20 avqust 2019 22:41
1483

 Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur

 Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev  «Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: Problemin mənbələri və nizamlanma perspektivləri»  kitabında da  bu mühüm məqamı xüsusi qeyd edib ki, bu illər ərzində  döyüş meydanında  «qələbə» qazandıqlarını düşünüb bunu diplomatik sahədə   möhkəmləndirmək ümidi ilə yaşayan ermənilər uduzduqlarının fərqində olmalıdırlar 

    «Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikri də böyük inamla qeyd edir ki, biz inkişaf yolundayıq. Qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız  inkişaf yolu ilə gedəcək. Ermənistan  Azərbaycanla  heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir.  Aprel döyüşləri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu  möhkəmləndirir,  Azərbaycan xalqını tam əmin edir ki,  Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır.» Dövlətimizin başçısı ötən il Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli  mərasimdə uğurlarımıza söykənərək bu əminliyi də diqqətə çatdırmışdır ki,  gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı  Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.   

     Müharibə şəraitində yaşayan ölkə olaraq hərbi qüdrətimizin möhkəmləndirilməsi əsasdır. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü ordunun olması əsasdır. Silahlı Qüvvələr Günündə  keçirilən hərbi paradlar da ordumuzun hansı gücə, qüdrətə malik olduğunu bir daha nümayiş etdirir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi  münasibətilə keçirilən hərb paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunmuşdur.

     Dövlətimizin başçısı İlham Əliyev reallığı özündə əks etdirən bu  statistik rəqəmləri də diqqətə çatdırır ki,   son illər ərzində  20-dən çox hərbi  zavod yaradılmışdır. Bu zavodlarda  1200 adda hərbi təyinatlı  müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda,  artıq hərbi məhsullarımızı ixrac etməyə  başlamışıq. Ordumuzun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.

     Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin siyasətinin əsasında dayanan mühüm tezislərdən biri sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olmasıdır. 2016-cı ilin aprel, 2018-ci  ilin isə Naxçıvan qələbələri   Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu inamı ifadə edir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb variantını seçəcəyi təqdirdə də qələbəsi şəksizdir.

     İşğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil.  Bu fakt inkaredilməzdir ki, Ermənistan xarici ianələrdən asılı olan ölkədir. İşğalçı dövlətin büdcəsinin 70-80 faizi erməni lobbisinin ayırdığı vəsaitlər hesabına formalaşır. Belə bir vəziyyətdə olan dövlətin güclü iqtisadiyyatdan və ordudan danışması gülüncdür.  Xalqımız əmindir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli  həllini tapacaq, hər sahədə davamlı uğurları ilə  seçilən, inkişaf strategiyası nümunə göstərilən Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcək.

    2016-cı il aprel döyüşlərinin üç illiyi münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olan dövlətimizin başçısı İlham Əliyev bu fikri böyük ruh yüksəkliyi ilə qeyd etmişdir ki, son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir: «Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır. Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır.»

   Qeyd edək ki,  Prezident Administrasiyasının rəhbəri, akdaemik Ramiz Mehdiyevin  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinə  elmi-tarixi və fəlsəfi müstəvidə baxış kimi dəyərləndirilən «Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: Problemin mənbələri və nizamlanma perspektivləri»  kitabında da münaqişənin əsl mahiyyəti əsaslı şəkildə diqqətə çatdırılır və bu fikir xüsusi vurğulanır ki,  problem ədalətli şəkildə nizamlanmayana qədər Ermənistanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verməyəcək. Müəllif yazır: «Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan «qələbə»ni tezliklə diplomatik sahədə  möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək,  onların sosial-iqtisadi inkişafında  fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq.»

    Diplomatik mübarizədə davamlı uğurlara imza atan Azərbaycanın  iqtisadi imkanlarının genişlənməsi fonunda  müdafiə qabiliyyətinin gücləndiyi göz önündədir. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var. Eyni zamanda, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Bu gün hər bir Azərbaycan  əsgəri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyir. Cənab İlham Əliyevin «Bir qarış torpağımız belə düşmənə  verilməyəcək» bəyanatı işğalçı dövlətə havadarlıq edən  dünya dövlətlərinə və təşkilatlara ciddi mesaj olmaqla yanaşı, Azərbaycan əsgərində məsuliyyət hissini, ən əsası döyüş ruhunu və gücünü artırır. Dağlıq Qarabağ münaqişəsinin həllində  əsas olan üç amil - xalqın iradəsi, dövlətin qətiyyəti və beynəlxalq dəstək göz önündədir. Ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edən dövlətimizin başçısı İlham Əliyev bu bəyanatı da səsləndirir ki, xalqın iradəsindən kənarda heç bir qərar qəbul oluna bilməz. Təbii ki, ölkə Prezidentinin bu kimi bəyanatları ictimai fikri çaşdırmaq, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasəti gözdən salmaq üçün əsassız fikirlər səsləndirən daxili bədxahlarımıza cavabdır. Münaqişənin həllində üçüncü amil olan beynəlxalq dəstək dövlətimizin uğurlu xarici siyasəti nəticəsində günbəgün artmaqdadır. Problemin həlli üçün möhkəm hüquqi baza mövcuddur.

        Hərbi qüdrətimiz də artır. Ənənəvi keçirilən  müdafiə sərgiləri, həmçinin sorğular da deyilənləri təsdiqləyir. Belə ki, ötən il keçirilən  “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi də  regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi  oldu. Sərgiyə ildən-ilə marağın artması, yeni dövlətlərin, şirkətlərin qoşulması Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiqlədi. Ölkəmizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün  qarantı olan Silahlı Qüvvələrimizin  mövcud potensialının,  müdafiə sənayesinin yeniliklərinin təqdimatı kimi dəyərləndirilən sərgidə bir daha qeyd olunmuşdur ki, bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradıb.

 Bu gün Azərbaycanın mövcud iqtisadi imkanları digər sahələr kimi, ordu quruculuğu sahəsində də davamlı addımların atılmasını şərtləndirir. O da məlumdur ki, dövlət büdcəsindən ayırmalarda  ilk yeri ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi dayanır. Ordu xərcləri birinci  yerdədir.

  Əsası ulu öndər  Heydər Əliyev tərəfindən qoyulan  siyasətin ölkə Prezidenti İlham Əliyevin   uğurla davam etdirməsi nəticəsində   ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsi istiqamətində  mühüm nailiyyətlər əldə olunub.  Dövlətimizin hərbi qüdrətinin artması  və Silahlı Qüvvələrimizin regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilməsi bu günümüzün reallıqlarındandır.

      Regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Gürcüstan-Türkiyə birliyi, həmrəyliyi bu sahədə  mövcud əlaqələrin inkişafından da aydın görünür. Bir müddət öncə  Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirləri arasında keçirilən görüşlər, Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin «Sarsılmaz qardaşlıq-2019» adlı birgə döyüş atışlı taktiki təlimləri də deyilənlərin təsdiqidir. «Sarsılmaz qardaşlıq-2019» bütün dünyaya nümayiş etdirdi ki, Silahlı Qüvvələrimiz hər bir vəzifəni təkcə və birgə icra etməyə hazırdır və qadirdir.

    Ötən il Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı da bir daha iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin tarixi köklərə malik olduğunu dünyaya nümayiş etdirmişdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyaya nümunə olan bu birlik sarsılmazdır, əbədidir, yüksək zirvədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda bir daha vurğulamışdır ki, biz bu gün  yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik: « Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik.»

      Hər bir məsələdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyi ilə Azərbaycanın yanında olan rəsmi Ankara bəyanatlarında ərazi bütövlüyü prinsipinin əsas olduğunu önə çəkərək, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll olunmasında maraqlı olduğunu bildirir.  Türkiyə Prezidenti R.T.Ərdoğan  hərbi paradda bu məqamı da xüsusi vurğulamışdır ki, Türkiyənin bu məsələdə mövqeyi  aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir: «Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.»

      Qeyd etdiyimiz kimi, keçirilən hərbi paradlar, təlimlər,  beynəlxalq sərgilər, sorğular  ordumuzun imkanlarını, Azərbaycanın regionda və dünyada yeri və rolunu təqdim etməklə yanaşı, bu reallığı da ortaya qoyur ki, Azərbaycan əsgəri Ali Baş Komandanının hücum əmrinə tam hazırdır. Qısa müqayisəli təhlil aparaq.  ABŞ-ın  “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı builki yeni hesabatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri gücünə görə Cənubi Qafqazda birinci, dünyada 52-ci yerdədir.  Bu təşkilatın 2016-cı ildə hazırladığı hesabatda Azərbaycan Ordusu 60-cı, 2017-ci il hesabatında isə 59-cu yerdə qərarlaşmışdır. Qeyd edək ki,  2015-ci il üzrə hesabatında 64-cü yerdə qərar tutmuşdur. O da məlumdur ki, reytinq dövlətin adi silahlar, iqtisadi güc, sərhədinin ölçüsü, özünütəmin etmək (neft kimi təbii ehtiyatlar), su mənbələrinə yaxınlıq və sair amillər  əsasında hazırlanır. Bundan başqa, dövlətin hərbi güc  reytinqi  hərbi büdcənin miqdarı, canlı qüvvənin, tankların, təyyarələrin, sualtı qayıqların, aviadaşıyıcıların sayı və inteqrasiya göstəricisinə əsasən müəyyənləşdirilir.

    Göründüyü kimi, ildən-ilə artan hərbi imkanlarımız bir daha bu əminliyə əsas verir: Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

Yeganə Əliyeva,

«İki sahil»