28 yanvar 2020 17:16
1139

Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb

“Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb. Milli Məclisə seçkilər öncəsi müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda seçki kampaniyası ciddi rəqabət şəraitində keçir”. Bu fikirləri secki-2020.az saytına açıqlamasında Türkiyənin tanınmış vətəndaş cəmiyyəti fəallarından olan, Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru Gözde Dizdar bildirib. 

“Azərbaycan hər zaman seçkilərə ciddi hazırlaşır. Mən 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi qismində iştirak etmişəm. Onu deyə bilərəm ki, Bakıda olduğum məntəqələrdə hər şey beynəlxalq standartlara uyğun idi. Seçki prosesini izləyən müşahidəçilər arasında müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələr var idi. Bu da şəffaflıq üçün olduqca vacibdir”, - deyə Gözde Dizdar vurğulayıb.

O bildirib ki, yeni formalaşacaq parlament ölkənin gələcək inkişafında mühüm rola malikdir: “Əminəm ki, Azərbaycan xalqı seçkilərdə fəal şəkildə iştirak edərək, öz iradəsini ortaya qoyacaq. Bu, çox vacibdir”.