15 mart 2019 10:38
151

Azərbaycan Premyer Liqasında XXI turun oyunları keçiriləcək - AFİŞA

Bu gün Azərbaycan Premyer Liqasında XXI turun oyunları keçiriləcək.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, milli komandanın təlim-məşq toplanışı ilə əlaqədar üçüncü dövrənin son tur qarşılaşmalarının hamısı eyni gündə baş tutacaq.

Çempionatın debütantı "Sabah" "Əlincə Arena"da "Sumqayıt"ı qəbul edəcək. Paytaxt komandası 21 xalla 5-ci, "gənclik şəhəri" təmsilçisi isə 16 xalla sonuncu - 8-ci yerdədir. Son matçlarda qələbə qazana bilməyən hər iki kollektiv uğursuz çıxışa son verməyə çalışacaq. Komandalar Premyer Liqada yalnız cari mövsümdə üz-üzə gəliblər. "Sumqayıt" ilk dövrədə rəqibini 4:1 hesabı ilə üstələyib. "Sabah" isə ikinci dövrədə minimal hesablı qələbə qazanıb - 1:0. Ötən tur evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları oyunda qırmızı vərəqə alan və üç oyunluq cəzalanan "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov bu matçda iştirak etməyəcək. Baş məşqçi Ayxan Abbasov isə cəzalı olduğu üçün komandaya təlimatlarını texniki zonadan verə bilməyəcək.

Bu oyunla eyni saatda başlayacaq görüşdə "Zirə" "Keşlə"ni qəbul edəcək. Hazırda paytaxt klublarının 19 xalı var və onlar 6-7-ci yerləri bölüşdürür. Matç komandaların çempionatdakı 15-ci qarşılaşması olacaq. 14 matçın 4-də qonaqlar, 2-də isə meydan sahibləri qələbə qazanıb. 8 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində də "Keşlə"nn üstünlüyü var - 14:12. "Keşlə" həmçinin rəqibinə qarşı keçirdiyi son 4 oyunda meydanı qolsuz tərk etməyib. "Zirə" isə "Keşlə" ilə keçirdiyi son 5 ev oyununda qalib gələ bilməyib. İlk dövrədəki matç heç-heçə yekunlaşıb - 2:2. İkinc dövrədə isə "Keşlə" rəqibini minimal hesabla məğlub edib 1:0.

Turun digər iki oyunu da paytaxtda baş tutacaq. "Səbail" "Bayıl Arena"da çempionluğa iddialı "Qarabağ"dan xal almağa çalışacaq. Ağdam təmsilçisi hazırda 42 xalla ikinci, "Səbail" isə 31 xalla üçüncü yerdədir. Son ölkə çempionu texniki nəticənin qeydə alındığı matçdan başqa bütün oyunlarda paytaxt təmsilçisini məğlubiyyətə uğradıb. "Səbail" Premyer Liqada "Qarabağ"a qarşı keçirdiyi 6 oyunun heç birində qol vura bilməyib, əvəzində qapısında 7 top görüb. Bu həm də albaniyalı müdafiəçi Ansi Aqollinin "Qarabağ"ın heyətində vida matçı olacaq.

XXI tura mərkəzi oyunla yekun vurulacaq. 44 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Neftçi" 28 xalla 4-cü sırada gedən "Qəbələ"ni "Bakcell Arena"da qəbul edəcək. Flaqman əyalət təmsilçisinə qarşı keçirdiyi son 7 çempionat oyununda meydanı qolsuz tərk etməyib. "Qəbələ" isə son 2 səfər oyununda məğlub olub. İlk dövrədə "Neftçi" evdə 2:1 hesablı qələbə qazanıb, ikinci dövrədə isə bölgə klubu üç xalı aktivinə yazdırıb - 3:1. "Neftçi"də Baqali Dabo, "Qəbələ"də isə Bəhlul Mustafazadə cəza səbəbindən bu oyunu buraxacaq.

Azərbaycan Premyer Liqası, XXI tur

15 mart (cümə)

16:00. “Sabah” – “Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Əlincə Arena”

I dövrə - 1:4, II dövrə - 1:0

16:00. “Zirə” – “Keşlə”

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi:Əliyev İlham

Zirə İdman Kompleksinin stadionu,(pfl.az/canlı)

I dövrə - 2:2, II dövrə - 0:1

16:45. “Səbail” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Nihad Məmmədov

“Bayıl Arena”, (CBC Sport/canlı)

I dövrə - 0:2, II dövrə - 3:0 (texniki məğlubiyyət)

19:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Bakcell Arena” (CBC Sport/canlı)

İlk dövrə - 2:1, II dövrə - 1:3