05 iyun 2020 16:44
2020

 Azərbaycan xalqının, dövlət müstəqilliyimizin əbədi xilaskarı

 Ulu öndər Heydər Əliyev Bakıya gəlməklə  Azərbaycanı gözlənilən  fəlakətlərdən xilas etdi

 Vətən böyüklüyünə görə deyil, özününkü olduğu üçün sevilir.  Azadlığı canından artıq sevən Azərbaycan xalqı  müstəqillik uğrunda mübarizə aparmaq cəsarətini, qüdrətini ötən əsrdə iki dəfə göstərdi. Amma  cənnətməkan Azərbaycana uzanan yad əllər xalqın azadlıq   istəyini boğmağa çalışdılar. «Mən ya Vətənimin rifahı üçün yaşamalı, yaxud onunla birlikdə məhv olmalıyan» əqidəsi uğrunda  canından keçən fədailər üçün deyiblər:  «Ölməz o adamdır ki,  özündən sonra Vətən üçün böyük və faydalı yadigarları qalır.»  Belə ümumxalq məhəbbətinə layiq olanlar  yaşamaq və  həyatını  azadlıq uğrunda   qurban verməyi bacaranlardır.  Həyatının mənasını xalqına xidmətdə görən ulu öndər Heydər Əliyev də  el məhəbbəti qazanan belə   böyük şəxsiyyətlərdəndir. 

    Azərbaycan xalqının müstəqillik arzusunu əbədiləşdirən, ən ağır günlərdə  insanları arxasınca aparmaq qüdrətinə malik ulu öndər Heydər Əliyevin  siyasi fəaliyyətinin əsasını bu amal təşkil edir: Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf, mədəniyyət tələb edən real mənəvi qüvvə, zənginlikdir.

  Respublikaya  rəhbərliyinin hər iki dövründə Azərbaycanın müstəqilliyi naminə göstərdiyi xidmətləri ilə  Ümummilli Lider adını qazanan Heydər Əliyev bu inamda idi ki, kim özünü təmsil olunduğu millətin övladı hesab edirsə,   canından artıq sevdiyi Vətəni onun üçün and yeri olmalıdır.

 Dövrünün ən təcrübəli, yüksək zəkaya, siyasi bilik və təcrübəyə malik şəxsiyyəti adına  fenomen bacarığı ilə möhür vuran Ulu Öndər   Azərbaycanın ən çətin günlərində belə qətiyyətlə  mübarizə aparmış, vəzifə  məsuliyyətini vətəndaşlıq borcu ilə birləşdirərək  həyatı bahasına olsa belə mücadilədən qalib kimi çıxmışdır.

 Ulu Öndər mənalı həyatının, siyasi fəaliyyətinin  məqsəq və məramını bu sözləri ilə ifadə etmişdir: «Azərbaycan dünyaya Günəş kimi doğacaq.» Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan artıq dünya birliyində öndə gedən flaqman kimi  uğurları ilə  hamının diqqətini cəlb edir.

 Amma bu   zirvəyə yüksəlmək o qədər də asan olmamışdır. Hələ sovetlər dövründə  yaranan ən kiçik fürsətdən belə Azərbaycanın rifahı naminə  bacarıqla istifadə edən müdrik şəxsiyyət Heydər Əliyev  ötən  əsrin sonlarında  qətiyyətli dövlət və siyasi xadim olduğunu bir daha göstərdi.

…1992-1993-cü ilin iyun ayına qədərki dövrü Azərbaycanın dövlətçilik  tarixində fəlakət illəri adlandıranlar qənaətlərində haqlıdırlar.  Qısa müddətdə bir neçə dəfə  dəyişilən,  Azərbaycana rəhbərlik  bacarığında, səriştəsində olmayan  səbatsız rəhbərlərin bağışlanılmaz səhvləri üzündən  təhlükə ilə  üzləşən  ölkəmizi parçalamaq istəyən xarici qüvvələr daxili  satqınlardan istifadə etməklə istəklərinə nail olmağa  məqam axtarırdılar.

 AXC-Müsavat iqtidarının hakmiyyəti illərində yaranan vəziyyət isə daha acınaqlı və dözülmüz idi. Xaos içərisində qalan xalqı  idarə etmək qabiliyyətindən məhrum  səbatsızların yeganə «xidmətləri»  dövlət büdcəsini boşaltmaq,  iflic vəziyyətinə saldıqları ölkə iqtisadiyyatını  dağıtmaq,   obyektiv səbəblərdən fəaliyyəti dayanan müəssisələrin bir vaxtlar valyuta ilə alınan avadanlıqlarını hərraca çıxarmaq, ucuz qiymətə xarici havardarlarına  satmaq oldu.

 AXC-Müsavat iqtidarında  yüksək mövqe tutan İsa Qəmbər- Əli Kərimli- Surət Hüseynov üçlüyü arasındakı qarşıdurmalar, Gəncə qiyamı, 130 və  709 saylı hərbi hissələrdə baş verən toqquşmalar vətəndaş müharibəsi təhlükəsi,  vahimə, xof yaratmışdı. O dövrdə baş verənlərin əsl mahiyyətini başa düşməyənlər belə  Azərbaycanın taleyi üçün narahatlıq keçirirdilər. Həqiqət bu idi ki, müstəqilliyimizə təhlükə olan Gəncə hadisələri Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, hər an alovlana biləcək bir qığılcım idi. Korpus komandiri Surət Hüseynovun qiyamı,  torpaqlarımızın itirilməsi ilə nəticələnən hadisələr, əvvəlcədən planlaşdırılmış xəyanətkar gedişlər vəziyyəti daha da  gərginləşdirirdi.  O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, iqtidarda ekstremist elementlərə qarşı ciddi mübarizə aparmaq gücündə  kadr yox idi.   Müxtəlif partiyalara məxsus könüllülər arasında baş verən qarşıdurmalar, «mənəmlik» iddiaları daha təhlükəli idi.
  Belə şəraitdən istifadə edən, Azərbaycanın müstəqilliyinə hər vasitə ilə mane olmağa çalışan xarici dairələrin emissarları ölkədə qarışıqlıq yaradırdılar. Ermənistan ilə qanlı döyüşlərin  getdiyi bir zamanda AXC-Müsavat qruplaşması hakimiyyətlərini saxlamaq naminə vətəndaş müharibəsinin başlanması təhlükəsini belə ciddi məsələ kimi görməyəcək qədər kor idilər. Xalq ölkədə baş verən, xarici qüvvələr tərəfindən planlaşdırılan siyasi oyunlardan xəbərsiz idi. «Siyasət  dəllarlarının» xəyanətləri insanlardan gizlədilir, Milli Məclisdə  müzakirə olunan qərarlar haqqında  ölkə əhalisinə məlumat verilmədən erməni kəşfiyyatçılarına  çatdırılır,  döyüşə gedən əsgərlərimiz arxadan vurulur, topraqlarımız ayrı-ayrı partiyalara, şəxslərə xidmət edən  «könüllü dəstələr» arasında intriqalar nəticəsində silah tutmağı bacarmayan gənclər öldürülür,  ermənilərə təhvil verilirdi.  Oyuncaq hakimiyyət isə ancaq öz maraqlarını təmin etməyə  çalışırdı. 

 «Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır.» O dövrdə yaranmış hərc-mərcliyi bu sözləri ilə   ifadə edən Prezident  İlham Əliyev   Ulu Öndərin  Bakıya  qayıdışını xilaskarlıq missiyasının bağlanğıc tarixi adlandırır.

 Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev paytaxtda baş verənləri  narahatlıqla izləyir və ölkəni uçuruma aparan vəziyyətin gərginləşməsinin sonda fəlakətlə nəticələnəcəyini uzaqgörən siyasəti ilə  dərk edir, Vətənin taleyi üçün narahatlıq keçirirdi. İnsanlar başa düşürdülər ki,  Azərbaycanda gərginliyin səbəbi təkcə Qarabağ  münaqişəsi deyil, ölkədə vətəndaş  müharibəsi  üçün qığılcım olan  iqtidarsızlıq daha qorxulu idi. Yaranan vəziyyətdən çıxış yolu axtaran xalq yenə də  düzgün seçim etdi. Ümid yeri,  xilas yolu axtaran insanların nəzərləri  Naxçıvana yönəldi.  Yekdil ictimai fikir isə  yeganə və  dəyişilməz idi: Heydər Əliyev Bakıya gəlməli, Azərbaycanı düşdüyü ağır, çətin vəziyyətdən xilas etməlidir.  Xalqı saldıqları çətin vəziyyətdən xilas etmək  gücündə olmayan, milyonların xilaskarına olan inamından qorxuya düşən AXC-Müsavat cütlüyü arasında istefalar başladı.  Batmaqda olan gəmini ən son tərk etməkdə olan « ölkə kapitanı» paytaxtı ilk tərk edənlərdən oldu.

9 iyun 1993-cü ildə xalqın tələbi ilə  paytaxta gələn, Cəncəyə gedərək əsl vəziyyəti yerində öyrənən,  Azərbaycanın tarixinə  xilas günü kimi  yazılan Milli Məclisin  sessiyasında  deputatların yekdil səsverməsi ilə  Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən ulu öndər Heydər Əliyevin «... Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa -olsun yalnız və yalnız Azərbaycan Respublikasının mütəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm» sözləri müstəqillik tariximizin  əbədilik qarantı oldu.  O dövrdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəy heç kimə məlumat vermədən , gizlincə  Bakını tərk edib kəndi Kələkiyə getdiyi üçün iyunun 24-də  Ali Sovetin qəbul etdiyi qərarla  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri  Ali Sovetin Sədri Heydər Əliyevə həvalə olundu.

Ulu öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti belə  şərh etdi: « Açığını desək, respublika demək olar ki,  idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, -o ,  artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə  prezidentin səlahiyyətlərindən istifadə edərək  həll olunmalı idi. Bax, belə bir vəziyyətdə  mən həmin vəzifələri  öz üzərimə götürdüm.»

3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində   bütün Azərbaycan xalqı  yedilliklə  Heydər Əliyevə etimad göstərərək onu əbədi olaraq xilaskar, müstəqilliyin qarantı seçdilər.

 Prezident kimi andiçmə mərasimində də xalqın dəstəyi ilə   demokratik , müstəqil cəmiyyət quruculuğunda  önəmli nailiyyətlər əldə olunacağını bildirən ümummilli lider  Heydər Əliyev  Azərbaycanı dünya birliyində  qüdrətli bir  ölkə kimi tanıdacağına söz verdi. Vədinə də əməl etdi. 

  Xalq-iqtidar birliyinin sarsılmazlığı 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da  təsdiqləndi. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı  xilaskarının ətrafında sıx birləşdi. Bu  həmrəylik  sabaha böyük ümidlərlə dolu  Heydər Əliyevə inamın  əbədiyyət  yolu oldu. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları  hamar olmasa da,  ümummilli lider Heydər Əliyev zəkası ilə  bütün çətinliklərə  qalib gələrək müstəqilliyimizin əbədi müəllifi adını qazandı. 
 Prezident İlham Əliyev davam  etdirdiyi varislik siyasəti ilə ümummilli lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycanı dünyada tanıtdı, fərqləndirdi, nüfuzunu artırdı.

 Xuraman İsmayılqızı,

«İki sahil»