17 yanvar 2020 15:06
722

Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq

Azərbaycanda keçiriləcək parlament seçkiləri digər ölkələr üçün təcrübə və nümunə olacaq.

Bunu secki-2020.az saytına açıqlamasında qazaxıstanlı ekspert, jurnalist Nurqali Yusipbay deyib.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra böyük inkişaf yolu qət etdiyini bildirən ekspert deyib: “Bu gün də Azərbaycan inkişaf edir. Son dövrlər Azərbaycanda iqtisadi, sosial, mədəni və digər sahələrdə çox böyük islahatlar həyata keçirilir. Sosial islahatlar və vətəndaşların rifahının yüksəlməsinə hesablanmış addımlar bunun ən bariz nümunəsidir. Həmçinin şəffaflığın təmin edilməsi, eləcə də dövlət siyasətində vətəndaşa xidmət prinsipinin əsas tutulması xüsusilə diqqət çəkir. Həyata keçirilən islahatlar seçki mühitinə də müsbət təsir edir. Əminliklə deyə bilərik ki, fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanın demokratik ənənələrini daha da gücləndirəcək və digər ölkələr üçün müsbət seçki nümunəsi olacaq”.