27 may 2019 11:45
1372

Azərbaycan Şərq Tərəfdaşlığı Proqramının fəal iştirakçısıdır

Avropa İttifaqına daxil olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyan ölkəmizin təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrini dəstəkləyən, imzalanan Anlaşma Memorandumunu yüksək dəyərləndirən Aİ rəsmiləri ölkəmizlə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını da bildirirlər.

Neft strategiyasının həyata keçirilməsi nəticəsində reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum neft-qaz layihələrinin davamı olan sonrakı layihələrdə də mühum rol oynayan Avropa təsisatları ölkəmizdə aparılan demokratik islahatları da yüksək dəyərləndirirlər.  2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə əlaqədar imzalanan Birgə Bəyannamə, Aİ-nin layihənin inşasında yaxından iştirakı  əməkdaşlığı şərtləndirən amillərdəndir. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son illərdə ənənəvi olaraq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları, avropalı rəsmilərin toplantılarda yüksək səviyyədə təmsilçiliyi, göstərilən maliyyə dəstəyi əməkdaşlıq formatını genişləndirir. “Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək” söyləyən dövlət başçımız İlham Əliyev Cənub Qaz Dəhlizinin inşasında iştirak edən Azərbaycanı, Gürcüstanı, Türkiyəni, Bolqarıstanı, Yunanıstanı, Albaniyanı, İtaliyanı  əməkdaşlıq formatının üzvləri adlandırır.

“Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır” söyləyən cənab İlham Əliyev daha üç Balkan ölkəsinin - Bosniya və Herseqovinanın, Xorvatiyanın və Monteneqronun formatda iştirak istəklərini Azərbaycanın qitə dövlətləri ilə münasibətlərinin genişlənən coğrafiyası kimi dəyərləndirir.

Bu maraqlar bir daha göstərir ki, hazırda enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində önəmi ilə fərqlənir və ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.

Enerji layihələrinin şaxələndirilməsi dövlətlərarası münasibətləri gücləndirməklə regional təhlükəsizliyə də töhfələr verir, yeni iş yerlərinin açılması imkanlarını artırır. Avropada etiraf olunur ki, yeni mənbə olan Cənub Qaz Dəhlizi qitənin enerji xəritəsini yeniləyən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Azərbaycan -Aİ əməkdaşlığı təkcə siyasi, iqtisadi münasibətlərlə məhdudlaşmır.

Azərbaycanın təşəbbüsü ilə keçirilən “Bakı Prosesi””ndə İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına daxil olan ölkələrin mədəniyyət nazirlərinin birgə iştirakı Azərbaycanı humanitar platforma kimi tanıtmaqla mədəniyyətlərarası dialoqların, forumların təşkilini də təmin edir. Beynəlxalq tədbirlərdə etnik və dini zəmində gərginliyin azaldılmasına, dünyada ksenofobiya hallarının aradan qaldırılmasına həsr olunmuş aktual məsələlərin müzakirəsi və BMT tərəfindən dəstəklənməsi ölkəmizin dünya birliyində mövqeyini möhkəmləndirir . “Bakı Prosesi”ni misilsiz beynəlxalq platforma adlandıranlar bir həqiqəti də qeyd edirlər ki, müsəlman dünyasını Avropa dövlətləri ilə birləşdirən Azərbaycan sivilizasiyalar və dinlərarası qarşılıqlı anlaşma tribunasıdır.

Müsəlman aləmində, Avropada multikulturalizmlə, İslam həmrəyliyi ilə bağlı gedən proseslərin müəyyən narahatlıq doğurduğu müasir dövrümüzdə ölkəmizdə keçirilən humanitar forumlara dünya birliyi tərəfindən yüksək qiymət verilməsi və diqqət yetirilməsi göstərir ki, mahiyyəti dünya ictimaiyyətini sülhə çağırış olan  Azərbaycanın təcrübəsinə, humanitar təşəbbüslərinə böyük ehtiyac var.

Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitlərində əsasən regional əməkdaşlıq məsələləri müzakirə olunur, siyasi, ticari əlaqələrin genişləndirilməsi ilə bağlı təkliflər nəzərə alınır. 2017-ci ildə keçirilən sammitdə konkret məqsədlərə nail olmağı, bərabər tərəfdaşlığı tövsiyə edən “2020-ci il üçün 20 nəticə” adlı sənədin dəstəklənməsi görüləcək işlərin proqram üzrə tətbiqini şərtləndirəcək. 

Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, son illərdə ölkədə aparılan önəmli islahatlar, təkmilləşdirilmiş biznes mühitinin yaradılması, respublikamızın Dünya Bankı tərəfindən dərc edilmiş “Doing Business” hesabatında 25-ci, Davos Dünya İqtisadi Forumunun qiymətləndirilmələrinə uyğun olaraq 35-ci yerdə dayanması inkişafın Azərbaycan modelinin özünü doğrultmasıdır.

Coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında təbii körpü olan,  həmişə regional və transregional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı kimi dünya iqtisadiyyatına töhfələr verən Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsindəki çoxtərəfli müstəvidə mühüm yer tutur. Trans- Avropa Şəbəkəsinin xəritələrinin Azərbaycana və Asiyaya qədər genişlənməsində, nəqliyyat və ticarət dəhlizlərinin yaradılmasında zəngin potensiala malik ölkəmizin təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu enerji layihələri qədər əhəmiyyətlidir. Gürcüstandan, Ukraynadan, Polşadan, Rumıniyadan, Avstriyadan , Almaniyadan olan bəzi logistika şirkətləri artıq Azərbaycanla birlikdə regional ticarət dəhlizlərində təmsil olunurlar. Ölkəmizlə Niderland, Belçika, İtaliya, Ruminiyanın bəzi limanları arasında etibarlı tərəfdaşlıq münasibətləri yaradılıb.

Bu günlərdə Brüsseldə təşkil olunan Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində iştirak edən Prezident İlham Əliyev maraqlı görüşlər keçirib. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan  Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdəndir .

Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatda təmsil olunan dövlətlər ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişilməz mövqeyini  bir daha bəyan edən cənab İlham Əliyev vurğulayıb ki, Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” adlı “ sənəddə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Ərazi bütovlüyü məsələsi Helsinki Yekun Aktının prinispləri əsasında müəyyənləşdirildiyi üçün məsələ  müzakirə mövzusu deyil. Azərbaycan xalqının milli maraqlarının ifadə olunduğu məsələlərdə heç vaxt güzəştdən söhbət gedə bilməz.

Azərbaycan ilə Aİ arasında davam edən ticari əlaqələrdə də tərəflərin maraqları qorunur.  Dünya ticarətində payı 16 faizi təşkil edən Aİ-yə daxil olan ölkələrin 30 milyona yaxın əhalisi ixrac yönümlü proseslərdə iştirak edir. Aİ-nın vəzifəsi onların maraqlarını qorumaqdır.

Cəlbedici bazar olan, müəyən üstünlüklərə malik Azərbaycanla ticari əlaqələrin genişləndirilməsi Aİ kimi, ölkəmiz üçün də vacibdir.

Dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycan şirkətlərinin məqsədi, marağı dünya, Avropa bazarlarında tanınmaq, alıcı toplamaqdır. Siyasətinin təməlində Azərbaycan xalqının, vətəndaşlarının maraqlarının üstünlük təşkil etdiyi ölkəmizdə əhalinin siyasi  təhlükəsizliyi kimi, ərzaq təhlükəsizliyi də sosial məsələ kimi mühüm əhəmiyyətə malikdir. Ticari əlaqələrin genişlənməsi ilə bağlı müzakirələrdə iştirak edən tərəflərin öz mənafelərini qorumaları təbiidir. Aİ ölkələri Azərbaycanda, Azərbaycan şirkətləri isə qitə dövlətlərində geniş bazarlara malik olmaq istəyirlər və özlərinə məxsus baxışları, seçimləri vardır. Ölkələrarası tariflərin tətbiqində də fərqlilik mövcuddur. İxrac olunan məhsullar sağlamlıq, təhlükəsizlik standartlarına cavab verməlidir. Azərbaycan şirkətləri istehsal etdikləri məhsulları Avropa bazarlarına çıxarmaq istəyirlərsə Aİ-nin tələb etdiyi konkret standartlara əməl etməlidirlər. Bunun üçün isə ümumi istehsal prosesi həmin standartlara uyğunlaşdırılmalıdır ki, bu da əlavə resurslar, xərclər deməkdir. Ən ümdə məsələ isə bazara rəqabətqabiliyyətli məhsulların təklif olunması, avropalı alıcıların rəğbətinin qazanılmasıdır. Bir neçə ölkədə Azərbaycan brendi ilə tanınan məhsulların satışını təmin edən “Ticarət evləri”nin yaradılması perspektivlərin ümidverici olduğunu göstərir. Daim qarşılıqlı əməkdaşlığa önəm verən Azərbaycan bu sahədə də sağlam, sistemli və dayanıqlı tərəfdaşlığın möhkəmlənməsində maraqlıdır. Əsas odur ki, Aİ ilə dostluq münasibətləri mövcuddur və Sazişin olub olmamasından asılı olmayaraq ticarət əlaqələri genişləndirilsin, bütün məsələlər konstruktivlik şəraitində həllini tapsın.

Xuraman İsmayılqızı, “İki sahil”