26 noyabr 2019 20:11
1153

Azərbaycan xalqına yaşatdıqlarınız üçün cavab vermək vaxtıdır, bəylər!

Müxalif düşərgənin radikal kəsimində baş girələyən naxələflər “qızılgül ətri” üçün darıxaraq “narıncılar”a bürünür, “məxməri” röyalar görürlər. Bir başqası payızın sərin günlərində “ərəb baharı”nın hərarətinin arzusundadır. Amma unudurlar ki, artıq onların istəkləri də , arzuları da qüdrətli Azərbaycanın uğurlarının kölgəsində itib-batıb. Xəyanət və satqınlıqlarını ifadə edən davranışları ilə nəyəsə nail olmağa çalışan aqressiv müxalifət, antiazərbaycançı dairələrin himayəsinə sığınan radikallar əvvəlki forma və məzmunda olduqlarını siyasi cahillikləri ilə bildirirlər. Yeni təfəkkür forması ilə yaşamaq imkanından məhrum buyruq qulları hələ də xarici ağalarının çaldıqları ilə oynayaraq dağıdıcılıq vərdişlərindən xilas ola bilmirlər.

İqtidarda olduqları qısa müddətdə Azərbaycanı iflic vəziyyətinə salan, ictimai etimad qazana bilməyərək məğlubiyyətə düçar olan AXC-Müsavat cütlüklərinin tör-töküntüləri, populist bəyanatlarını yenidən təkrar edən korafəhimlər unudurlar ki, artıq Azərbaycan xalqı onların əməllərinə də, xəyanətdən yoğrulan daxili çirkinliklərinə də bələddirlər. Ölkəmizdə daxili sabitliyi pozmaq, Azərbaycanın dünyada möhkəmlənən nüfuzuna xələl gətirmək istəyən, azsaylı iştirakçı ilə aksiyalar keçirməyə cəhd edərək “biz də varıq” deməyə çalışanlar, antimilli əməlləri ilə özlərini cəmiyyətdən kənarlaşdıran radikallar artıq canlı ölülərdirlər. Bütün seçkilərdə xalqın etimadından məhrum olan, ictimai rəyin nifrətini qazanan bu səbatsızlar isterik şüarlar səsləndirsələr də, yenə də nəsiblərinə düşən məğlubiyyətlərlə üzləşməyə məcburdurlar.

Radikal müxalifətin uğursuz aksiyaları xarici qüvvələrin istəklərinə uyğun təşkil olunur. “Hüquq müdafiəçisi”, “qeyri-hökumət təşkilatı” adı ilə pərdələnərək, “siyasi məhbus” axtarışı ilə məşğul olan radikalların başçıları AXCP sədri Əli Kərimlinin və son günlərdə Almaniyada baş verən hadisələr nəticəsində maliyyə maxinasiyaları, xəyanətləri aşkarlanan Müsavat başqanı Arif Hacılının kimlərə və hansı məqsədlərə xidmət etdikləri bəllidir.

Dünyada hegemonluğa can atanların özlərindən nisbətən kiçik dövlətlərin sərvətlərini talamaq üçün yerli missionerlərdən istifadə kimi mənfi təcrübələrinin qurbanı olan ölkələrin taleyi hər kəsə bəllidir. Məhz həmin qüvvələrin nökərləri qismində fəaliyyət göstərən Əli Kərimli, Arif Hacılı, sabiq başqan İsa Qəmbər kimiləri məlum “ssenari”lərin qolu bağlı nökərləri kimi illərdən bəridir ki, Azərbaycan xalqına qarşı təxribatlarda özlərini “demokrat” obrazında təqdim edərək, missioner bazarında çox ucuz qiymətə əldə edilirlər.

Bu gün haqdan, ədalətdən, demokratiyadan dəm vuran, keçmişlərinə kənardan diqqət yetirmək cəsarətləri çatmayan Əli Kərimli və Arif Hacılı iqtidarda olduqları zaman xalqın başına gətirdikləri müsibətləri də unudurlar.  O illərdə ki, AXC- Müsavat iqtidarının mənsubları düşmənə asanca təslim olmağın “arxadan güllə atmaq oyununu” təşkil etdilər, vətənpərvər insanların ürəyindəki inamı, döyüşkənliyi biri- birinə qarşı müxalif olmaqla, daxildə qarşıdurma yaratmaqla öldürdülər, cəbhə bölgələrində bilərəkdən “əsgər fərariliyi”nə şərait yaratmaqla hələ formalaşmamış orduya cəlb edilən gənclərin ölümünə səbəb oldular. Sonra isə iqtidarda olanların xəyanətlərini görən həmin “fərarilər”i həbs edərək məhkəməsiz, qərarsız aradan götürdülər. Səbatsızlıqları üzündən Azərbaycanı parçalanmaq həddinə gətirən AXC-Müsvat iqtidarı o zaman Naxçıvan MR Ali Məclisinin sədri ulu öndər Heydər Əliyevin Bakıya gəlməsinə belə yasaq qoydular. Bilərəkdən mərkəzdən ayrı saldıqları Naxçıvanda təxribatlar törətmək üçün xüsusi dəstələr göndərdilər. O illərdə daxili işlər naziri işləyən, “Heydər Əliyevin başına güllə vuracağam” iddiası ilə Naxçıvana desant göndərən İsgəndər Həmidova naxçıvanlılar heç vaxt unutmayacağı qulaqburması verdilər.

İndi meydana çıxıb “demokratiya” tələb edən Əli Kərimliyə, Arif Hacılıya AXC-Müsavat iqtidarı dövründəki “ demokratiyanı” göstərən bəzi məqamları xatırladaq. Çünki Azərbaycan xalqının dövlətçilik salnaməsinə qara hərflərlə, qanla yazılan o dövrdəki iqtidarın xəyanətlərini unutmağa haqqımız yoxdur.

Həmin illərdə keçirilən müşavirədə ölkənin dövlət katibi olan Əli Kərimli “respublikada mafioz qüvvələr güclənir və onlar demək olar ki, ölkəni idarə edir” söyləyir. “Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanılması və bir sözlə dövlət əmlakının talan edilməsi adicə hala çevrilib” sözləri də Əli Kərimliyə məxsusdur.

Baş prokuror deyir ki, iflic vəziyyətində olan Dövlət Aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz Dövlət Aparatından başlamalıdr. Ədliyyə naziri “ Hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb” xəbərdarlığını edir. Ən çox korrupsiyalaşmış Gömrük Komitəsinin sədri “ xalqın qabağında dayanan oğlanlar, bu gün pulun qabağında dayana bilmirlər” deyir. “Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir” sözləri də AXC-Müsavatın iqtidarı dövründə özləri tərəfindən səslənən etirafdır. Sabiq Prezident, demokratiyanın anarxiyaya çevrildiyini etiraf edən Əbülfəz Elçibəyin “komandası”na iradlarını da xatırladaq: “Siz deyirsiniz, cinayət polisin üstündədir, polis deyir prokurorun üstündədir, prokuror iş qaldırmadı, mən də tutmadım. Prokuror deyir məhkəməyə verdim, məhkəmə buraxdı... Yarım milyonu alırsan, sonra da deyirsən ki, təqsiri yoxdur, buraxırsan çıxır gedir... Vəziyyət bütün sahələrdə ağırdır. Ağırlıq ona görədir ki, quldurluq, soyğunçuluq, rüşvətxorluq cinayətləri on illə müqayisədə 1992-ci ildə 4 dəfə artıb.” Əli Kərimli, Arif Hacılı bax, budur sizin formalaşdırdığınız iqtidar. Meydanlara çıxaraq xalqa bu məşəqqətləri yenədəmi yaşatmaq istəyirsiniz?

İqtidarda olduqları müddətdə dişləri şirəyə batan, rüşvətin dadını anlayan Əli Kərimli kimi onun sabiq həmkarlarının bu gün də pula hərisliyi onları xarici havadarlarının quluna çevirib. Ona görə də Əli Kərimli, Arif Hacılı kimi “demokrat”ların Almaniyada və başqa Avropa ölkələrində formalaşdırdıqları “mühacirlər şəbəkəsi”, cinayət törətdikləri üçün qanunlardan gizlənənlər “siyasi məhbus” adlandırılaraq mühacir simasında xarici ölkələrə ixrac edilir. Beləliklə antiAzərbaycan şəbəkəsi formalaşdırılır. Məhz həmin şəbəkələrdən Azərbaycana qarşı təxribatlarda istifadə olunur.

AXC-Müsavat iqtidarının qanunsuz əməllərindən cana doyan xalq sözünü 1993-cü ildə, Azərbaycanın xilasına yönələn “inqilabı” ilə bildirdi. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməklə müstəqillik yolunu müəyyənləşdirdi. O illərdə baş verənləri,

AXC-Müsavat iqtidarı dövrünü ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran adlandıran Prezident İlham Əliyevin bildirdiyi kimi əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi.

“Başqa cür ola da bilməzdi. Çünki baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, - bağışlayın sözümə görə, - belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi. Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, onbir il aspiranturada oxusada, dissertasiya müdafiə edə bilməyən İsa Qəmbərin parlament sədri, satqın, ələbaxan Əli Kərimlinin dövlət katibi olduğu iqtidardan ancaq belə “ demokratiya” gözləmək olardı.

Yenidən hakimiyyət iddiası ilə meydan, mitinq istəyində olan Əli Kərimli ilə Arif Hacılının xalqa “göz dağı” qoyduqları bu xəyanətlər üçün onlar lənətlənir. Azərbaycan xalqına yaşatdıqlarınız üçün cavab vermək məqamıdır, bəylər!

Xuraman İsmayılqızı, “İki sahil”