27 iyun 2020 18:35
1264

Azərbaycan Ordusunun dünyanın güclü orduları sırasında yer almasında milli hərbi sənayenin mühüm rolu var

Bu gün Azərbaycan Ordusu ölkəmizə qarşı yarana biləcək istənilən təhlükəni aradan qaldırmağa qadirdir. Öz nizam-intizamı ilə seçilən ordumuz müasir silahlarla təmin olunub. Azərbaycan ordu quruculuğunda öz standartlarını yaradıb. Bu gün hər bir vətəndaşının yanında olan dövlətimiz hərbçilərimizin də təminatını yüksək şəkildə təşkil edir və onların sosial müdafiəsini yorulmadan gücləndirir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev də “N” saylı hərbi hissənin açılışı zamanı çıxışında bu məsələlərə toxundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Deputat deyib ki, ordumuzun dünyanın güclü orduları sırasında yer almasında və qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək gücünə malik olmasında yaradılmış milli hərbi sənayenin mühüm rolu var. Bir neçə gün əvvəl Moskvada faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak edən Azərbaycan Ordusunun 75 hərbçisinin ölkəmizdə istehsal olunan “Aztex” hücum tüfəngləri ilə tribunaların önündən keçməsi bir daha bizim artan gücümüzün nümayişidir.

Deputat, həmçinin qeyd edib ki, demokratiyadan dəm vuran, əslində isə diktatura qanunları ilə idarə edilən Ermənistan hakimiyyəti bilməlidir ki, onların işğalçılıq siyasəti heç bir beynəlxalq təşkilat, BMT üzvü olan dövlət tərəfindən tanınmır və tanınmayacaq. O diqqətə çatdırıb ki, “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı bəyanata nəzər yetirdikdə görürük ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıyıb. Həmçinin dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və siyasi müstəqilliyini güclə təmin etmək hüququnu tanıyaraq bu səyləri açıq şəkildə dəstəkləyib. Bu isə Prezident İlham Əliyevin dediyi kimi, "Qarabağ Azərbaycandır!" sözlərinin Aİ tərəfindən təsdiqlənməsidir.