18 iyul 2019 19:46
1169

Azərbaycana yalnız qələbə yaraşır

Ölkəmiz iyulun 21-dən 27-dək XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edəcək

“Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq” sözləri ilə gənclərimizin idmana artan marağını bu sahəyə göstərilən diqqətin ifadəsi adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa ilə Asiya arasında körpü olan, sivilizasiyaların birləşdiyi məkanda yerləşən, mötəbər tədbirlərə ev sahibliyi edən Azərbaycanın idmanda qazandığı uğurlar ölkəmizin iqtisadi qüdrətinin, dünya birliyində möhkəmlənən mövqeyinin göstəricisidir. Dünyanın idman arenalarında keçirilən mötəbər yarışlarda üçrəngli bayrağımızı dəfələrlə yüksək pilləyə qaldıran, Azərbaycanın Dövlət himnini səsləndirən idmançılarımızın peşəkarlığı beynəlxalq səviyyədə etiraf olunur.

Dövlət başçımız İlham Əliyevin “ Qoy, güclü qalib gəlsin” xeyir-duası ilə başlayan Birinci Avropa Oyunlarının standartlarının Azərbaycanda yazılması ilə respublikamız Avropanın idman xəritəsində mühüm ölkə olduğunu sübut etdi. Maraqlı və gərgin keçən yarışlar, idmançılarımızın uğurlu çıxışları Azərbaycan xalqının sevincinə səbəb oldu. “Onu da bir daha xatırlatmaq istəyirəm ki, Avropa Oyunlarının hazırlanması üçün bizim cəmi iki il vaxtımız var idi. İllərlə, bəlkə də 7-8 il ərzində görülən işləri biz iki il ərzində görə bildik. Bu Oyunlarla bağlı Bakının ən müasir idman infrastrukturu yaradıldı və əsaslı şəkildə təmir edildi. Bu gün bizim idman qurğularımız xalqımıza, idmançılara xidmət göstərir. Yeni tikilmiş möhtəşəm Olimpiya Stadionumuz, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, təmir edilmiş digər idman obyektlərimiz bu gün ən yüksək standartlara cavab verir və biz bundan sonra da istənilən beynəlxalq yarışı keçirə bilərik” söyləyən cənab İlham Əliyev yarışlarda uğur qazanan idmançılarımızı ən yüksək səviyyədə təltif etdi. İlk Avropa Oyunlarında 21 qızıl, 15 gümüş, 20 bürünc medal alaraq qitə ikincisi olmaq şansını qazanan idmançılarımız azarkeşlərini, Azərbaycan xalqını sevindirdi. Azərbaycanın Birinci vitse- prezidenti, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın vurğuladığı kimi, I Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkili respublikamızın iqtisadi müstəqilliyinin, inkişafının nəticəsi olmaqla idmanın inkişafına göstərilən diqqəti də dünyaya bəyan etdi: “ Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi.” Həmin günlərdə bir daha təsdiqləndi ki, milli mədəniyyəti ilə seçilən və bəşəri dəyərlərə hörmətlə yanaşan Azərbaycan idmanla mədəniyyətin sintezini nümayiş etdirməklə Avropa ilə Asiya arasında körpü olduğunu növbəti dəfə dünya ictimaiyyətinə bəyan etdi.

İdman uğurlarımızda xüsusi yer tutan, 200-dən çox ölkənin iştirak etdiyi Rio Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunan, 18 medal qazanan gənclərimiz Azərbaycanın idman salnaməsinə yeni səhifələr yazdılar. Bu göstəriciyə görə Azərbaycanın adı yarışlarda iştirak edən ölkələr arasında ilk sıralarda çəkildi.

Bir neçə ildir ki, ardıcıl olaraq paytaxtımızda Formula -1 yarışlarının təşkili ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyət kəsb edir. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışların bütün qitələrdə maraqla izlənilməsi Azərbaycanın dünyaya təqdimatı baxımından da əhəmiyyətlidir. Bakıda Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi ilə Azərbaycan dünyada qüdrətli, eyni zamanda, ən müasir infrastruktura, ən gözəl xidmət sahələrinə malik, təhlükəsizliyi təmin olunan ölkə kimi tanındı.

Azərbaycanda idmana göstərilən diqqətin növbəti təqdimatı IV İslam Həmrəyliyi Oyunları oldu. Təmsil olunan ölkələrin və iştirakçıların sayına görə əvvəlki yarışlardan fərqlənən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan bu baxımdan da diqqəti cəlb etdi. Prezident İlham Əliyevin idmana, gənclərin fiziki tərbiyəsinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi 54 ölkənin iştirak etdiyi yarışlarda qazanılan 75 qızıl, 50 gümüş, 37 bürünc medal çəkilən zəhmətin, fədakarlığın bəhrəsi kimi hamını heyran etdi. Bütün dünya ictimaiyyəti İslami dəyərlərin insanlara həmrəylik, bərabərlik bəxş etdiyinin şahidi oldu. İslamiada çərçivəsində 16 idman arenasında təşkil olunan yarışlarda Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.

II Avropa Oyunlarının keçirildiyi Minskdə idmançılarımızın qazandığı 5 qızıl, 10 gümüş, 13 bürünc medal Azərbaycan idmançılarının aktivinə yazılan qələbələrin sayını artırdı. II Avropa Oyunlarında ilk onluqda yer alan milli komandamız idman tariximizə yeni səhifələr yazdı

Bu günlər paytaxtımızda yeni bir möhtəşəm idman yarışının xoş əhval-ruhiyyəsi dolaşır, Azərbaycanda növbəti beynəlxalq idman yarışına start veriləcəyi gün yaxınlaşır. Aprelin 26-28-də Formula -1 Azərbaycan Qran-prisinin, mayın 29-da UEFA Avropa Liqasının final qarşılaşmasının keçirildiyi Azərbaycanın iyulin 21dən -27-dək XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi etməsi o deməkdir ki, respublikamız böyüktutumlu , möhtəşəm yarışları keçirmək iqtidarında olan qüdrətli ölkədir.

İdeyası ilk dəfə 1990-cı ildə Jak Roq tərəfindən irəli sürülən, 14-18 yaşlı avropalı yeniyetmələr üçün nəzərdə tutulan bu yarışlar ilk dəfə Brüsseldə keçirilib. Tarixin tək illərində, iki ildən bir, qışda və yayda təşkil olunan bu yarışlarda gənclər öz güclərini sınayırlar. Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunur. Festival Asiya Gənclər Oyunları və ya Panamerika Gənclər Oyunları kimi ənənəni Avropada davam etdirmək imkanı yaradır.

Ümumilikdə 50 Avropa ölkəsindən 3.600-dən çox idmançı və texniki nümayəndənin iştirak edəcəyi XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı 122 idmançı, 2500-dən artıq könüllü təmsil edəcək. Emblemi Azərbaycan xalq nağıllarının sevimli qəhrəmanı cırtdan və bəbir olan Festivalda idmanın bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.

“Biz idmanın kütləviliyini daim diqqət mərkəzində saxlamalıyıq. Çünki bizə, əlbəttə, idman nəticələri, qələbələr lazımdır. Eyni zamanda, bizə sağlam gənclər lazımdır. Hər bir gənc idmanla məşğul olmalıdır. Çalışmaq lazımdır ki, idmanla məşğul olmayan gənc qalmasın. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində, mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər” söyləyən cənab İlham Əliyev dünya birliyində ölkəmizi tanıdan, Azərbaycan bayrağı altında çıxış edən idmançıları “bizim səfirlərimiz” adlandırır. Çətin mübarizə şəraitində keçən yarışlara məsuliyyətlə, vətənpərvərlik ruhu ilə hazırlaşan gənclərimizin məqsədi və hədəfi aydındır: Azərbaycana qələbə qazandırmaq, bayrağımızı yüksəklərə qaldırmaq.

Bütün Festival iştirakçılarına uğurlar arzulayırıq.

İnanırıq ki, azərbaycanlı yeniyetmələr idmançılarımızın I Avropa Oyunlarında qazandıqları qələbələri yeniləməklə, medalların sayına əlavələr edəcəklər.

Xuraman İsmayılqızı, “İki sahil”