29 may 2019 10:11
1246

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi

Bu gün müsəlman Şərqində ilk parlamentli respublikanın- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi tamam olur. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

Ən böyük hadisə o idi ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Azərbaycanın müasir dövrdə sürətli inkişafını təmin edən Prezident İlham Əliyev əslində bu siyasəti ilə 101 il bundan əvvəl yaranmış AXC-nin həyata keçirə bilmədiyi ideyaları və islahatları həyata keçirdi.

Dünən 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev AXC dövrünə və onun yaradıcılarının fəaliyyətinə yüksək qiymət verərək bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur: “Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər. Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Keçən il isə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.”

Bu bir həqiqətdir ki, Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsi də mürəkkəb tarixi şəraitdə və çox çətinliklə  baş verdi. Lakin müstəqilliyini yenicə qazanmış Azərbaycan dövləti onu itirmək təhlükəsi ilə üzləşəndə öz inanılmış liderinə böyük siyasət adamı Heydər Əliyevə üz tutdu, ona güvəndi. Bu barədə Prezident İlham Əliyev dünənki çıxışında bildirib ki, iyirmi üç aydan sonra respublika süqut etdi və bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi: “Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdır və təsis etmişdir. Əslində, müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır. Sovet İttifaqı hələ yaşayırdı və belə cəsarətli addım Ulu Öndərin öz xalqına, öz dövlətinə, xalqının, dövlətinin gələcəyinə nə qədər bağlı olduğunu, nə qədər böyük önəm verdiyini göstərir.”

Prezident İlham Əliyev müstəqilliyimizin qorunması və möhkəmlənməsi istiqamətində ulu öndər Heydər Əliyevin titanik fəaliyyətindən danışıb: “1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə qovuşdu və əlbəttə ki, bizim üçün XX əsrdə ikinci şans yarandı. Ancaq əfsuslar olsun ki, ölkədə gedən xoşagəlməz proseslər imkan vermirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana bilsin, öz müstəqil siyasətini apara bilsin və xalqın maraqlarını doğrulda bilsin. Çox ağır, faciəvi illər idi. 1992-ci ildə AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki, AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi.”

Azərbaycanı məhz 1993-cü ildəki vətəndaş müharibəsindən, o cümlədən bir neçə dövlət çevrilişindən qurtaran Ulu Öndər ölkəmizə iqtisadi dirçəliş, xalqımıza frivanlıq, cəmiyyətmizə siyasi sabitlik  gətirdi. Bununla da Azərbaycan adlı bir dövlət yoxdan var oldu, dünyada tanındı, sözü eşidildi. Prezident İlham Əliyev bu dövrü belə xarakterizə edir ki, 1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi: “Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi.”

Bu gün Azərbaycan ona görə qüdrətlidir ki, Ulu Öndərin siyasəti daha geniş və daha müdrikcəsinə aparılır. Həmin siyasətin öndəri Prezident İlham Əliyevdir, əsas aparıcı amili isə xalq-qtidar birliyidir. Ölkəmizin başçısı bu reallığı dünənki nitqində belə dəyərləndirir: “Bu gün Azərbaycan Heydər Əliyev tərəfindən təməli qoyulmuş strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik.”

Azərbaycan dövlətinin var olma qarantı isə güclü Ordumuzun formalaşmasıdır. Bu ordu indi nəinki bölgənin, hətta dünyanın 55 ən güclü ordusu sırasındadır. Ona xalqımız güvənir, onun inkişafına hər zaman dəstək olur. Prezident İlham Əliyevin Ordumuzla bağlı dəyərli fikirləri hər bir Azərbaycan vətəndaşında qürur yaradır: “Ölkəmizin hərbi qüdrəti güclənir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır”

Prezident İlham Əliyevin bu çıxışındakı fikirlər və yeni ideyalar əslində ölkəmizin tarixinə verilən qiymətdir, eyni zamanda, inkişafayönəlik bir tezisdir.

Elçin Zaman, “İki sahil”