05 iyul 2019 10:14
581

Azərbaycan-UNESKO əməkdaşlığı yeni mərhələdə

“Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edir. Bir  neçə gündür ki, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. İyulun 10-dək davam edəcək bu tədbirdə dünya ictimaiyyətinə sülh, əmin-amanlıq çağırışları səsləndirilir, elm, təhsil və mədəniyyət sahələrində yeni əməkdaşlıq körpüləri salınır. Bununla da Azərbaycan milli mənəvi dəyərlərinin, tarixi-mədəni irsinin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verir. Şübhəsiz, bu hər şeydən əvvəl qarşılıqlı inam və etimada söykənən Azərbaycan - UNESKO əməkdaşlığının daha bir nümunəsidir”.

Bu sözləri Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı  “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Müsahibimiz, həmçinin bildirdi ki, son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti qlobal miqyaslı tədbirlərin keçirilməsi üçün ən müasir infrastruktura malik Azərbaycan tərəfdən irəli sürülmüşdür: “Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir. Bu mənada növbəti Bakı sessiyası dünyada mədəni irsin qorunub saxlanılması baxımından mühüm platformadır. Onu da qeyd edim ki, xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərən UNESKO ilə Azərbaycanın əlaqələri öz tarixinə görə ölkəmizin BMT-yə qəbul olunduğu dövrdən də əvvəlki illərə təsadüf edir. Azərbaycanın UNESKO ilə əlaqələrinin genişləndirilməsi isə 1993-cü ildən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanmışdır. Belə ki, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası 1994-cü il  fevralın 21-də ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb. 2005-ci il sentyabrın 15-dən isə Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında statusu ilə fəaliyyətini davam etdirir”.

UNESKO ilə Azərbaycan arasındakı əlaqələrin 2004-cü ildə respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın bu qurumun xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etdiyini, daha məhsuldar olduğunu vurğulayan Milli Məclisin deputatı vurğuladı ki, məhz onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır: “Hətta mən deyərdim ki, ölkəmiz ilə UNESKO arasında əməkdaşlıq yeni eraya qədəm qoymuşdur. Belə ki, İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına, zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri isə bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Halbuki 2000-ci ilədək ölkəmizin ancaq bir qeyri-maddi mədəni irsi bu təşkilatın siyahısına daxil olunmuşdu. Məlumata görə, ölkəmizdə bir neçə məkanın da UNESKO-nun Dünya İrs Siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulub. Təbii ki, bu da sevindiricidir. Bir sözlə, UNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində UNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətləri vardır”.

Bu tədbirin də ölkəmiz üçün faydalı olacağını əminliklə qeyd edən müsahibimiz daha sonra dedi: “Sözsüz ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası xalqımızın zəngin mədəni irsinin qorunması, respublikamızın mədəni və turizm imkanlarının təşviq olunması, həmçinin erməni vandalizminin ifşa edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”