11 noyabr 2020 18:31
1894

Azərbaycan yeni reallıqlar yaradır

Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması  regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcək 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyümüzün, ədalətin bərpası ilə uğurla başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı Azərbaycanın siyasi qələbəsinin, Ermənistanın məğlubiyyətinin təsdiqidir. Bu gün həmin Bəyanatın müddəaları istər ölkə, istərsə də dünya mətbuatında geniş müzakirə olunur. Beynəlxalq münasibətlərdə qələbənin  həm sənəddə, həm də onun tanıdılması və qəbulunda özünü ifadə etməsi vacib şərtlərdən biridir ki, bu gün Azərbaycan hər iki istiqamətdə uğura imza atıb. İmzalanan sənədin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan yeni reallıqlar yaradır. Dövlətimizin başçısı İlham Əliyev hərbi müstəvidən  siyasi  müstəviyə keçərək Azərbaycan xalqının qalibiyyətini dünyaya  tanıtdırır. Azərbaycan ədaləti bərpa etdi və imzalanan sənədlə bunu  beynəlxalq  qanun çərçivəsində təsdiqlədi. Sülhməramlı qüvvələrin yerləşdirilməsi, monitorinq üzrə xüsusi sülhməramlı mərkəzin yaradılması, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin bu prosesə nəzarəti və sair  Azərbaycanın qələbəsinin beynəlxalq səviyyədə dəstəkləndiyinin göstəricisidir.  Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında  nəyi nə zaman və necə edəcəyini bildirir, qəbul olunan  Bəyanat da bunun təsdiqidir.

Bir mühüm məqamı da nəzərə alaq ki, ermənilərin və erməni diasporunun yalanlarını həqiqət kimi qəbul edən bəzi dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar işğala məruz qalan, 20 faiz torpaqları işğal altında, bir milyondan artıq soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda bizi işğalçı dövlət kimi qəbul etmişdi. Azərbaycan dövlətinin uğurlu düşünülmüş və məqsədyönlü,, tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti nəticəsində ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Bu gün Azərbaycanın istər döyüş meydanında, istərsə də  siyasi müstəvidə qələbəsi Ermənistanın işğalçı,  faşist siyasətini  bir daha ortaya qoydu, imzalanan Bəyanatla bunu beynəlxalq  ictimaiyyətə çatdırdı.

Diqqət çəkən məqamlardan biri yenə də qardaş, dost Türkiyənin Azərbaycanın yanında olması, öz dəstəyini ifadə eməsidir. Həmin Bəyanatda əksini tapan müddəalardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Noyabrın 10-da dövlətimizin başçısı İlham Əliyevlə  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da  dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik etdilər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Azərbaycan və Türkiyə prezidentləri dost və qardaş ölkələrimizin və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildirdilər. Telefon danışığı zamanı, eyni zamanda,  atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilərək, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər, Milli Müdafiə nazirlərini və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edərkən də bildirmişdir ki, 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik. Bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi: «Yəni, bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət, 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik.»

Dövlətimizin başçısı Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti  məsələsinə də diqqəti yönəldərək  bildirmişdir ki,  bu,  çox önəmli addımdır. Bu, bölgədə işbirliyinin yeni formatıdır: «Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq… Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var.»

Bu günün hadisələri göstərir ki, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar işğalçını zamanında cəzalandırsaydılar, hazırda  bu qədər ərköyünləşməz, yeni ərazilər istəyi ilə müharibəyə başlamazdı. Reallıqda əksini tapmayan, ədalətin müdafiəsinə çevrilməyən, özləri üçün kağız parçası, amma həllini gözləyən münaqişələr üçün əsas meyar olan sənədlər illərlə icrasını gözləyəcəksə, gözdən pərdə asmaq üçün onları qəbul etməyə ehtiyac var idimi?  Dövlətimizin başçısı İlham Əliyevin bütün müsahibələrində, xalqa müraciətlərində qeyd etdiyi kimi, əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Müharibənin davam etdiyi müddətlərdə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində  Ermənistan və ona havadarlıq edən dövlətlərin Türkiyənin münaqişədə tərəf kimi iştirakı ilə bağlı  yaydıqları məlumatların  feyk-nyus olduğunu qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, məqsəd   üçüncü dövlətin məsələyə cəlb olunması barədə fikir yaradıb öz çirkin niyyətlərini həyata keçirməkdir.

Dövlətimizin başçısı İlham Əliyev bu yalanlara cavab olaraq bildirdi ki,  Azərbaycan Ordusu kifayət qədər güclü,  təchiz edilmiş ordudur. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə dərin təşəkkürünü bildirən cənab İlham Əliyev bu reallığı diqqətə çatdırır ki,  əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır: «Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər… İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.»

Dost, qardaş Türkiyənin dəstəyi nəinki dövlət başçısı səviyyəsində, eyni zamanda, sıravi vətəndaşlar tərəfindən də yüksək dəyərləndirilir. Bu gün Azərbaycanla yanaşı, Türkiyədə də hər addımda Azərbaycan və Türkiyə bayraqlarına birgə rast gəlinir. Türkiyənin əksər televiziya kanallarını izlədikcə bu qardaşlığın sarsılmazlığını, Azərbaycanın yaşadıqlarını Türkiyənin öz problemi kimi qəbul etməsindən ancaq və ancaq qürur duymaq olar. Qəzetlərdə manşeti Azərbaycan Ordusunun qələbə xəbərləri, dövlətimizin başçısı İlham Əliyevin dünyaya ünvanladığı mesajlar, Şuşamızın işğaldan azad olması, 10 noyabr tarixli qələbəmiz  yer alır. İstər Türkiyə Prezidenti, istərsə də digər dövlət rəsmiləri bəyanatlarında Azərbaycanın yanında olduqlarını vurğulamaqla bərabər sonadək bu mübarizəni aparacaqlarını bildirirlər.  Türkiyə vətəndaşlarından dövlətimizin başçısına gələn təbrik və təşəkkür məktublarında da bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər.

Ölkə Prezidenti İlham Əliyev bu müddətdə qardaş Türkiyənin televiziya kanallarına   müsahibələrində bir daha «bir millət, iki dövlət» olan Azərbaycan və Türkiyənin qədim tarixi köklərə malik olduğunu, bu birliyin, həmrəyliyin illər keçdikcə daha da möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırdı. Keçilən yola baxış əsasında  dövlətimizin başçısı İlham Əliyev bu fikri böyük qürur hissi ilə qeyd etdi ki,  Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil:  «Odur ki, biz - bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq. Eyni zamanda, bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibəti çox önəmlidir. Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır.»

Hər zaman olduğu kimi, bu gün də Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi qürurvericidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Cənab İlham Əliyevin fikirlərinə istinad etsək, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi: «Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!»

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan dünyaya bu reallığı da çatdırdı ki, beynəlxalq hüquq normaları mövcuddur, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir dövlət bu prinsiplərə əməl etməlidir.

Yeganə Əliyeva, «İki sahil»