24 fevral 2020 16:40
1218

Azərbaycan Universitetlərinin Sərgisi keçirilib - FOTO

Fevralın 23-də Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan Universitetlərinin Sərgisi - 2020” adlı sərgi keçirilib. Ümumilikdə 22 ali təhsil müəssisəsi və 4 kollecin təmsil olunduğu sərgi Sabunçu Gənclər Evində təşkil olunub.

“İki sahil” xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev sözügedən tədbirin məqsədlərindən danışıb. O, gənclərin düzgün ixtisas seçimi etməsi üçün  ali təhsil müəssisələrini, burada olan ixtisasları yaxından tanımasının önəmli olduğunu bildirib. Sərginin gənclərin ali təhsil almağa olan marağının güclənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.                                                                            

Sərgi zamanı iştirakçı təhsil müəssisələrinin nümayəndələri tərəfindən bu təhsil müəssisələrinin tarixcəsi, maddi-texniki bazası, burada olan ixtisaslar və təhsil müəssisəsinin üstünlükləri haqqında məlumat veriblər. Gənclər sərgidə iştirak etməklə ali təhsil müəssisələri ilə yaxından tanış olmaqla yanaşı, onları düşündürən suallara cavab əldə etmək imkanı qazanıblar. 

Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.