11 fevral 2019 13:53
386

Azərbaycan tarixində qadınların xüsusi rolu olub

Azərbaycan tarixində qadınların xüsusi yeri olub. Bu gün Azərbaycanda qadınlara olan diqqət və qayğısının göstəricisi kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edilib. Məhz bu qurumun rəhbəri Hicran Hüseynovanın sayəsində “Azərbaycan: dünənin qadını” kitabı ərsəyə gəlib.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində nəşrin rəhbəri, Fransanın tanınmış yazıçısı Jan-Lui Quro söyləyib.

Əvvəlcə Qarabağ atlarından yazmaq üçün ölkəmizə səfər etdiyini deyən J.L.Quro təəssüratlarını belə bölüşür: “Qarabağ atları mövzusu məni çox maraqlandırırdı. Ancaq Azərbaycan cəmiyyətində qadınların rolunu gördükdən sonra bu sahə də diqqətimi cəlb etdi. Ölkənizə səfər etməmişdən öncə digər müsəlman ölkələrində olmuşdum, ancaq Azərbaycan digər müsəlman ölkələrindən tamamilə fərqlidir. Bu fərq o qədər böyükdür ki, hər bir Avropalı kimi mənim də diqqətimi cəlb etdi”.

Azərbaycan qadınlarının tarixdə mühüm yer tutduqlarını, səmərəli rol oynadıqlarını vurğulayan fransız yazıçısı, kitabın ərsəyə gəlməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın köməyini və dəstəyini yüksək qiymətləndirərək, ona təşəkkürünü bildirib.