02 iyul 2020 10:54
2168

Azərbaycan polisi: Dövlətçiliyin əsas sütunu

İyulun 2-də müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 102  yaşı tamam olur. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Ölkənin ərazi bütövlüyünün qorunması, dövlət çevrilişinə cəhdlərin qarşısının alınması, ayrı-ayrı qeyri-qanuni silahlı dəstələrin ləğv edilməsi, narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə və digər dövlət və ümumxalq əhəmiyyətli məsələlərdə Azərbaycan polisi daim öndə olub, öz vəzifəsini peşəkarcasına yerinə yetirib.

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Dahi rəhbərin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra hüquq-mühafizə orqanlarının işində dönüş yaranıb, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə qarşı mübarizə gücləndirilib.

Ulu öndərimiz Heydər Əliyevin layiqli siyasi davamçısı cənab Prezident 

İlham Əliyev  Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, ölkəmizin bütün vətəndaşlarına olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində çalışanlara da daim diqqət və qayğı göstərir. Məhz həmin qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan polisi regionun ən peşəkar, intellektual səviyyəli hüquq-mühafizə orqanlarındandır. Maddi-texniki bazanın möhkəmləndirilməsi və müasirləşdirilməsi baxımından   isə Azərbaycan Daxili İşlər Nazirliyi bütün MDB-də və dünyada ən öndə gedən anaoloji nazirliklərdəndir. Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr vermək əzmindədir.

Azərbaycan polisi dövlətini, dövlətçiliyini qoruyur. Yeri gələndə bu müqəddəs amallar uğrunda şəhidlik zirvəsinə yüksəlmək şücaətindədir. O, yeri gələndə ölüm təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan qəhrəmanlar qədər qüdrətlidir. 2015-ci ildə paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın zamanı 4 nəfəri xilas edən baş serjant Orxan Əzimin qucağında körpə uşaq olan fotosu dünya KİV-lərində “Qəhrəman polis” altyazısı ilə dərc olundu. Qanlı 20 Yanvar faciəsində ilk şəhid polis əməkdaşı Telman Bağırov olub. Azərbaycan polisi birinci Qarabağ müharibəsində sıralarından 1695 nəfər şəhid verib, 1710 nəfər yaralanıb, 66 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində daxili işlər orqanlarının 99 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2650 nəfər xəsarət alıb. Bu statistik rəqəmlərin arxasında yanan və sönən ürəklər, vəzifə borcunu yerinə yetirərkən hər bir təhlükəyə hazır olan Azərbaycan polisinin şəxsiyyəti durur.

Azərbaycan polisinin gücündən, zəhmətindən bəhs ederkən, koronavirusla mübarizədə göstərdiyi xidmətlərindən söz açmasaq olmaz. Pandemiya ilə mübarizədə  görülən işlər, atılan addımlar, qabaqlayıcı tədbirlərin effektivliyi ilk növbədə Daxili İşlər Nazirliyinin virusla mübarizəyə operativ şəkildə səfərbər edilməsi ilə özünü büruzə verdi. Çünki pandemiyanın mövcud olduğu ilk günlərdən xüsusi karantin rejiminin qaydalarına tam şəkildə əməl olunmasını nəzarətdə saxlamaq Daxili İşlər Nazirliyinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, Azərbaycan polislərinə həvalə olunub.

Azərbaycan polisi belə bir kritik dönəmdə də insanların təcrid olunmasına, onların karantin rejiminə lazımi səviyyədə əməl etməsinə görə cavabdehlik daşıyır.  Paytaxt küçələrində gördüyümüz polis əməkdaşları bizi məhz virusa yoluxdurucaq əməllərdən qorumağa, mümkün qədər uzaq tutmağa çalışır. Onlar qoruyucu tibbi maskalardan istifadə etməyimizə, sosial məsafəni qoruyub saxlamağımıza, küçəyə çıxmaq üçün icazəmizin olub-olmamasına, kütləvi şəkildə toplaşmamağa, ölkədə asayişin təmin edilməsinə nəzarət edirlər.

Karantin rejiminin tətbiq olunduğu müddətdə də Azərbaycan polisi kifayət qədər nizam-intizam, qanunun tələblərini gözləyərək vəzifə borcunu yerinə yetirdi. Bu ağır günlərdə Azərbaycan xalqının bir hissəsi olan polis işçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Bununla yanaşı, Azərbaycan polisi özünün humanizmindən də qalmadı. Bəzi hallarda ciddi ehtiyac duyanlara kömək əli uzadıldı.

Etiraf edək ki, polis əməkdaşlarımız öz işlərinə məsuliyyətsiz, laqeyd yanaşsaydılar, vətəndaşların sağlamlığına, yoluxmanın artmasına əhəmiyyət verməsəydilər Azərbaycanda koronavirus qurbanlarının sayı Çinin Uhan şəhərini də keçəcəkdi. Əlbəttə, biz vətəndaşlar gecə-gündüz, istidə-soyuqda paytaxt küçələrində, avtobuslarda, metro stansiyalarında çalışan polislərin əməyinə düzgün qiymət verməli,  onların zəhmətini itirməməliyik. Birmənalı olaraq deməliyik ki, pandemiyanın ilk günlərindən polislərimiz də həkimlərimiz qədər fədakarlıq göstəriblər. Necə deyərlər, “mənim polisim məni qoruyur!” Bu, həmişə belə olub və belə də olacaq!

Azərbaycanda hər hansı təhlükə anında vətəndaşın gözü polisi axtarır. Əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar. Bütün bunlara görə Azərbaycan polisi, təbii ki, qürurludur. Bu qürur onu daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır. Biz öz polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik. Azərbaycan polisi dövlətə, xalqa, Ali Baş Komandanına sədaqətlə xidmətdə bir örnək sərgiləyir.

Azərbaycan polisinin böyük inkişaf yolu keçərək dövlətçiliyimizin möhkəmlənməsi uğrunda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ictimai asayişi və sabitliyi qorumaq naminə qarşıya çıxan çətinliklərə inamla sinə gərir. Bu gün Azərbaycan polisi həm də vətəndaş kimi həyatın bütün sahələrində ölkəmizin inkişafına töhfə verir. Azərbaycan polislərinə fəaliyyətlərində uğurlar arzulayır, onları daxili işlər orqanlarının 102 yaşı münasibətilə təbrik edirik!

Yaqut Ağaşahqızı,

“İki sahil”