14 fevral 2020 10:37
1201

Azərbaycanda televiziyanın yaranmasından 64 il ötür

1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb

Paytaxt Bakıda televiziya mərkəzi üçün binanın inşası 1954-cü ildə start götürdü. Tikinti üçün Bakının ən hündür məkanlarından biri olan Mehdi Hüseyn küçəsi 1 ünvanı seçildi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. Teleqüllənin inşası hələ başa çatmadığı üçün Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. Tezliklə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. İlk veriliş günü ekranda çıxışını “Göstərir Bakı!” kəlməsi ilə açan gənc aktrisa Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirildi. Beləliklə, Şərqdə ilk televiziya 1956-cı ildə məhz ölkəmizdə fəaliyyətə başlamış oldu.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5, 1962-ci ildən isə gündəlik 7, 70-ci illərdən isə 10, 80-ci illərdən 18, 2005-ci ildən isə 24 saatlıq fasiləsiz yayıma keçdi. Elə həmin ildən Azərbaycan Dövlət Televiziyası Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.

1957-ci il iyunun 9-da ilk dəfə Respublika Stadionundan futbol oyunu translyasiya edildi. Stadiondan reportajı radiojurnalist Valid Sənani aparırdı. İyunun 28-də isə həmin stadiondan tələbə və gənclərin festivalı göstərildi. Sonra Azərbaycan Dövlət Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası və digər konsert salonlarından birbaşa yayımlara başlanıldı. Yalnız 1970-1972-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə aparıldıqdan sonra informasiya proqramlarında reportajların göstərilməsinə başlanıldı. 1970-ci ildən Moskva, 1973-cü ildən isə Azərbaycan televiziyası proqramları rəngli yayımlamağa başladı.

Azərbaycan televiziyası xəbərlər buraxılışını 1960-cı ildən efirə verib. İlk dövrdə bu veriliş “Günün yenilikləri” adlanırdı, sonradan “Son xəbərlər” adı ilə həftədə 5 dəfə efirdə göstərildi. 1960-cı il dekabrın 31-də ilk dəfə “Sizinlə birlikdə” Yeni il proqramı nümayiş olundu. Canlı efirdə 2 saatdan artıq davam edən verilişdə musiqi, müsahibə, təbriklər, səhnəcik, bir neçə müəssisədən çəkilmiş süjet və söhbətlərdən istifadə edildi. Proqramın müəllifi və rejissoru Kərim Kərimov, aparıcısı isə xalq artisti Möhsün Sənani idi. 1956-cı ildə Bakı televiziya studiyasına Ənvər Əlibəyli, Radioinformasiya idarəsinə isə İsrafil Nəzərov rəhbərlik edirdilər.

Ötən 64 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib. 1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin ölkə ərazisində fəaliyyət göstərən 123 radio-televiziya yayım stansiyasında istismar olunan 102 rəqəmli TV vericisi vasitəsilə televiziya yayımı təmin edilir. Ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi televiziya yayımı ilə əhatə olunub.

Sevinc Azadi, “İki sahil”