KÖŞƏ

Vəli İlyasov

Azərbaycan tarixində yeni gün

22 iyul 2020 10:34
1703

12 iyul 2020-ci il... Həmin gün Tovuz rayonunun Ağdam kəndi ermənilər tərəfindən aramsız artilleriya atəşlərinə tutuldu. Dövlət sərhədində yerləşən Qaraqaya postları və əsgərlərimiz erməni quldurlarının qəfil hücumuna məruz qaldılar. Şiddətli döyüşlərdə şəhidlər verdik... General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir neçə zabit və əsgərimiz Vətən uğrunda qəhrəmancasına həlak oldular...

Hadisələr başlayan gün nisbi sakitlik bir anda dəyişdi. Bütün Azərbaycan ayağa qalxdı. Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə, Masallıda, Qazaxda, Biləsuvarda, Qəbələdə, həmçinin ölkəmizin hüdudlarından kənarda - İstanbulda, Təbrizdə, Torontoda, Londonda, Fransada, Cenevrədə, Nürnberqdə ... azərbaycanlılar bir göz qırpımında birləşərək etiraz səslərini ucaltdılar. Bütün fərdi qayğılar, məişət çətinlikləri, hətta koronavirus qorxusu, maska taxmaq məcburiyyəti, sərt karantin rejimi arxa plana keçdi. Ortaya milli məsələ kimi orduya dəstək, Tovuza - Vətənə yardım məsələsi gəldi.

Xalq yenidən ayağa qalxdı, onu meydanlarda birləşmiş və poladlaşmış yumruq kimi gördük. Bu izdihamlar bizə 17 noyabr Milli Dirçəliş Günümüzü xatırlatdı. Ancaq mahiyyətləri eyni olsa da, o günlə 12 iyulun özünəxas fərqləri də oldu.

O zaman Bakıdan kənardakı dünya ölkələrinin paytaxtlarında müdafiəmizə qalxacaq, sözümüzü deyəcək kimsə yox idi, yalnız Moskvada toplu halda azərbaycanlılar vardı, onların atdıqları hər addım bizdə qürur hissi oyadırdı...

İndi dünyanın ən böyük ölkələrində güclü diaspor təşkilatlarımız fəaliyyət göstərir. Azərbaycan o zamankı kimi informasiya blokadasında boğulan ölkə deyil. Bir saat müddətində səsimizi bütün dünyaya çatdıra bilərik. Bu gerçəyi son bir həftədə daha aydın gördük! Siyasi mövqeyindən asılı olmayaraq dünyanın bir çox ölkələrinə səpələnən azərbaycanlılar birdən-birə sürətlə təşkilatlanıb meydanlara çıxdılar, Avropa qitəsinin, Amerika materikinin bir sıra şəhərlərinin küçələrindən ana vətənə dəstək oldular. Canlı yayımlar, verilişlər, paylaşım və statuslar hər yerə qanad açdı...

O gündən dünyanın nüfuzlu informasiya agentliklərinin diqqəti ölkəmizdədir. Sanki dünyada bir Azərbaycan həftəsi yaşandı... Azərbaycan cəmi bir həftədə həm dünyanı və həm də özünü silkələdi! Bakıda siyasi səhnəyə çıxan xalq dosta-düşmənə öz mesajlarını açıq surətdə göndərdi. Bu xalq bir nəfər kimi toparlanaraq heç zaman işğalla və erməni iddiaları ilə barışmayacağını ən inandırıcı bir faktla sübut etdi.

Allaha şükür olsun ki, yetişdirdiyimiz gənc nəsil 12 iyulda bizim önümüzdə getdi. Daha tez təşkilatlanan, yaranmış böhranlarda daha yaxşı variantlar tapan fədakar gənclərimiz...

...Son günlər -Tovuzda savaş gedən o günlərdə xalqımızın yeni bir milli həmrəylik modeli yarandı. O birlik modelinin müəllifi xalqımızın özüdür.

Tovuzun müdafiəsinin timsalında Azərbaycanda və ondan kənarda ciddi bir prosesin başlandığı göz önündədir. Qəsbkarlara qarşı milli birliyimiz o qədər sarsılmaz oldu ki, bizə diş qıcırdan məkrli düşmənlərimiz bundan sarsılıb geri çəkildilər. Milli həmrəyliyimiz o qədər möhtəşəm oldu ki, yəqin yaxın gələcəkdə 12 iyul tarixi dünya azərbaycanlılarının xüsusi bir günü kimi tarixə yazılacaq. 12 iyul bizim fəxr günümüz kimi böyük qiymətə malikdir.