09 iyul 2020 18:06
1183

Azərbaycan və Ukrayna tərəfdaş, müttəfiq və dost ölkələrdir

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkənin mətbu orqanı olan “Ukrainskiy interes” qəzetinə 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə müsahibə verib.

Müsahibədə səfir Azərbaycan və Ukrayna arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri, siyasi, iqtisadi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, pandemiya dövründə vətəndaşlarımızın təxliyəsi, birgə reallaşdırılacaq layihələr barədə ətraflı məlumat verib.

İki ölkə arasında tarixi və diplomatik əlaqələrə toxunan səfir E.Axundova bildirib ki, bu gün Azərbaycan və Ukrayna arasında 130-dan çox müqavilə və saziş mövcuddur. Bu razılaşmalardan birincisi ölkələrdə səfirliklərin yaradılması olub. 24 ildən artıqdır ki, Azərbaycan və Ukrayna diplomatik korpusları arasında aktiv fəaliyyət mövcuddur, intensiv qarşılıqlı səfərlər həyata keçirilir.

“Heydər Əliyev və Leonid Kuçma yeni müstəqil dövrün dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsi tarixinə böyük töhfələr veriblər. Həmişə birlikdə idilər, beynəlxalq təşkilatlarda bir-birilərinə dəstək olurdular. Birlikdə GUAM-ı yaratdılar. Cənab İlham Əliyev Azərbaycan Prezidenti olandan sonra əməkdaşlığımızın inkişafı davam etdirildi. Davamlı qarşılıqlı səfərlər həyata keçirilir, bir sıra razılaşmalar gerçəkləşdirilib. Hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərdə problem yoxdur. Azərbaycan və Ukrayna tərəfdaş, müttəfiq və dost ölkələrdir. Düşünürəm ki, iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir. GUAM çərçivəsində iqtisadi layihələr gerçəkləşdirilir. Bu il Azərbaycan quruma sədrlik edir və müzakirə olunan iqtisadi layihələri dəstəkləyir. Təəssüf ki, Azərbaycanın sədrliyi dövrü pandemiya zamanına düşdü, bir sıra görüş və tədbirlər təxirə düşdü. Ancaq videokonfrans formatında işlər davam etdirilir”, - deyə səfir əlavə edib.

Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə dair sualı cavablandıran E.Axundova qeyd edib ki, 2020-ci ilin yanvarın sonunda komissiyanın Kiyevdə keçirilən iclasında iqtisadi, enerji, neft, kimya sənayesi, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə və mədəniyyət sahələrindəki məsələlər ətrafında konkret müzakirələr aparılıb. Təəssüflər olsun ki, koronavirusla bağlı yaranan vəziyyət bu işlərin realizəsində problemlər yaradır. Bizim qarşımızda ilkin duran məsələ Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcmini, hər iki ölkənin qarşılıqlı investisiya yatırımlarını artırmaqdır. Azərbaycan şirkətləri Ukraynanın tikinti, yol və digər sahələrdə fəal iştirak edirlər.

Səfir müsahibəsində jurnalistin onun yazıçı kimi fəaliyyətinə dair sualına cavabında Azərbaycan və Ukrayna ədəbiyyatı haqqında geniş məlumat verib. Müəllifi olduğu “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” və “Naşirin qatili” kitablarının Ukrayna dilinə tərcümə olunaraq oxuculara təqdim edildiyini vurğulayıb. Digər müəllifi olduğu “Xocalı: soyqırımı salnaməsi” və “Heydər Əliyev: şəxsiyyət və zaman” adlı kitablarının Ukrayna dilinə tərcümə edildiyini söyləyib.

E.Axundovanın geniş müsahibəsi ilə buradan tanış ola bilərsiniz.