18 iyul 2019 17:12
1005

Azərbaycanda üzən günəş enerji sistemləri yaradılır

Azərbaycanda həyata keçirilən “Üzən günəş enerji sistemlərinin inkişafı” pilot layihənin bütün infrastruktur elementlәrinin әtraf mühit baxımdan tәsirlәri Asiya İnkişaf Bankının (AİB) Təhlükəsizlik Siyasətinin Maddələrinin tәlәblәrinә uyğun qiymәtlәndirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə AİB, Azərbaycan Energetika Nazirliyi, “Təmiz Şəhər” ASC, “Azerbaijan Energy Engineering & Conculting” MMC-nin, Sabunçu Rayon İcra Hakimiyyəti, bələdiyyələr və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə sözügedən layihənin müzakirəsi zamani qeyd edilib.

Qiymәtlәndirmәyә görә, layihәnin әtraf mühitә heç bir mәnfi tәsiri olmayacaq. Әtraf mühit baxımdan layihәnin hәyata keçirilmәsini tәmin etmәk üçün institusional hüquqi baza hazırlanıb. Әtraf Mühitin Monitorinq Planına uyğun olaraq, bütün tikinti vә istismar fәaliyyәtinin monitorinqi aparılacaq.

Qeyd edək ki, 100 kVt gücә malik üzən günəş panelinin quraşdırılmasını nəzərdə tutan pilot layihə AİB-in maliyyə dəstəyi ilə məsləhətçi qismində İspaniya şirkəti EQO-NİXUS və yerli Azərbaycan şirkəti “AEEK” MMC tərəfindən icra edilir. Layihənin icra qurumu qismində isə Energetika Nazirliyi çıxış edir.  

Layihə Azərbaycanla yanaşı, Əfqanıstan və Qırğızıstanda da həyata keçirilir. Layihəyə bu ölkələrdə pilot üzən günəş qurğularının quraşdırılması və daha böyük ölçüdə qurğuların qiymətləndirilməsinin aparılması, özəl sektorun iştirakı üçün biznes modellərinin işlənilməsi və üzən günəş enerji sistemlərinin layihələndirilməsi, tikintisi və istismarı üzrə əlaqədar qurumların potensialının artırılması daxildir.