17 fevral 2020 21:02
1503

Azərbaycan regionda ən böyük günəş və külək elektrik stansiyalarını quracaq

Alternativ enerjidən istifadə istənilən ölkənin və ya regionun iqlim şəraitindən, xüsusiyyətlərindən birbaşa asılıdır. Azərbaycana gəldikdə, ölkəmiz günəşli və küləkli günlərin sayına görə potensial imkanlara malikdir. Mütəxəssislər hesablamışlar ki, 3000 Kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferə atılan karbon qazının miqdarını 23 min ton azaltmaq olar. Rəsmi mənbələrə istinad etsək, ölkəmizdə külək enerjisinin illik potensialı 800 Mvt, başqa sözlə isə 4 milyard kvt/saat təşkil edir. Bu isə öz növbəsində ildə 1 milyon ton şərti yanacağa qənaət edilməsi, atmosferə 3,7 milyon ton karbon qazının atılmasının qarşısını almaq deməkdir.

Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bərpaolunan enerji növlərinin ölkənin ümumi generasiya gücündəki payının artmasının əhəmiyyətini belə qeyd edib: “Bu ilin yanvar ayında önəmli hadisə baş verib. İki böyük xarici investor Azərbaycan ilə bərpaolunan enerji növlərinin istehsalı üzrə niyyət protokolu imzalanıb. Əslində, bu, icra müqaviləsi adlandırılır və il ərzində, bir neçə ay ərzində bu müqavilələr üzərində daha müfəssəl iş aparılacaq. Əminəm ki, bu ilin sonunda müvafiq kontraktlar da imzalanacaq. Bu məsələnin çox böyük əhəmiyyəti var. Çünki bu, sırf xarici sərmayə hesabına istehsal ediləcək bərpaolunan enerji növləridir. Əlbəttə ki, mən bunu giriş sözümdə də demişəm, əgər bizim kredit reytinqimiz yüksək olmasa idi, biznes mühitinə görə Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınmasaydı, xarici investorlar vəsait qoymazdılar. Mən o böyük şirkətlərin rəhbərləri ilə görüşərkən onu da yəqin etdim ki, bu qərarın əsas səbəbi ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq və Azərbaycanın uzunmüddətli inkişafına investorların inamıdır. Bunlar çox böyük layihələrdir. İki elektrik stansiyası tikiləcək - biri külək, biri günəş. Bu iki stansiyanın ümumi generasiya gücü 440 meqavat səviyyəsindədir, çox böyük stansiyalardır. Təqribən, 400 milyon dollara qədər xarici sərmayə qoyuluşu nəzərdə tutulur. Ona görə əminəm ki, bundan sonra digər investorlar da maraq göstərəcəklər. Deyə bilərəm ki, bu layihəni icra etmək üçün bizə dünyanın 9 aparıcı şirkətindən müraciətlər daxil olub. Artıq, əgər belə demək mümkündürsə, kənarda qalmış şirkətlərlə də fərdi qaydada iş aparılır, onlar üçün yeni təkliflər hazırlanır. Əminəm ki, bərpaolunan enerji növlərinin ümumi generasiya gücümüzdəki payı getdikcə artacaq və artmalıdır”.

Xatırladaq ki, yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və Günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

“Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə imzaladığı Sərəncama uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq intensiv müzakirələr aparılıb. “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib. İlk mərhələdə ölkədə müəyyənləşdirilmiş tariflərə uyğun qiymət təklifləri təqdim edən şirkətlər seçilib. İkinci mərhələdə investorlara verilməsi nəzərdə tutulan zəmanətlər və götürüləcək öhdəliklər, layihələrin həyata keçiriləcəyi ərazilər, habelə elektrik enerjisi şəbəkəsində aparılacaq gücləndirmə işləri üzrə ən əlverişli təklifləri verən şirkətlər seçilib. Üçüncü mərhələdə isə seçilmiş şirkətlərlə şərtlərin daha da dəqiqləşdirilməsi və layihələrin iqtisadi cəlbediciliyinin artırılması məqsədilə danışıqlar aparılıb və bu mərhələnin yekunu olaraq, ötən il oktyabrın 31-də şirkətlərin təklifləri olan zərflər açılıb. “ACWA Power” və “Masdar” şirkətləri ilə pilot layihələr üzrə əməkdaşlığa dair qərar qəbul edilib.

Bu iki böyük investorla imzalanan müqavilə sayəsində Azərbaycan regionda ən böyük günəş və külək elektrik stansiyalarını quracaq. Hazırda bərpaolunan enerjinin ölkənin enerji balansındakı payı 17-18 faizdir və uzunmüddətli strategiya nəticəsində bu göstərici ən azı 30 faizə çatacaq.

Sevinc Azadi, “İki sahil”