19 oktyabr 2019 21:59
209

Azərbaycan xalqı onları artıq lazım olduqları yerə atıb, onlar arxivlərdədirlər

Bu gün Azərbaycan xalqına, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə xəyanətkar olan anti-milli ünsürlər, AXCP, Milli Şura, xüsusən Əli Kərimli növbəti dəfə biabırçı uğursuzluğa düçar oldular. Bunu Trend-ə millət vəkili Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, həmin anti-milli qüvvələr ölkəmizdə sürən əmin-amanlığı, sabitliyi pozmağa cəht etdilər:

“Bilirsiniz ki, bir neçə gün bundan əvvəl onlar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər və İcra Hakimiyyəti də qanuna uyğun olaraq dinc mitinq keçirmək üçün onlara müvafiq yer ayırmışdı. Amma gördüyümüz kimi onların məqsədi dinc toplantı keçirmək deyildi. Bunların məqsədi yalnız və yalnız bu gün ölkəmizin iqtisadi baxımdan qüdrətli bir dövlətə çevrilməsinə, inkişaf etməsinə, müstəqilliyimizə, əmin-amanlığımıza, sabitliyimizə qarşı ayrı-ayrı insanları cəlb etmək idi. Onlar cəhd etdilər ki, qanunsuz olaraq "28 May" metro stansiyasının qarşısına yığışsınlar, ancaq təbii ki, hər şey Azərbaycan dövlətinin qanunları ilə tənzimlənir və qanuna müvafiq olaraq bu qanunsuz cəhdin qarşısı alındı.

Eyni zamanda biz gördük ki, Azərbaycan xalqı bu satqın insanların çağırışlarına reaksiya vermədilər, oraya toplaşmadılar və bir daha sübut etdilər ki, onlar artıq xalqımızın yaddaşından tamamilə silinib atılıblar”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı yaxşı bilir ki, 90-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunmasında bu anti-milli ünsürlərin də böyük payı olmuşdur:

“Çünki onlar Ermənistan rejimi ilə birgə işləyirdilər və çalışırdılar ki, Azərbaycanı məhvə aparsınlar. Azərbaycanda vətəndaş müharibəsinin başlanmasına da elə onlar cəhd edirdilər. Onlar çalışırdılar ki, ölkəmizdə qarşıdurma yaransın, Azərbaycan xalqı bir-birinə silah qaldırsın. Ancaq bunların qarşısı o vaxt xalqımız, ulu öndərimiz Heydər Əliyev tərəfindən alındı. Onlar bu gün də istəyirilər ki, o vaxtki xaosu, anarxiyanı, özbaşınalığı, iqtisadi tənəzzülü Azərbaycanda həyata keçirsinlər.

Təbii ki, Azərbaycan xalqı heç zaman onları dəstəkləməyəcək. Azərbaycan xalqı onları artıq lazım olduqları yerə atıb, onlar arxivlərdədirlər, ancaq onlar bunu başa düşmürlər, çünki onlara diqtə edən erməni lobbisi, Azərbaycanı sevməyən qüvvələr var. Bu qanunsuz aksiyada onlar növbəti dəfə xalqımız tərəfindən baykot olundu. Çünki xalqımız bu gün dövlətçiliyimizin, müstəqilliyimizin keşiyindədir və xalqımız cənab Prezident İlham Əliyevin apardığı həm daxili, həm xarici siyasəti dəstəkləyir".