15 oktyabr 2019 19:45
839

Azərbaycan-Rusiya tandemi Ermənistanın qorxu mənbəyi kimi...

Azərbaycan - Rusiya strateji  tərəfdaşlıq münasibətlərinin inkişafında gündən -günə artan dinamika bu günlərdə Ermənistan mətbuatının əsas mövzularındandır. İşğalçı ölkənin mətbuatında  Azərbaycanla Rusiya arasında müxtəlif sferalarda əlaqələrin dərinləşməsi fonunda Ermənistanın xarici siyasət sahəsindəki uğursuzluğu, xüsusilə də rəsmi Yerevanın Moskva ilə münasibətlərindəki böhranın heç cür aradan qalxmadığı vaxtaşırı kəskin yazılarda öz əksini tapır. 

“Armenianreport.com” saytının şərhçisi Razmik Akopcanyan Azərbaycanın dövlət başçısı İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında söylədiyi nitqi yenidən xatırladaraq Rusiya-Azərbaycan münasibətlərinin strateji xarakterinə nəzər salıb. Azərbaycanın Rusiya ilə əməkdaşlığının  artan sürətlə inkişaf etməsindən narahatlığını ifadə edən şərhçi bu münasibətləri tandem adlandırıb. Şərhçi Azərbaycan Prezidentinin “Valday” Diskussiya Klubunun sözügedən sessiyasındakı  nitqini təhlil edərək Azərbaycan-Rusiya tandeminin artıq Ermənistan üçün böyük təhlükə kəsb etdiyini bildirib.

Yazısında Ermənistan - Rusiya münasibətlərinin uzun müddətdir dalana dirənməsini xatırladan müəllif bunun baş verməsində ölkəsinin baş naziri Nikol Paşinyanın uğursuz siyasətini səbəb göstərib: “Bəli, gərək etiraf edək ki, Paşinyan ermənilərin Saakaşvilisi ola bilmədi. Paşinyan nəinki Rusiya ilə mövcud münasibətləri qoruyub saxlaya bilmədi, üstəlik nə Avropa, nə də Amerika ilə münasibətlərdə yeni səviyyə yarada bilmədi”. 

Görünən budur ki, postinqilabi Ermənistanda dəyişən sadəcə forma və fiqurlardır, mahiyyət əvvəlki kimi qalıb. Yenə də ölkədə işsizliyin və yoxsulluğun səviyyəsini göstərən rəqəmlər böyüməkdə davam edir, səfalət gündən - günə artır, vaxtaşırı Yerevan küçələrində iğtişaşlar baş qaldırır, etiraz aksiyaları keçirilir.  Ermənistan xarici və daxili siyasət sahəsində də silsilə uğursuzluqlar zəncirindən asılı qalıb. Ermənistanın yürütdüyü  işğalçılıq siyasətinə məqsədli şəkildə regional layihələrdən kənarlaşdırılması, üstəlik, hakimiyyət daxilində “Yerevan” və “Qarabağ” klanlarının bitməyən çəkişməsi təcavüzkar  ölkənin yolunun qaranlıq olduğunu göstərir...

Sevinc Abdullayeva, “İki sahil”