12 sentyabr 2019 10:18
83

“Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi”

Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu mövzuda keçirilən “dəyirmi

masa”da bildirdi ki, vahid milli mövqeyin ortaya qoyulması, siyasi proseslərdə xarici maraqların və xarici istəklərin ifadə olunmasına qarşı milli dəyanətin göstərilməsi böyük əhəmiyyət kəsb edir

Dünən “Park İnn” otelində ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, siyasi ekspertlərin və media nümayəndələrinin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda “dəyirmi masa” keçirildi.

Tədbiri giriş sözü ilə açan Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirdi ki, Azərbaycan dövləti uğurla inkişaf edir, onun beynəlxalq müstəvidə mövqeyi güclənir. Bu isə xaricdəki müəyyən dairələri narahat edir.

Deputat vurğuladı ki, xaricdəki antiAzərbaycan qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar: “Azərbaycandan kənarda yaşayan bəzi azərbaycanlılar sosial şəbəkələrdən, internet televiziyalarından intensiv olaraq canlı yayımda xalqı çaşdırmağa çalışır, dövlətimizə, dövlət başçısına qarşı şər-böhtan atırlar. Onlar ölkəni xaosa çevirmək, əldə etdiyimiz bütün uğurları məhv etmək istəyirlər. Bu ssenarinin təməl daşını qoyan məhz Avropada məskunlaşan və onlara dəstək verən dağıdıcı antimilli qüvvələrdir. Ölkəni anarxiyaya sürükləmək istəyən həmin insanlar Azərbaycana düşmən olan qüvvələr tərəfindən idarə olunurlar, maliyyələşdirilirlər. Eyni zamanda, məqsəd Azərbaycan dövləti və iqtidarı ilə xalq arasında etimadsızlıq toxumu səpmək, xalqla iqtidar arasındakı birliyi sarsıtmaqdır. Bütün bunlar Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına qarşı yönəlmiş olan xətdir. Biz dövlət maraqları naminə bu çirkin fəaliyyəti, ölkəmizdəki siyasi proseslərə xarici müdaxilə cəhdlərini qətiyyətlə pisləməliyik və pisləyirik.”

Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək qeyd etdi ki, siyasi proseslərə xarici müdaxilələrin qarşısının alınması üçün ayrı-ayrı siyasi partiyaların və ictimai birliklərin birgə mübarizə aparmaq qərarına gəlməsi ideyasını dəstəkləmək lazımdır: “ Ümumiyyətlə, ayrı-ayrı ölkələrin təcrübəsində bu və ya digər ölkələrə müxtəlif şəkillərdə təsirlər göstərmək, onların daxili işlərinə qarışmaq həmişə tətbiq olunub. Müasir şəraitdə bu təcrübə daha da genişlənərək yeni formalar kəsb edir. Təbii ki, siyasi proseslər və seçkilər bu formalar içərisində daha ciddi şəkildə tətbiq olunan formalardan biridir.”

YAP Sədrinin müavini çıxışında bu faktı diqqətə çatdırdı ki, 1993-cü ilin fevral ayında ulu öndər Heydər Əliyev Bakıda Yeni Azərbaycan Partiyasının fəalları ilə görüşərkən tədbirdə çıxış edənlərin bəziləri tərəfindən  Əbülfəz Elçibəyin şəxsiyyəti ilə əlaqədar xoşagəlməz fikirlər səsləndirildi. Ümummilli Lider  o çıxışları dayandıraraq bildirdi ki, Əbülfəz Elçibəy Azərbaycanın Prezidentidir. Onun şəxsiyyəti haqqında hər hansı xoşagəlməz fikirlərin səsləndirilməsi yolverilməzdir. Bir siyasi partiya kimi onların apardığı siyasəti tənqid edirik, amma Prezident Azərbaycanın Prezidentidir, hər birimizin Prezidentidir. Ona qarşı belə ifadələrin səsləndirilməsi yolverilməzdir.

“Bu fikirləri ona görə səsləndirirəm ki, istənilən siyasi partiya, siyasi qüvvə ölkənin daxili maraqlarını rəhbər tutaraq fəaliyyət göstərməli, bütün fəaliyyəti ilə bu nümunəni nümayiş etdirməyə çalışmalıdır” söyləyən Ə.Əhmədov qeyd etdi ki, Azərbaycanın, bütün dünya dövlətlərinin qanunvericiliyinə görə, yalnız ölkənin vətəndaşı   ölkənin Prezidenti seçilə bilər, ölkənin deputatları ölkənin vətəndaşları olmalıdır: “Ölkədə siyasi partiyaların yaradılması hüququ o ölkənin vətəndaşlarına məxsusdur. Yaradılan siyasi təşkilat o ölkənin daxilində fəaliyyət göstərməli, yalnız ölkə vətəndaşlarının, hüquqi və fiziki şəxslərin ayırdıqları vəsait hesabına maliyyələşə bilərlər. Bu şərtlər ona görə müəyyənləşib ki, ölkədə cərəyan edən proseslər yalnız ölkə vətəndaşlarının iştirakı ilə ölkənin maraqlarının qorunması, ölkə maraqlarına hər hansı xarici təsirlərin daxil olmasına imkan verilməməsi şərtilə reallaşdırıla bilər. Bütün dünyada bu normalar mövcuddur və  siyasi proseslər bu normalara riayət edilərək həyata keçirilir.”

YAP Sədrinin müavini vurğuladı ki, təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda son vaxtlar xaricdə fəaliyyət göstərərək mühacir qismində sığınacaq almış bəzi üzdəniraq şəxslərin ölkənin siyasi proseslərində yaxından iştirak etmək cəhdlərində olması halları müşahidə edilir: “Həmin şəxslər xaricdən sığınacaq almaqla Azərbaycan vətəndaşlığından imtina etməyə bərabər addım atıblar. İkincisi, xaricdə sığınacaq aldığına görə çox məhdud dövlət yardımı ilə yaşayan insanların geniş siyasi fəaliyyət göstərmək, təbliğat maşını yaratmaq, onu idarə etmək kimi imkanları yoxdur. Deməli, bunlar istəsələr də, istəməsələr də bu fəaliyyəti göstərmək üçün hər hansı bir kənar maliyyə dəstəyinə ehtiyac duyurlar və bu dəstəyi almaq üçün ayrı-ayrı maraqlı qüvvələrin təsiri altına düşməyə məhkumdurlar. Digər tərəfdən, onlar bu məsələdə maraqlı olan xüsusi xidmət orqanları üçün tamamilə açıq olurlar, ardıcıl olaraq xarici xüsusi xidmət orqanları tərəfindın asanlıqla ələ alına bilən, yönəldilə bilən bir qrupa çevrilirlər. Bu mənada o insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir”.”

Ə.Əhmədov qeyd etdi ki, həmin şəxslər asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilərlər: “Ona görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir. Bəziləri guya “Youtube”da izləyicilərinin hesabına gəlir əldə etdiklərini iddia edirlər. Bu, əsassızdır, araşdıra bilərsiniz. Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hanısa xarici qüvvənin yox. Təəssüf ki, bu gün mühacirlərin əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı “demokratik”, Azərbaycanı isə “qeyri-demokratik” göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var.”

“Ayrı-ayrı dövrlərdə xarici emissarların Azərbaycanda keçirilən mitinqləri, küçə yürüşlərini nə dərəcədə yaxından izlədikləri və yaxud hansısa formada yönəltdikləri ilə bağlı kifayət qədər misallar gətirmək mümkündür” söyləyən Ə.Əhmədov qeyd etdi ki, hakimiyyət iddiasında olan bütün siyasi partiyalar ilk növbədə milli maraqlardan çıxış edərək siyasi proseslərin iştirakçısı olmalıdır və hər hansı kənar qüvvənin siyasi proseslərə müdaxilə etməsinə imkan verməməlidirlər. Biz ona görə narahatıq ki, bu gün xaricdə mühacir qismində sığınacaq tapmış bəzi insanların indiki texnologiyanın imkanlarından istifadə edərək Azərbaycana qarşı apardıqları çirkli təbliğat kampaniyasına qarşı qəti sözümüzü deməyi bacarmalıyıq. Bu mənada bugünkü tədbiri xüsusi qiymətləndirmək istəyirəm.

YAP Sədrinin müavini “Əvvəldə də qeyd etdiyim kimi, bu qüvvələrin apardıqlarıı təbliğat kampaniyasının əsas hədəfi Azərbaycan Prezidentini nüfuzdan salmaqdır” söyləyərək vurğuladı ki, onların Azərbaycanın siyasətinə hər hansı formada təsir etmək imkanları sıfıra bərabərdir: “Azərbaycan Prezidentinin apardığı siyasət yalnız dövlətimizin maraqlarına xidmət edir. Təbii ki, Azərbaycana bu istiqamətdə təsir etməyin yollarından biri Prezidentini hörmətdən salmaq, yenə də bu işi ölkə vətəndaşlarının əli ilə etmək təcrübəsindən yararlanmaqdır. İkinci əsas səbəb, Azərbaycanın fundamental dövlətçilik prinsiplərini zəiflətməkdir. Son vaxtlar həmin qüvvələr Ermənistanın ideallaşdırılması ilə bağlı çox ciddi kampaniyaya başlayıblar. Sanki öz aləmlərində “demokratik Ermənistan”, “demokratik Ermənistan lideri” obrazını yaradırlar. Bu, Azərbaycanın fundamental dayaqlarına ona görə zərbə hesab olunmalıdır ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin əsas prinsiplərindən biri “demokratik düşüncəli ermənilər”lə “demokratik düşüncəsi olmayan azərbaycanlılar”ın bir yerdə yaşaya bilməzliyi ilə bağlı tezisdir. Bu təbliğatın Azərbaycanın maraqlarına nə qədər böyük zərbə vurduğunu görməmək mümkün deyil. Yaxud Azərbaycan Ordusunun gücünə, qüdrətinə kölgə salmaq istiqamətində aparılan təbliğat da bütövlükdə Azərbaycanın milli maraqlarına qarşı göstərilən cəhdlərin tərkib hissəsidir. Yaxud seçkilərdə iştirak etməmək, alternativ mübarizə formalarını tapmaq və tətbiq etmək cəhləri də onların normal siyasi mübarizə aparmaq düşüncələrinin olmadığını nümayiş etdirir. Bütün bunlarla əlaqədar olaraq hər birimizin, sağlam düşüncəli qüvvələrin, ictimai birliklərin milli maraqlar naminə birləşməsi çox böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə atılacaq vacib addımlardan biri xarici müdaxilələrə qarşı birgə səylərin göstərilməsidir. Vahid milli mövqeyin ortaya qoyulması, siyasi proseslərdə xarici maraqların və xarici istəklərin ifadə olunmasına qarşı milli dəyanətin göstərilməsi böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, hazırkı müzakirələr bu istiqamətdə iştirakçıların vahid mövqeyinin ortaya qoyulmasına geniş imkanlar yaradacaq.”

Tədbirdə BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Vəhdət Partiyasının sədri, Milli Məclisin depuatı Tahir Kərimli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, AXP sədri Pənah Hüseynov, ADP sədri Sərdar Cəlaloğlu, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, hüquq müdafiəçisi Novella Cəfərova və başqaları çıxış edərək bildirdilər ki, bu məsələdə bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti həmrəylik nümayiş etdirməlidirlər.

YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov “dəyirmi masa”da bəzi müxalifət partiyaları tərəfindən səsləndirilən iddiaları da cavablandırdı: “Heç bir təşkilat hansısa ölkənin daxili işinə qarışa bilməz. Onlar müşahidə apara bilərlər. Kiminsə seçilməsi ilə bağlı məsələ ortaya qoya bilməzlər.”

Ə.Əhmədov, eyni zamanda, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü ilə bağlı səsləndirdiyi fikirlərə də cavab verdi: “Sərdar Cəlaloğlu, sən Petruşevla danışıqlarda iştirak etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də “Dostluq” ordeni var. Rusiyada da, həmçinin bu ənənə var. Bu, torpağın qorunmasına və müdafiə olunmasına görə deyil, sadəcə, dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə təqdim edilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?”

YAP Sədrinin müavini qeyd etdi ki, bu görüşdə toplaşmağın əsas məqsədi Azərbaycanda siyasi proseslərə xarici müdaxilələr məsələsini müzakirə etməkdir: “Əgər biz müzakirəyə çıxarılan məsələ ilə əlaqədar fikir mübadiləsi aparıb vahid qərara gəlmək istəyiriksə, bu barədə danışaq. Əksinə, digər məsələləri bu tribunadan istifadə edib bura tökmək istəyiriksə, heç nəyə nail ola bilməyəcəyik.”

“Dəyirmi masa”nın sonunda bəyanat qəbul olundu. Bəyanatda deyilir ki, biz, ölkəmizdəki “Siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda təşkil edilmiş “dəyirmi masa”nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə bəyan edirik ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcək; siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu quruculuğuna və Silahlı Qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir; ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır; vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda, davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır; respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqazidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk.

Yeganə Əliyeva,

Vüsal Cahanov (foto),

“İki sahil”