16 oktyabr 2019 19:56
1197

Azərbaycanda özəl sektorun ümumi daxili məhsulda payı 85 faiz təşkil edib

Prezident İlham Əliyev: Azərbaycanda geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb

Əsası on il  bundan əvvəl - 2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü türkdilli ölkələr arasında iqtisadi əlaqələrə kiçik və orta sahibkarlığa həsr edilib. Türk Şurasının VII Zirvə Görüşündə iqtisadi sahədə atılan addımlar, verilən qərarlar da əvvəlki sazişlər kimi, dünyada türk birliyinin daha da güclənməsinə şərait yaradacaq. Türkdilli dövlətlərin ortaq mövqeyinin, dostluq, qardaşlıq əlaqələrinin ikitərəfli və çoxtərəfli müstəvidə daha da güclənməsi bu quruma üzv ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə  böyük töhfələr verir. Şübhəsiz, Türk Şurasının Bakıda keçirilən 7-ci sammiti çərçivəsində görülən işlər türk dünyasının siyasət və iqtisadiyyatının inteqrasiyasının sürətlənməsinə ciddi təkan verəcək. 

Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın iqtisadi potensialının artması nəticəsində ölkəmizin dünya birliyində mövqeləri güclənib, beynəlxalq siyasi-iqtisadi əlaqələri genişlənib. Son illər bütün sahələrdə şəffaflığın təmin edilməsi,  investorların maraqlarının qorunması, vergi ödəmələri və müqavilələrin bağlanması sahəsində aparılan islahatlar Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli imkan yaradıb.

Ölkəmizin dünya təsərrüfat sisteminə inteqrasiyası milli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Neft sektorunda olduğu kimi, qeyri-neft bölməsinə də xarici investisiyaların cəlb edilməsi və bu məqsədlə ölkədə əlverişli və dinamik tənzimlənən biznes mühitinin formalaşdırılması bu sektorda sıçrayışlı inkişafa təkan verib.

Azərbaycanın inkişaf edən və şaxələnən iqtisadiyyatı artıq beynəlxalq maliyyə  təşkilatlarının və reytinq agentliklərinin də diqqətini cəlb edir. Ölkəmiz ildən-ilə dünyanın aparıcı beynəlxalq təşkilatlarının hazırladıqları hesabatlarda öz mövqeyini xeyli yaxşılaşdırır. Məsələn, Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb.

Prezident İlham Əliyev VII Zirvə Görüşündəki nitqində bildirib ki, Azərbaycanda geniş fəaliyyət imkanlarına malik güclü  sahibkarlar sinfi formalaşıb: “Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Bu ilki tədbirimizin “ Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktuallıq kəsb edir. 2017-ci ildə Azərbaycanda Kiçik və Orta biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kreditlər  ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edib”.

Azərbaycanda dövlət-sahibkar münasibətlərinin və qeyri-neft sektorunun inkişafı, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqətdə saxlanılır. Sahibkarlığın və özəl sektorun inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.

Son illərdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində mühüm addımlar atılıb. Vergi və gömrük sahəsində son illər aparılan mütərəqqi islahatlar, Vergi Məcəlləsində edilmiş son dəyişikliklər, respublikamızda münbit biznes mühitinin yaradılması istiqamətində atılan addımlar sahibkarlığın inkişafı üçün olduqca mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısının rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına böyü töhfələr verir. Belə ki, gömrük orqanlarının sahibkarlıq subyektləri ilə səmərəli dialoqu qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir və qanunvericilik ardıcıl olaraq təkmilləşdirilir.

2018-ci ildə  Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması da bu istiqamətdə atılan mühüm addımlardandır. Məqsəd sahibkar məmnunluğuna nail olunmaqla xidmətlərin təşkili, göstərilən xidmətlər haqqında sahibkarların maarifləndirilməsi, eləcə də gömrük qanunvericiliyinin icrası zamanı dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, kiçik və orta biznesin ixrac potensialının artırılması məqsədilə qarşılıqlı fəaliyyətin təşkili və birgə layihələrin icra edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini tənzimləməkdir.

Hazırda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində mühüm tədbirlər həyata keçirir.

Bu gün Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, kiçik və orta biznesin inkişafına dövlət dəstəyinin gücləndirilməsi respublikamızın ixrac potensialının artırılmasına, ölkəyə valyuta axınının gücləndirilməsinə,  həmçinin əhalinin məşğulluğunun, onun sosial imkanlarının daha da artmasına, sosial müdafiəsi ilə bağlı məsələlərin öz həllini tapmasına böyük töhfələr verir.

Zahid Rza, “İki sahil”