25 sentyabr 2020 17:25
548

Azərbaycan Prezidentinin  dünyanın ali tribunasından səsləndirdiyi tarixi faktlar

Dövlət başçısı İlham Əliyev ölkəyə rəhbərliyi müddətində bir sıra təşəbbüslərin müəllifi olmaqla yanaşı,  ədalətli və obyektiv mövqeyi ilə dünyada öz nüfuzu olan siyasi lider kimi tanınır. Məhz bu kimi keyfiyyətlərin birbaşa nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  sentyabrın  21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, sentyabrın 24-də isə BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında   videoformatda çıxış edib.

Prezident İlham Əliyevin dünyanın ən ali tribunasından Ermənistanın işğalçılıq, faşist, təcavüzkar, antidemokratik, antiinsani siyasətini, yeni müharibə planlarını ifşa etdi, həmçinin, BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə, Ermənistanın bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırdı. Eyni zamanda, vurğuladı ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq. Ona qarşı beynəlxalq hüquq normalarını pozurlarsa, buna adekvat reaksiya veriləcək.

Dövlət başçısı BMT Baş Assambleyasındakı çıxışında Ermənistanın BMT Nizamnaməsini kobud şəkildə pozmazasından, Azərbaycana qarşı tətbiq etdiyi hərbi gücdən, Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirməsindən, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün  vəziyyətinə salınmasından, Xocalı soyqırımı ilə bağlı faktlardan bəhs edərkən bildirdi ki, Xocalının 106-sı qadın və 63-ü uşaq olmaqla 613 dinc sakini qətlə yetirilmişdir. Ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır: “Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının  qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur. Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz”.

Ermənistan qoşunlarının təmas xətti və Ermənistan – Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəfə alması, təxribatlar törətməsi, sonuncu təxribat zamanı – iyul ayında Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimizin və bir mülki şəxsimizin öldürüldüyünü də Azərbaycan Prezidenti iclas iştirakçılarının diqqətinə çatdırdı. Ermənistanın diversiya dəstəsinin təmas xəttini keçməyə cəhd edərkən, dəstənin başçısının hərbçilərimiz tərəfindən yaxalandığını, dəstə tərəfindən isə azərbaycanlı hərbçilərə və mülki vətəndaşlara qarşı terror aktları törədiləcəyinin planlaşdırıldığını dedi.

 İşğalçılıq, terrorçuluq, təxribatçılıq və separatçılıq əməllərini 30 ildən bəri davam etdirən Ermənistanın son zamanlar öz havadarlarının dəstəyinə arxalanaraq, bu gün olduqca təhlükəli addımlar atır. Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikedici bəyanatlar, hərbi və digər təxribatlar Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdır.  

Yaxın Şərq bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi də daxil olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində intensivləşən və genişlənən qanunsuz fəaliyyətləri ilə birlikdə Ermənistanın hazırkı rəhbərliyi birmənalı şəkildə sübut edir ki, bu ölkə ilhaqçı siyasət yürüdür və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlardan bu məqsədlə sui-istifadə edir.Ermənistanın fürsətdən istifadə edib həm işğal altında olan təbii sərvətlərimizi talaması, həm də son zamanlar bizi daha çox narahat edən köçürmə siyasətini aktivləşdirməsini daim gündəmdə saxlamalıyıq. Bölgədə qeyri-qanuni məskunlaşdırma proseslərinin məhz Livan hadisələrindən sonra baş verməsi təsadüfdən yaranmayıb. Bunun özü də növbəti erməni fürsətçiliyinin nümunəsidir. Nəinki Livan ermənilərinin Qarabağda məskunlaşdırılmasının, müəyyən qeyri-qanuni iqtisadi fəaliyyətlərin də şahidi oluruq. Artıq bu məsələləri hansısa kəşfiyyat məlumatları ilə deyil, aşkar şəkildə görürük. Livan, İraq, Suriya və digər qaynar nöqtələrdən ermənilərin, PKK dəstələrinin işğal altında olan nəzarətsiz zonalara daşınması ciddi siqnallardır. Bunun ardı gəlsə, ümumən region ölkələri üçün gələcəkdə qarşısıalınmaz faciələrə, ciddi təhlükələrə səbəb ola bilər. Terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd göstərməsi isə beynəlxalq müharibə cinayətidir. Ermənistan bu davranışı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üstündən xətt çəkir. Nəticədə təcavüzkar dövlət qəsdən danışıqlar prosesini pozur və regionda gərginliyi artırmağa çalışır. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Livandan erməni ailələrinin işğal altındakı rayonlara köçürülməsi, eləcə də bizim qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimi keçirməsi ermənilərin növbəti təxribatıdır. Məqsəd danışıqları pozmaq, bunda Azərbaycanı günahlandırmaq və status-kvonu dəyişməz saxlamaqdır.

Dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda, təcavüzkar ölkə indiyə qədər öz təxribatçı əməllərindən geri çəkilmir. Ermənistanın siyasi rəhbərliyinin riyakar yanaşmasından fərqli olaraq, Azərbaycan bu illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyib və siyasi danışıqlara sadiq olub. Lakin Ermənistan tərəfi konstruktiv razılıqları pozmaqda davam edir və təxribatlar törədir. Ermənistanın münaqişəni müharibəyə çevirməyə təhrik etməsi cəhdinə beynəlxalq ictimaiyyətin susması ikili standartların bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun həmsədrləri və dünya ictimaiyyəti bilməlidirlər ki, münaqişənin sülh yolu ilə həlli Ermənistanın işğal etdiyi əraziləri tərk etməsi və məcburi köçkün soydaşlarımızın doğma yurdlarına qayıtmasından keçir. Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına cavab verməlidir.

Ermənistanın rəhbərliyi təxribatçı bəyanatlarını geri götürməli, sabitliyi pozan bütün fəaliyyətlərini dayandırmalı və münaqişənin parametrləri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərar və sənədləri ilə artıq müəyyən edilmiş siyasi həllinə nail olmağa dair öhdəliklərinə vicdanla əməl etməlidir. Bu, baş verməyənədək Ermənistan rəsmiləri guya bu ölkənin danışıqlara hazır olduğuna dair bəyanatları ilə nə Azərbaycanı, nə də beynəlxalq ictimaiyyəti aldada bilməz. Prezident İlham Əliyevin BMT-nin 75 illik yubileyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda bildirdiyi kimi, sülhə nail olmaq üçün yalnız bir yol mövcuddur: “Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt kompromis predmeti olmamışdır və heç vaxt olmayacaqdır”.

Yaqut Ağaşahqızı, “İki sahil”