20 iyun 2020 10:58
1987

Azərbaycan Şərq Tərəfdaşlığının fəal ölkəsidir

Dövlətimizin başçısı İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində növbəti dəfə Ermənistanın işğalçılıq siyasətini ifşa etdi

Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər quran Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuz qazanması, ən əsası dünyada cərəyan edən proseslərə təsir imkanlarının genişlənməsi, söz sahibliyi, sözünün də imzası qədər dəyərinin olması bugünümüzün reallıqlarıdır. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti bu kimi məqamlara bir daha aydınlıq gətirdi.

Dövlətimizin başçısı İlham Əliyev Sammitdəki nitqində Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının dünəninə və bu gününə bir daha diqqət yönəldərək qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəfləri açıqladı. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, 2018-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına rəsmi səfəri zamanı “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanıb. Bu sənəd Azərbaycanla qurum arasında bütün istiqamətlərdə mövcud imkanların aydın mənzərəsini yaradır. “Tərəfdaşlıq prioritetləri” sənədinin birinci bəndində vurğulanır ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Həmçinin sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir.

Prezident İlham Əliyev növbəti dəfə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa etdi

Sammitdəki nitqində “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir” söyləyən dövlətimizin başçısı İlham Əliyev Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonunun 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olduğunu tədbir iştirakçılarının bir daha diqqətinə çatdırdı.

Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından erməni yalanlarını faktlar əsasında ifşa edir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha dönya ictimaiyyətinin diqqətinə çatdırır. İşğalçı Ermənistan hər zaman fakt qarşısında acizliyi ilə diqqət çəkib. Ötən il Azərbaycanın BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurlarımız sırasındadır. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı, “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi Azərbaycanın xarici siyasət uğurlarının təqdimatıdır. Azərbaycan haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə olaraq dünya birliyində yeri və rolunu günbəgün artırır. Dövlətimizin başçısı İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitindəki nitqində bir daha bu reallığı diqqətə çatdırmışdır ki, danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında yeri və rolu Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində də əsas diqqət çəkən və müzakirə edilən məsələ olmuşdur. “On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq. Ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş və onu maliyyələşdirmişdir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki, Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir.

Qeyd etdiyimiz kimi, xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verən Azərbaycan Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əlaqələri daim inkişaf etdirir, yeni prioritetlər müəyyənləşdirir. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə əlaqələrimiz müxtəlif sahələrdə uğurla inkişaf edir. Şübhəsiz ki, qarşılıqlı səfərlər münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verməklə yanaşı, hər bir ölkənin malik olduğu imkanların təqdimatında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır.

Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynadığını diqqətə çatdıran Avropa İttifaqının, həmçinin quruma üzv dövlətlərin təmsilçiləri bildirirlər ki, Cənub Qaz Dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Azərbaycan Avropa İttifaqına heç vaxt bu qədər yaxın olmayıb. Onun iqtisadiyyatı Avropa bazarları ilə sıx inteqrasiya olunub və bizim əlaqələrimiz daha geniş, münasibətlərimiz isə daha fəaldır. Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir.

Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Dövlətimizin başçısının Sammitdəki nitqində də bu fikir xüsusi qeyd olunur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və investorlarından biridir. Azərbaycanın ticarətinin təqribən 50 faizi Avropa İttifaqına üzv dövlətlərin payına düşür.

Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Hər bir səfəri çərçivəsində keçirilən görüşlərdə, beynəlxalq tədbirlərdəki nitqlərində Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir. Azərbaycan uzun müddətdir ki, Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır.

2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə yanaşı, onun əsas seqmentlərindən olan TANAP istifadəyə verildi, 2019-cu ildə Avropa sərhədinə çatması qeyd olundu. Digər hissəsi olan TAP-ın istifadəsi isə cari ilə nəzərdə tutulub. “TAP Azərbaycan, Yunanıstan, İtaliya və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir. İtaliya rəsmiləri də Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsini alqışlayaraq bildirmişdilər ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsi yolunda mühüm addımdır. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son altı ildə Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Cari ildə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında Avropa Komissiyasının nümayəndəsi Klaus-Diter Borxardtın çıxışında bildirmişdir ki, ümumilikdə, əməkdaşlıq, eləcə də Cənub Qaz Dəhlizi ilə bağlı gələcək əməkdaşlıq Cənub Qaz Dəhlizinin bizim hamımızın qürur duyduğu layihə olaraq qalmasını təmin etmək baxımından həyati əhəmiyyət kəsb edir.

Sammit yardım dilənən Ermənistanla qlobal səviyyədə humanitar missiya yerinə yetirən Azərbaycan arasında fərqə bir daha işıq saldı

Dövlətimizin başçısı İlham Əliyev Sammitdə Azərbaycanın koronavirusa qarşı mübarizə tədbirlərindən geniş bəhs edərək istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə atılan addımları diqqətə çatdırdı. “Koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bizə vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş videoformat şəklində Zirvə görüşünü təşkil etmişdir. Avropa İttifaqı və Afrika İttifaqının həmin tədbirə qoşulmalarını yüksək qiymətləndirən cənab İlham Əliyev bu inamı ifadə edib ki, bu, Avropa İttifaqı və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaq.

 Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın uğurlu inkişafına, dünyaya birlik, həmrəylik çağırışlarına uyğun olaraq atdığı addımlara, göstərdiyi humanitar yardımlara işıq salan bu kimi qürurverici fikirlərinin ardınca Ermənistan baş naziri N.Paşinyanın dilənçiliyi diqqətdən kənarda qalmadı. Paşinyan Aİ-nin koronavirusla bağlı Ermənistana 92 milyon avro həcmində yardım ayırmasını yüksək qiymətləndirməklə bir daha xaricdən yardım diləndiyini nümayiş etdirdi. Dilənci Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil.

Yeganə Əliyeva,

“İki sahil”