Real” televiziyasına müsahibəsindəki bu fikri də xatırlatmaq yerinə düşərdi: “Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq”. Bütün bunlar isə bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən siyasətimizin mərkəzində yalnız və yalnız Azərbaycanın maraqları dayanır.

Qvami Məhəbbətoğlu, “İki sahil”