24 aprel 2019 11:13
1362

Azərbaycan neftinin dünya bazarlarına ixracı məsələləri və ya xəyalların gerçəkləşməsi

Azərbaycan neftinin dünya bazarlarına ixracı məsələləri və ya xəyalların gerçəkləşməsi

“Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan Respublikası qarşısında duran ən mühüm problemlərdən biri hasil edilən neftin dünya bazarlarına çıxarılması məsələsi idi. İlk növbədə milli mənafeləri ön plana çəkən  ümummilli lider Heydər Əliyev Azərbaycan neftinin xarici bazarlara çıxarılması işində çoxşaxəli neft kəmərlərinin çəkilişinə üstünlük verdi. Bu əslində Azərbaycan Respublikasının təkcə Qafqaz regionunda deyil, o cümlədən Avropada strateji maraqlarının uzun müddət ərzində təmin edilməsi idi. Buna görə də Azərbaycan Respublikası hökuməti Rusiya Federasiyası və Gürcüstan dövləti ilə danışıqlar apardı. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından hasil olunacaq ilkin neftin Qara dəniz limanlarına “Şimal” və “Qərb” neft kəmərləri ilə nəqli barədə müqavilələr bağlandı. Bakı-Novorossiysk “Şimal” kəmərinin Azərbaycan Respublikasına aid hissəsi 1996-cı ilin sonuna qədər hazır oldu və 1997-ci il oktyabrın 25-də istifadəyə verildi. “Qərb” Bakı-Supsa kəmərinin tikintisi 1998-ci ilin axırlarında başa çatdırıldı. 1999-cu il aprelin 17-də bu kəmər və Supsa terminalı istifadəyə verildi.

1996-cı ildən dənizdə ABƏŞ-in (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) qazdığı ilk neft quyusu güclü fontan vurdu və yataqların böyük ehtiyatları bir daha təsdiq olundu. 1997-ci il noyabrın 12-də Azərbaycanın tarixində mühüm hadisə baş verdi - “Əsrin müqaviləsi” üzrə ilkin neftin hasilatına başlandı. Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Prezident Heydər Əliyev Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını bu tarixi və əlamətdar hadisə münasibəti ilə təbrik edərək demişdi: “1994-cü ilin sentyabr ayında biz ilk böyük neft müqaviləsini imzalayarkən dünyaya nümayiş etdirdik ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət kimi öz təbii sərvətlərinin sahibi olaraq onlardan istifadə edilməsi haqqında qərarlar qəbul edir. Üç il keçəndən sonra biz bir daha təsdiq edirik ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və biz artıq bu müstəqilliyimizin gözəl bəhrələrini görürük. Bizim bu gün gördüyümüz işlər XXI əsr, gələcək nəsillər üçün görülən işlərdir”.

“Əsrin müqaviləsi” üzrə əsas işlərin birinci fazasının başlanması üçün Xəzər dənizindən Aralıq dənizinə qədər uzanan, ildə 50-60 milyon ton neft nəql edə biləcək, uzunluğu 1760 km olacaq iridiametrli Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi haqqında saziş əldə olunması  vacib idi. 1998-ci ilin mayında müqavilə hazırlanması üçün işçi qrupu yaradılmışdı.Həmin il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentlərinin və ABŞ Energetika nazirinin imzaladıqları bəyanat bu kəmərə dair danışıqlara təkan verdi.

1999-cu il noyabrın 18-də İstanbulda “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Respublikasının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair” saziş imzalandı. Bu zaman Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və ABŞ-ın dövlət başçıları tərəfindən verilən “İstanbul Bəyannaməsi” layihənin yüksək səviyyədə dəstəkləndiyinə sübut oldu.

Xatırladaq ki, bu sazişin hazırlanmasına da ciddi maneələr törədilirdi. Şirkətlərin bəziləri kənardan təsirlər nəticəsində belə bir kəmərə ehtiyacın olmasına bədbinliklə yanaşırdılar. Qoyulacaq sərmayələr haqqında da müxtəlif fikirlər vardı. Lakin törədilən bütün maneələrə və yaradılan çətinliklərə baxmayaraq, Azərbaycan Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədəyönlü neft strategiyası uğurla nəticələndi. İstanbulda imzalanma mərasimindən sonra çıxış edən Prezident Heydər Əliyev demişdi ki, “Əsrin müqaviləsi”nin imzalanmasından Bakı-Tbilisi-Ceyhan strateji neft kəmərinə dair müqavilələr paketinin imzalanmasına qədər olan beş il ərzində görülən işlərdən qürur hissi duyur. O, öz çıxışında sazişin iştirakçısı olan ölkələrin başçılarına, xüsusi olaraq siyasi dəstəyə görə  ABŞ Prezidenti Bill Klintona minnətdarlığını bildirmişdi.

2002-ci il avqustun 1-də bu kəmərin tikilməsi və idarə edilməsi üçün şirkət təsis edildi. Sentyabrın 18-də kəmərin təməli qoyuldu. Bu münasibətlə tədbirlərdə iştirak etmək üçün Türkiyə Prezidenti Əhməd Nejdət Sezər, Gürcüstan Prezidenti Eduard Şevardnadze, ABŞ-ın Energetika naziri Spenser Abraham Bakıya gəlmişdilər. 3 milyard dollara qədər dəyəri olan bu kəmərin sahibi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (25%), Böyük Britaniyanın BP(30,1%), ABŞ-ın “Yunokal” (8,9%), Konoko-Filips (2,5%), Norveçin “Statoyl” (8,72%), Türkiyənin “Türkiyə Petrolleri AO” (6,53%), Yaponiyanın “İtoçu” (3,4%) və “İnreks” (2,5%), Səudiyyə Ərəbistanının “Delta Hess” (2,36%), İtaliyanın ENİ (5%) və Fransanın TOTAL ELNA ELF (5%) şirkətləri idi.

Həyata keçirilən tədbirlər sayəsində respublikanın neft sənayesi dirçəldi, sürətlə inkişaf etməyə başladı. 2002-ci ildə ölkədə 15,3 milyon ton neft hasil edildi. Neft müqaviləsi gəlir gətirməyə başladı. Prezidentin fərmanı ilə 1999-cu ilin dekabrında Azərbaycan Dövlət Neft Fondu təsis olundu, 2001-ci ilin dekabrında onu Müşahidə Şurası təşkil edildi. Azərbaycanın yeni neft strategiyasının banisi Heydər Əliyev bu Fondu güclü iqtisadiyyat yaratmaq vasitəsi kimi qiymətləndirirdi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Dövlət Neft Fondunu yaratmaqda başlıca məqsəd mineral xammal ehtiyatlarını təkrar istehsala yönələn maliyyə ehtiyatlarına çevirməkdir və bu Fond nəsildən-nəslə keçməlidir. Dövlət Neft Fondunda yığılan vəsaitlər investisiya şəklində Azərbaycan iqtisadiyyatının başqa sektorlarına qoyulmalı, neftlə bağlı olmayan digər sahələrin inkişafı, yeni iş yerləri yaradılması üçün, hətta neft hasilatı səviyyəsindən və dünya bazarında neftin qiymətinin dəyişməsindən asılılığını istisna edən proqramlar həyata  keçirilməlidir. 2003-cü ilin əvvəllərində fondda 730 milyon ABŞ dolları həcmində vəsait var idi (2010-cu ilin iyul ayına olan məlumata görə, indu bu rəqəm 22 milyard dollara yaxınlaşır). Ondan respublikanın iqtisadi və sosial rifahı naminə səmərəli istifadə etmək üçün xüsusi proqram hazırlanmış və davamlı olaraq həyata keçirilməkdədir.

1994-2009-cü illər ərzində ARDNŞ ilə 15 xarici ölkənin 34 neft şirkəti arasında dənizdə və quruda yerləşən neft yataqlarını əhatə edən 22 müqavilə imzalandı. Onların ümumi dəyəri 65 milyard ABŞ dollarına bərabərdir. Bu günə qədər Azərbaycanın neft-qaz sektoruna 37 mlrd. dollardan artıq (2010-cu ilin yanvarına olan məlumat) sərmayə qoyulmuşdur, onun 22 mlrd. dolları Azəri-Çıraq-Günəşli layihəsinin payına düşür.

Bu gün Azərbaycanın qaz sənayesi də böyük perspektivlərə malikdir. Buna səbəb 1 trilyon kub metr qaz və 150 mln. tondan çox kondensat ehtiyatı olan möhtəşəm “Şahdəniz” qaz-kondensat yatağınin açılması olmuşdur. “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-1” layihəsi 178 mlrd. kub metr qaz və 34 mln. ton kondensat çıxarılmasını nəzərdə tutur, ildə çıxarılacaq qazın həcmi isə 8,8 mlrd. kub metr təşkil edəcəkdir. Bu həcmdə qazın 1,4 mlrd. kub metri Azərbaycana, 0,8 mlrd kub metri Gürcüstana və 6,6 mlrd kub metri Türkiyəyə satılacaqdır. Qaz 2007-ci ilin iyul ayından Bakı-Tbilisi-Ərzurum boru xətti ilə ölkələrinə nəqli artıq mümkün olmuşdur. Gələcək perspektivdə həyata keçiriləcək ikinci mərhələ çərçivəsində hasilatin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur  ki, bu da Avropa ölkələrinin enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından biri idi. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri - həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”. Onun iştirakçısı olduğu saysız-hesabsız görüşlər və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinliklər və maneələr də  olur, bəzən müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. İlham Əliyev həmin anları belə xatırlayır: “Biz xarici şirkətlərə  deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”.

Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsi üzrə layihələr beynəlxalq transmilli şirkətlərlə əməkdaşlıq çərçivəsində uğurla davam etməkdədir.  Mütəxəssislərin fikrincə, Azərbaycan  2 mlrd. tona yaxın neft və 1,5-2 trilyon kub metr qaz ehtiyatına malikdir və yeni işlənməyə verilən perspektiv strukturlar sənaye əhəmiyyətli olarsa, bu rəqəmlər daha 2-3 dəfə arta bilər.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalananda Azərbaycan Respublikası kasıb bir ölkə idi, onun valyuta ehtiyatları yox dərəcəsində idi. İndi Azərbaycanın valyuta ehtiyatları 21 milyard dollardan çoxdur. Son altı il ərzində dövlət büdcəsi 10 dəfədən çox artıb, 800 mindən çox yeni iş yeri açılıb ki, onların da əksəriyyəti qeyri-neft sektorundadır. Yoxsulluq şəraitində yaşayanların sayı 49 faizdən 11 faizə düşmüşdür. Bu da onu göstərir ki, Azərbaycan Respublikasında neftdən əldə olunan gəlirlər ədalətli şəkildə bölünür. Bütün bunlar ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan və həyata keçirilən neft strategiyasının Azərbaycan xalqının milli mənafelərinə tam cavab verdiyini bir daha təsdiq edir.

Cəbi Bəhramov

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent