21 iyun 2019 10:22
1409

Azərbaycan sosial sabitlikdən sosial rifah dövlətinə çevrilir

Bu gün Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində sürətlə inkişaf edir. Ötən 16 ildə uğurla aparılan sosial-iqtisadi islahatların, Dövlət proqramlarının, Fərman və sərəncamların icrasının nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan dövlətlərindən biri kimi tanınır. Dünyada baş verən iqtisadi böhran nəticəsində bir çox inkişaf etmiş ölkələr bir sıra sosial proqramları təxirə salsalar da ölkəmizdə bütün sosial proqramlar uğurla icra etdirilir.

Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə ikisahil. TV-yə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik, azad və müstəqil dövlət quruculuğu sahəsində böyük nailiyyətlərlə müşayiət olunur. Ölkə başçısının uğurlu siyasəti nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir.   2025-ci ilədək Azərbaycan qarşısına məqsəd qoyub ki, dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxsın. Ölkəmizdə sosial müdafiə sistemində aparılan islahatlar xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu istiqamətdə ardıcıl addımlar atılır. Əhalinin həssas qrupları ilə bağlı imzalanan Sərəncam və fərmanlar 2 milyona qədər əhalini əhatə edib, 2 milyard manat vəsait ayrılıb. Son Sərəncam və fərmanlar, ümumilikdə iki paket sənədlər qrupu 2 milyon nəfərə qədər insanın gəlirlərinin artmasına xidmət edəcək. Təkcə minimum əməkhaqqının artırılması 600 min Azərbaycan vətəndaşının güzərənını əhəmiyyətli dərəcədə yüksəldəcək.

M. Abbaszadə qeyd etdi ki, Prezidentin maaş artımı ilə bağlı imzaladığı sosial islahat paketi Azərbaycan  iqtisadiyyatına müsbət təsir göstərəcək. Prezident İlham Əliyev 2019-cu ili əhalinin sosial müdafiəsinin gücləndirilməsi ili kimi səciyyələndirib. İyunun 18-də ölkə başçısının imzaladığı 17 sərəncamla minimum əmək haqqı, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında kəskin artım edilib. Ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqısının artımına səbəb olacaq.

Bu gün ən sevindirici hallardan biri odur ki, pensiyanın minimum həddi 116 manat idi, sonra bu 160 manata qaldırıldı. Prezidentin son Sərəncamı ilə həmin məbləğ 200 manata çatdırılır. Bunun hesabına xeyli pensiyaçının gəlirləri artır. Bu da 660 min pensiyaçının gəlirlərinin artmasına xidmət edəcək.

Mahir Abbaszadə vurğuladı ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan bir sıra şəxslərin maaşı 40 faiz artırılıb. Bu da böyük bir qrup əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Müəllimlərimizin də rifah halının yaxşılaşması üçün maaşlarında 20 faiz artım nəzərdə tutulub. Bu da 160 min nəfərin sosial durumunu yaxşılaşdıracaq.  Dövlət başçısı həmişə bəyan edib ki, ölkədə iqtisadiyyat inkişaf etdikcə, maliyyə imkanları artdıqca, bu, son nəticədə Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşmasına xidmət edəcək. Azərbaycan sosial sabitlikdən sosial rifah dövlətinə çevrilir. Bu istiqamətdə ardıcıl iş aparılır.

Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi. Sosial paketin tərkib hissəsi olaraq minimum əməkhaqqının, minimum pensiyanın məbləğləri, əlillərə verilən təqaüdlər ciddi şəkildə artırılıb. Eyni zamanda, Prezidentin Fərmanı ilə 2015-ci il devalvasiyalarından əziyyət çəkən vətəndaşlara dəstək üçün dövlət büdcəsindən xarici valyutada kredit götürən 600 min nəfərdən çox şəxsə kompensasiya ödənilib. Ümumilikdə bu ilin əvvəlində elan olunmuş sosial paket 3 milyon nəfərə yaxın insanı əhatə edib.

Göründüyü kimi, dövlətin həyata keçirdiyi iqtisadi inkişaf tədbirləri sistemli hal alır. Bütün bunlar həm də təsdiq edir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişaf və insan amili durur.

Şəmsiyyə Əliqızı, “İki sahil”