22 may 2019 10:11
1651

Azərbaycan regionun logistik mərkəzinə çevrilib

“Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır.”

Reallaşan enerji və nəqliyyat layihələrinin əhəmiyyətini diqqətə çatdıran  Prezident İlham Əliyev dünya iqtisadi sisteminə inteqrasiya olunan Azərbaycanın beynəlxalq əlaqələrinin, ticari əməkdaşlığının genişlənməsində, biznesin inkişafında  Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bu sözləri ilə  vurğulayır. Azərbaycan-Türkiyə-Gürcüstan birgə əməkdaşlığının nəticəsi olan və qitələri birləşdirən, ən sərfəli nəqliyyat dəhlizi adlandırılan bu  layihə ilə  yükdaşımaların daha əlverişli şərtlərlə başa gəlməsi BTQ-yə marağı artırır.

Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən,  Azərbaycanın təşəbbüsü ilə  gerçəkləşən  neft-qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars  dəmir yolunun istifadəyə verilməsi ilə  qədim İpək Yolu  da bərpa olundu.

Cari ilin ilk ayında  keçirilən Davos Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda  keçirilən sessiyada iştirak edən Prezident İlham Əliyev   beynəlxalq əhəmiyyətli  infrastrukturun yaradılmasının mahiyyət və əhəmiyyətindən ətraflı bəhs edərək bildirmişdir ki, yolların, magistralların, hava limanlarının tikintisi üçün mühüm layihələrə sərmayə yatıran Azərbaycan üçün BTQ tərəfdaş ölkələrə iqtisadi səmərə gətirməklə   xalqları yaxınlaşdıran, bölgədə sabitliyi təmin edən  mənəvi körpüdür.

Forumda    Azərbaycanın  Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsi ilə bağlı  mövqeyini Çinin  CGTN televiziyasına verdiyi müsahibəsində şərh edən,  artıq dünya iqtisadiyyatının aparıcı üzvlərindən olan  Çinlə əməkdaşlıqda maraqlı olduğunu bildirən Prezident İlham Əliyev vurğulamışdır ki,  Azərbaycanın,    xüsusilə Avropa dövlətlərinin iqtisadiyyatına  önəmli təsir imkanları olan belə infrastruktur layihələrinin reallaşması hər zaman aktualdır.

Dünya iqtisadi sistemində bir həqiqət danılmazdır ki,  enerji və nəqliyyat layihələri  beynəlxalq aləmdə və regionlarda tamamilə yeni siyasi vəziyyət yaradır.  Eyni zamanda  dövlətlər arasında  münasibətlərin, əməkdaşlığın güclənməsinə stimul verir, əldə olunan sərmayələr paylaşılır.

Pekində keçirilən  II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Prezident İlham Əliyev 150 ölkə tərəfindən dəstəklənən, bir neçə beynəlxalq  təşkilatın daxil olduğu bu  layihənin regional inkişafa töhfə verdiyini vurğulayaraq bildirmişdir ki, bu cür təşəbbüslər   biznesin inkişafına da dəstəkdir. Azərbaycanla Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanmasını xatırladan cənab İlham Əliyev diqqətə çatdırıb ki,   Azərbaycanda müasir  nəqliyyat və logistika infrastrukturu yaratmaqla ölkəmizi yalnız mühüm nəqliyyat mərkəzinə çevirmədik: “Eyni zamanda  biz, Şərq-Qərb və  Şimal- Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik... “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarət, turizm, xalqlar arasında təmasları təşviq və Avrasiya məkanında  sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.”

Ötən il istifadəyə verilən Lapis-Lazuli marşrutu Bakı-Tbilisi- Qars dəmir yolu xəttinə birləşərək Azərbaycanın  tranzit potensialını daha da artırır.  Azərbaycanın nəqliyyat infrastrukturuna  növbəti töhfəsi 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Beynəlxalq  Ələt  Dəniz Limanı  oldu.  Gələcəkdə limanın imkanları 25 milyon ton yükdaşımaya, 1 milyon konteynerə çatdırılacaq.   

“Bir kəmər, bir yol” təşəbbüsünün üzvü olan ölkələrin maliyyə imkanlarının son beş ildə əlli faiz çoxalması gələcəkdə  daha böyük rəqəmlərdən,  səmərəli iqtisadi əməkdaşlıqlardan söz açmağa əminlik yaradır. Bölgələrdə sabitliyə, təhlükəsizliyə xidmət edən, geosiyasi əsası olan istənilən enerji, nəqliyyat  layihələrinin  qarşılıqlı əməkdaşlıqda  rolunun artması Azərbaycanın təşəbbüsü ilə  dəstəklənən Cənub Qaz Dəhlizinin  seqmentlərinin istifadəyə verilməsi ilə təsdiqlənib.

Qlobal layihələrin çəkilişini şərtləndirən başlıca amil   regional əməkdaşlığın  qarşılıqlı münasibətlərə əsaslanmasıdır. Əks halda  hasilatçı, tranzit ölkələrin  bu layihələrdən faydalanma əmsalından söhbət gedə bilməz: “Bizim qonşularımız, onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və bayaq dediyim kimi, biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq.”

Azərbaycan   Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməklə    dövlətlərarası münasibətlərdə  faydalı əməkdaşlığın vacibliyini  diqqətə çatdırır. Azərbaycan  yükdaşımalarda  logistik mərkəz rolunu oynamaqla  regional əhəmiyyətini  artırır.  “Dəmir İpək Yolu”  layihədə iştirak edən ölkələrin iştirakı ilə  yaradılan  formatın birgə uğuru,  dəmir yolunun   inşası üçün iradəsini ortaya qoyan tərəfdaş dövlətlərin müştərək birliyinin  dünya  iqtisadiyyatına verdiyi töhfədir.

Çindən başlayaraq Transsibir magistralı ilə daşınan yükləri  Gürcüstandan keçərək İstanbula çatdıracaq, oradan isə  Avropaya istiqamətləndiriləcək layihə əsas tranzit mərkəzinə çevrilməklə iqtisadi səmərəlilik baxımından da diqqəti cəlb edir. Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələrinin yüklərini daha sərfəli qiymətlərlə,  asan və tez müddətdə ünvanına çatdıracaq bu yol dünya nəqliyyat sektorunda böyük önəm daşıdığını təsdiqləyib.

Ölkəmizin təşəbbüsü və  başçılığı ilə Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TBNM) kimi  layihələr təkcə iqtisadi səmərəsi ilə deyil,  ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da  diqqət çəkir. Reallaşan hər bir layihə isə respublikamızın  dünya birliyində  siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir.

Açıqlamalara görə,  Şərqlə Qərb arasında il ərzində təxminən, 40 milyona yaxın  konteynerlərlə müxtəlif yüklər daşınır. Azərbaycan isə artıq həmin yüklərin daşınmasında mühüm halqalardan birinə çevrilir. İlkin hesablamalara görə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə il ərzində 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu təxminən, ildə 250-300 milyon dollar deməkdir. Ümumiyyətlə, bu layihələrin reallaşması nəticəsində yüklərin Çin, Hindistan, Fars körfəzindən, Pakistan, İran Azərbaycan, Gürcüstan üzərindən keçməklə, şimalda Rusiya və oradan Avropaya, qərb istiqamətində isə Gürcüstan və Türkiyə üzərindən Avropaya, əksinə yüklərin daşınmasına imkanlar yaranacaq.

Azərbaycan  Çinin “Bir kəmər, bir yol” strategiyasının iki istiqamətindən biri olan və tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutur.  Ukrayna, Baltikyanı ölkələr, Polşa, Bolqarıstan, Rumıniya, Moldova və digər ölkələrdən yükləri cəlb etməklə bu xəttin rentabelliliyi təmin ediləcək

Dövlət başçımızın vurğuladığı kimi,  başlıca hədəf Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirmək, siyasi, iqtisadi və maliyyə imkanlarının artırılması üçün  fəal əməkdaşlıq və qarşılıqlı dəstəyə nail olmaqdır.

Xuraman İsmayılqızı, “İki sahil”