26 noyabr 2019 10:53
1489

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir

Süqutuna qədər 2000 il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək Yolu (Qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. E.ə. II əsrdə açılıb) öz tarixi mahiyyətinə yenidən qovuşaraq mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamaqla yanaşı, yer üzünün gələcək siyasi quruluşunun formalaşmasına öz mühüm təsirini göstərməyə başlayıb.

İstər iqtisadi-yerüstü və yeraltı sərvətləri, istərsə də tarixi-mədəni cəhətdən, həmçinin coğrafiyasının geopolitik arenada xüsusi əhəmiyyətə malik olması nöqteyi-nəzərdən Azərbaycan Böyük İpək Yolu layihəsinin formalaşmasında daha çox əhəmiyyətə malik olub. Böyük İpək Yolunun ilk şaxəsi vaxtilə Cənubi Azərbaycan ərazisindən keçdiyindən Beyləqan, Dərbənd, Qəbələ, Naxçıvan, Gəncə, Şəki və Şirvanda ipəkçiliyin inkişafına xüsusilə təsir göstərib. Eyni zamanda, bu marşrutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, brilyant, mirvari və s. məmulatlar daşınıb. Əvəzində, tacirlər Avropadan Şərq ölkələrinə qalay, sink, civə, mahud parça və başqa məhsullar aparırdılar.

Bu gün də Şərq və Qərb arasında xüsusi əhəmiyyətə malik olan ölkəmiz həm iki qitə arasında ticarət əlaqələrinin genişlənməsində tranzit kimi, həm də iri enerji layihələrinin icrasında tərəf olaraq xüsusi çəkiyə malikdir. Ulu öndər Heydər Əliyev Azərbaycanın coğrafi və iqtisadi imkanlarını düzgün qiymətləndirərək, ölkəmizin beynəlxalq ticarət daşımalarında fəal iştirakı ilə bağlı əməli işlər görmüşdü. Bu istiqamətdə onun təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda 13 beynəlxalq təşkilat və 32 dövlət nümayəndə heyətlərinin iştirakı ilə “TRACECA - Tarixi İpək Yolunun Bərpası” Beynəlxalq Konfransı keçirilib. Məhz bu önəmli toplantıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq tranzit daşımalarının daha səmərəli təşkilinin hüquqi əsasları qoyulub.

Bu gün Azərbaycan yürütdüyü balanslaşdırılmış siyasət nəticəsində dünya dövlətləri ilə ən yüksək səviyyədə münasibətlər qurur, iqtisadi, siyasi, hərbi əməkdaşlığını möhkəmləndirir. Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyi və nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yük daşımalarında mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır. Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” (One Road One Belt) təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

Xatırladaq ki, bu ilin aprel ayında Çinin paytaxtı Pekin 37 dövlət və hökumət başçısının (Azərbaycan Prezidenti İlham Əliyev ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən məhdud sayda dövlət başçılarından biri olub), beynəlxalq və regional təşkilatların rəhbərlərinin iştirak etdiyi ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna ev sahibliyi etdi. Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin 2013-cü ildə elan etdiyi “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası tarixi İpək Yolu üzərində yerləşən dövlətlər də daxil olmaqla Çinin xarici ölkələrlə qarşılıqlı əlaqələrinin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlib. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”.

Prezident İlham Əliyev ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun dövlət başçıları səviyyəsində “Daha parlaq birgə gələcəyin qurulması” mövzusunda çıxışında ölkəmizin “Bir kəmər, bir yol”a verdiyi dəstəyə və bu çərçivədə əməkdaşlıq imkanlarına toxunaraq deyib: “Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir”.

Çin “Bir kəmər, bir yol” strategiyası ilə özünün dəmir yolu əlaqələrini sürətlə şaxələndirməkdədir. Bu strategiya Çin, Asiya, Yaxın Şərq və Avropanı bir-birinə birləşdirən böyük bir nəqliyyat, investisiya, enerji və ticarət şəbəkəsini formalaşdırmağı hədəfləyir. Xatırladaq ki, cari il iyulun 6-da “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Sian-Bakı blok qatarının Azərbaycanda təntənəli qarşılanma mərasimi baş tutdu. Sian-Ankara marşrutunda qatarın mənzil başına qrafik üzrə çatması Bakı-Tbilisi-Qars dəmir yolunun qazandığı növbəti uğurdur. Noyabrın əvvəllərində isə Avrasiyanın tarixinə yazılacaq daha bir mühüm hadisə baş verdi. Belə ki, “China Railway Express” (“Çin Dəmiryolu Ekspresi”) yük qatarı Azərbaycandan keçərək Avropaya çatdı. Qeyd edək ki, Çindən Avropaya fasiləsiz hərəkət edən ilk yük qatarı olan “China Railway Express” 2 qitə, 10 ölkə, 2 dənizi aşaraq 11483 kilometrlik yolu 12 günə qət edəcək, sonda Çexiyanın paytaxtı Praqaya çatacaq. Yüklərin Bakı-Tbilisi-Qars dəmiryol marşrutu ilə, İstanbuldakı “Marmaray” tunelindən yararlanmaqla ortaq nəqliyyat dəhlizi ilə daşınması digər beynəlxalq marşrutlarla müqayisədə zamana və maliyyəyə xeyli qənaət etməyə imkan verəcək.

“Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

Sevinc Azadi, “İki sahil”