10 iyul 2020 19:03
1312

Azərbaycan pandemiyaya qarşı mübarizədə fəal mövqeyi və həmrəyliyi ilə fərqlənir

“Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında koronovirusla mübarizə çərçivəsində respublikamızda vətəndaşların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülməklə yanaşı, beynəlxalq miqyasda da uğurlu və vacib addımlar atılır. Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə həmişə  fəal mövqeyi, digər ölkələrlə konkret həmrəyliyi ilə fərqlənir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinin əhəmiyyətini “İki sahil” qəzetinə şərh edərkən bildirib. 

N. Əhmədovun sözlərinə görə, ölkəmiz regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürür: “Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının (QH) sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də tərkibində 120 ölkəni birləşdirən və BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş videokonfrans vasitəsilə Zirvə görüşünün keçirilməsi məhz belə əhəmiyyətli təşəbbüslərdən biridir. Bu tədbirdə QH-nin üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Prezident İlham Əliyev Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi”.

Müsahibimiz, eyni zamanda, xatırladıb ki, Azərbaycan koronovirusa qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım edib: “Lakin beynəlxalq münasibətlər sisteminə nəzər salsaq, bugün BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu isə  görünmür.   Belə bir məqamda qlobal həmrəylik gözlənilsə də lakin bu baş vermədi və bir çox ölkələr özünütəcrid, milli eqoizm xarakteri daşıyan addımlar atdı. Məhz buna görə də BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı”.

YAP Xəzər rayon təşkilatının sədri onu da xatırladıb ki, belə bir məqamda Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü irəli sürdü: “Təklif Nyu-Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri, Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlanıb. BMT-nin Baş katibi mayın 28-də BMT Baş Assambleyasının bütün üzv ölkələrinə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. BMT-nin Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Nəticə etibarilə dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması haqqında təşəbbüsünü dəstəkləyib”.

N. Əhmədov vurğulayıb ki, BMT-yə üzv olan 130-dan çox dövlət tərəfindən Prezident İlham təşəbbüsünü dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir: “Onların arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT-nin Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi.  Bununla da bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu”.

Müsahibimiz qeyd edib ki, xüsusi sessiyasının keçirilməsi təklifi artıq əksər dövlətlər tərəfindən qəbul edildiyi üçün BMT-yə üzv olan bütün ölkələrin maraqlarına cavan verən qlobal əhəmiyyətli təşəbbüs kimi qəbul olunur. BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə çox mühüm stimul yarada bilər: “Yaxın günlərdə BMT-nin Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Şübhəsiz ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrinin müdafiə etdikləri təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH-ya üzv ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib”.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində “dünya parlamenti” adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, problemdən çıxış yollarını müzakirəsinə və həll yollarının tapılmasına böyük ehtiyac var.

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsinin beynəlxalq səviyyədə pandemiyaya qarşı mübarizəyə töhfə verəcəyini deyən rayon təşkilatının sədri bu mövzunun müzakirəyə çıxarılmasının  dünyada cərəyan edən böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcəyini vurğulayıb.

Müsahibimiz yekunda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın QH-da sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəyini bildirib.

Ceyhun Piriyev, “İki sahil”