10 iyul 2020 10:11
2465

Azərbaycan nümunəvi yanaşma göstərir

COVID-19-la mübarizənin əsas tələbi özünütəcrid qaydalarına riayət etməkdir

Artıq dünyanı bürüyən ümumbəşəri bəlanın- koronavirus pandemiyasının birinci mərhələsi başa çatıb. İkinci, üçüncü dalğanın yaşanacağı barədə fikirlər səslənməkdədir, hətta bəzi ölkələr bunu yaşayır. Ölkəmizdə də may ayından karantin rejimində yumşalmaların olması vəziyyətin ağırlaşması ilə müşayiət edilir. Koronavirusun bir anda yox olmasını düşünən əksər insanlar özünütəcrid qaydalarına riayət olunmasına biganə münasibətləri ilə yoluxma hallarının artmasına səbəb olurlar. Bu səbəbdən karantin rejiminin sərtləşdirilməsinə böyük zərurətin olduğu özünü qabarıq şəkildə büruzə verdi və sərtləşdirildi.

Dövlətimizin başçısı İlham Əliyevin son çıxışlarında, keçirdiyi videoformat şəklində görüşlərində, o cümlədən Zirvə görüşlərində əsas diqqət göstərilən məsələ budur ki, insanların sağlamlığının təminatı günümüzün əsas çağırışıdır və bunun üçün zəruri olan bütün addımlar atılır. Mübarizədə əsas qoruyucu vasitələrdən olan maska çatışmazlığı probleminin ilk gündən həllini tapması insan amilinə verilən dəyərin bariz nümunəsi kimi qeyd olundu. Bu baxımdan ki, ən sadə qaydalara, xüsusilə maskadan istifadəyə riayət etməklə özümüzü virusdan qoruya bilərik. Sumqayıt Kimya Sənaye Parkında tibbi maska, onun ardınca “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisələrinin açılışı bir daha əhalinin sağlamlığının prioritetliyini nümayiş etdirdi. Məhz bu kimi addımlar vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan təşəkkür məktublarında əksini tapan fikirlərə diqqət yetirmək kifayətdir. Bu razılıq, dövlət-vətəndaş birliyinin, həmrəyliyinin yüksəkliyi cənab İlham Əliyev tərəfindən də yüksək dəyərləndirilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir. Bu, həm Azərbaycan vətəndaşlarının ünvanladığı təşəkkür məktublarında, həm Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən göndərilən məktublarda, həm də videoformatda keçirilən Zirvə görüşlərində səsləndirilən fikirlərdə öz əksini tapır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, həyata keçirilən tədbirləri təqdir edir. “Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir” söyləyən cənab İlham Əliyev bildirir ki, insanların sağlamlığı, rifahı, təhlükəsizliyi əsasdır.

Xalqımızın görülən işlərdən razılığı, verdiyi yüksək dəyər, ölkə Prezidentinə inam və etimad görülən tədbirlərin miqyasının günbəgün genişləndirilməsində, eyni zamanda, xoş ovqatın, yüksək əhval-ruhiyyənin yaranmasında əsas amildir. Hər zaman pandemiyaya qarşı mübarizə tədbirlərindən bəhs edərkən dövlətimizin başçısı İlham Əliyevin iqtisadi amili bir kənara qoyaraq, yalnız insanların sağlamlığını əsas götürdüyünü böyük ruh yüksəkliyi, rəğbətlə qeyd edirik. Bu gün pandemiyanın bütün ölkələrin, o cümlədən Azərbaycanın iqtisadiyyatına böyük zərbə olduğu inkaredilməzdir. Ölkəmizdə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi, özünütəcrid qaydalarının əsas tələb kimi ortaya qoyulması məhz insan amilinə verilən dəyərdən irəli gəlir. Baxmayaraq ki, digər ölkələrdə bu kimi tədbirlərin görülməməsi onlarda yoluxma və ölüm hallarının geniş vüsət almasına gətirib çıxardı. Həmin ölkələrdə karantin rejiminin yumşaldılmasında əsas götürülən iqtisadi amildir. Çünki həmin ölkələr iqtisadi vəziyyətə daha çox önəm verərək insanların sağlamlığını arxa plana keçirməklə yoluxma hallarının günbəgün, anbaan artmasına səbəb olurlar. Bu isə yenə də yoluxmanın coğrafiyasının genişlənməsini şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə videoformat şəklində keçirdiyi konfransda da bu məqam xüsusi qeyd edilmişdir ki, pandemiya dövründə sərhədlərin bağlanması həmin ölkələrin iqtisadiyyatına böyük zərbə olsa da, əksər dövlətlər bununla razılaşdı. Pandemiya zəiflədikcə sərhədlər açılacaq, turizm sektorunun bərpası əsasında ölkə iqtisadiyyatına valyuta axını sürətlənəcək.

Təbii ki, hər bir hadisə müqayisəli təhlili bir zərurət kimi ortaya qoyur. Nəzərə alsaq ki, bu gün dünyanı narahat edən məsələ xəstəlikdir və bu xəstəliyin coğrafiyasının genişlənməyəcəyi, həmçinin hansı zamanda başa çatacağı barədə fikir söyləmək mümkünsüzdür, bu halda belə bir müqayisəyə bu baxımdan ehtiyac vardır ki, hər bir ölkənin mübarizə tədbirlərinə diqqət yetirməklə ümumi bir model ortaya qoymaq mümkün olur. Azərbaycan yenə də öz təcrübəsinin effektivliyini nümayiş etdirdi.

Ölkəmizdə tətbiq olunan qabaqlayıcı tədbirlər birinci mərhələdə öz müsbət nəticəsini verdi. Belə ki, son həftələrin statistikası nəzərə alınaraq karantin qaydalarında yumşalmalar başladı. Qeyd etdiyimiz kimi, bugünümüzün əsas narahat doğuran problemi isə bu yumşalmalardan arxayınlıq hissi keçirib sanki virusun birdən-birə yoxa çıxmasını düşünmək, sosial məsuliyyət hissini bir qədər azaltmaqdır. “Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar” söyləyən dövlətimizin başçısı İlham Əliyev bir daha Azərbaycan vətəndaşlarına müraciət edərək bu qaydalara əməl etməyin o qədər də çətin olmadığını bildirir.

Ölkəmizdə nizam-intizam qaydalarına riayət etmək, sağlamlığın təminatı üçün bütün şərait yaradılıb. Öncə qeyd edək ki, pandemiya nəinki Azərbaycan, eləcə də dünya dövlətlərinin səhiyyəsinin bugününün aydın mənzərəsini ortaya qoydu. Hətta diqqət yetirsək, inkişaf etmiş ölkələrdə belə xəstələrin müalicəsi üçün zəruri olan avadanlıqların, şəraitin olmadığı özünü qabarıq şəkildə büruzə verir. Lakin Azərbaycan bu sahədə də malik olduğu imkanları ilə diqqət çəkdi. Belə ki, 40-dan artıq ən müasir, avadanlıqlarla zəngin xəstəxana koronavirus xəstələrinin ixtiyarına verildi. Həmin xəstəxanalarda koronavirus xəstələrinin müayinəsi, müalicəsi üçün bütün imkanlar mövcud olmaqla yanaşı, yüksək təcrübəyə malik həkimlər onların sağlamlığının keşiyindədirlər. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında pandemiyaya qarşı mübarizə tədbirlərindən bəhs edərkən ilk olaraq həkimlərin əməyini vurğulayır. Yeri düşmüşkən bu məqamı da xüsusi qeyd etmək istərdik ki, cənab İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılış mərasimindəki nitqində “Bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm” söyləyərək onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görüldüyünü qeyd edərkən “Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır” fikirləri ilə həkimlərimizin hər şeydən öncə insanların sağlamlığını düşündüklərini, fədakarlıqlarını önə çəkdi: “O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər.”

Dövlətimiz insanların sağlamlığını öndə saxlamaqla yanaşı, iqtisadi imkanların da artırılmasına xüsusi diqqət yetirir. Pandemiya dövründə sahibkarlara maddi dəstəyin göstərilməsi, işsizlərə, karantin dövrü ilə əlaqədar olaraq işini müvəqqəti itirən insanlara 190 manat birdəfəlik yardımın verilməsi, bir sözlə, sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan davamlı addımlar ölkəmizin maliyyə imkanlarının göstəricisidir. Eyni zamanda, Azərbaycan daxili tədbirlərlə yanaşı, beynəlxalq səviyyədə də öz köməkliyini əsirgəmir. Azərbaycanın iqtisadi göstəriciləri beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri ilə videokonfrans şəklində görüşündə xüsusi vurğulanmışdır ki, Azərbaycan pandemiya dövründə iqtisadi sahədə yaxşı nəticələr göstərir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Azərbaycanın bu siyahıda adı yoxdur. “Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq” söyləyən cənab İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatı ilə ölkəmiz arasında imzalanan donor sazişini xüsusi diqqətə çatdırır.

Bütün bunlar Azərbaycan dövlətinin istər daxildə, istərsə də beynəlxalq çərçivədə atdığı addımların əsasında böyük məsuliyyətin dayandığını təsdiqləyir. Cənab İlham Əliyevin təşəbbüsü ilə iki Zirvə görüşünün keçirilməsi, Azərbaycandan bütün türk dünyasına, dünya dövlətlərinə birlik, həmrəylik çağırışlarının olunması, ayrı-ayrı sahələrdə təcrübə mübadiləsinin aparılması üçün İşçi qruplarının yaradılması məsələsinin gündəmə gətirilməsi, həmçinin videoformatda səhiyyə, iqtisadiyyat rəhbərlərinin görüşü və sair kimi addımlar deyilənlərin bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyevin növbəti təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsidir. Artıq bu təşəbbüsə 130 ölkədən dəstək gəlib. Bütün bu addımlar ümumilikdə Azərbaycanın pandemiyaya qarşı qlobal müstəvidə fəal rol oynadığını nümayiş etdirir. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə keçirilən tədbirlərdə əsas hədəf, məqsəd məsuliyyət hissini artırmaq və pandemiyadan insanların sağlammlığı fonunda daha az itki ilə çıxmaqdır. Bunun üçün hər kəs vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirməli, karantin qaydalarına riayət etməklə dövlət-vətəndaş birliyinə öz töhfəsini verməlidir.

Yeganə Cəlilqızı, “İki sahil”