06 avqust 2019 20:22
1202

Azərbaycan minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB-də birinci olacaq

2019-cu ilin ölkəmizin sosial həyatında daha önəmli il olacağı şübhəsizdir. Belə ki, cari ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyev iki böyük sosial islahat paketi təsdiq edib. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılması, mühüm sosial məsələlərin həllinə 1,6 milyard manatın yönəldilməsini nəzərdə tutmaqla tam icra olunub.

Sentyabrın 1-dən başlanacaq ikinci paketin icrası ilə bağlı hazırlıq işləri də artıq başa çatmaq üzrədir. Ayın 1-dən minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması reallaşacaq. Həmçinin 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1-dən yüksəldilməsi nəzərdə tutulub. Azərbaycanın dövlət büdcəsindən maliyyələşəcək iki paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat olacaq. Gələn il isə bu paket üçün 4,2 milyon insanı əhatə etməklə 5,2 milyard manatın sərf olunması gözlənilir.

Azərbaycanda minimal pensiya 72 faiz artırıldıqdan sonra ölkəmiz minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB-də birinci olacaq. Minimal əmək haqqının 250 manata çatdırılmasından sonra isə Azərbaycan bu göstərici üzrə MDB-də ikinci sırada qərarlaşıb. Eyni zamanda, müavinətlərin və təqaüdlərin artırılması 300 min əlilliyi olan şəxsi, 500 min məcburi köçkünü, 100 mindən artlq tələbəni, ümumilikdə 1,3 milyon nəfər insanı əhatə edib. Ən əsası, bu addımlar aztəminatlı təbəqəni əhatə etməklə bu kateqoriyaya aid olan insanların sosial durumunun xeyli yaxşılaşdırılmasını təmin edəcək.

Prezident İlham Əliyevin sosial siyasətində sosial sığorta da önəmli addımlardan sayılır. Yəni, 2006-2018 ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanır. Bunun nəticəsində yanvarın 1-dən heç bir bürokratik əngəl olmadan 13 min nəfərə pensiya təyin olunub.

Digər çox mühüm məsələ ölkə başçısının özünüməşğulluq proqramına ciddi diqqət yetirməsidir. Əgər 2018-ci ildə özünüməşğulluq proqramı 6 min ailəni əhatə edibsə, bu il əlavə vəsaitlərin cəlb olunması nəticəsində 10 min ailənin bu proqramdan yararlanması nəzərdə tutulub. İlin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq 45 min müraciət daxil olub, 4 min nəfər təlim keçib, 1100 nəfər aktiv əldə edib. Özünüməşğulluq proqramı beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilib. Belə ki, bu ildən BMT-nin İnkişaf Proqramı layihəyə daxil olub, 1000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən işlə təmin ediləcək.

Sosial rifahın yüksəlməsinin təməl prinsipi iqtisadi göstəricilərin yüksək olmasıdır. Ölkə iqtisadiyyatı bu ilin altı ayında 2,4 faiz yüksəlib. O cümlədən qeyri-neft sektoru 3,2 faiz artıb. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizə çatıb. Cari ilin 6 ayında qeyri-neft ixracı 15 faiz artıb. Həmçinin 6 ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Ümumilikdə əhalinin gəlirləri 6,6 faiz yüksəlib. “2019-cu ilin ilk yarısında 60 min yeni iş yeri açılıb.

Bütün bunlarla bərabər, ölkədə süni qiymət artımı da nəzərə çarpıb. Bəzi işbazlar və möhtəkirlər məqsədli şəkildə ərzağın və tərəvəzin qiymətində bahalaşma yaradaraq sosial -iqtisadi yüksəlişə kölgə salmaq istəyirlər. Təbii ki, Prezident İlham Əliyev əhalinin gəlirlərinə mənfi təsir edən süni qiymət artımı məsələsinə kəskin mövqeyini həmişə dilə gətirib. Məhz iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı bildirib ki, baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur: “Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Bu fakt bir daha göstərir ki, cənab Prezident təkcə əhalinin gəlirlərinin artmasını, sosial cəhətdən müdafiəsinin gücləndirilməsini deyil, həm də əldə olunan gəlirlərin möhtəkirlərin yeminə çevrilməməsini nəzarətdə saxlayır.

Elçin Zaman, “İki sahil”