25 iyun 2019 10:31
1242

Azərbaycanın beynəlxalq aləmdə növbəti uğurlu təqdimatı

Əsrlərə söykənən milli mənəvi dəyərləri, bəşəriyyətə verdiyi töhfələri ilə tanınan Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası münasibətlər tolerantlıq üzərində inkişaf etdiyi üçün ölkəmizdə bütün dünya xalqlarının adət-ənənələrinə, mədəniyyətinə hörmətlə yanaşılır, dini ayrı-seçkilik hallarına yol verilmir. Bu baxımdan respublikamızın sivilizasiyalararası münasibətlərdə möhkəmlənən mövqeyinin dəstəklənməsi təsadüfi deyildir. “Biz, Azərbaycanda öz milli mənəvi dəyərlərimizə söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin inkişafına, milli mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk” söyləyən ulu öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə, xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Başqa dinlərə dözümlülük və qarşılıqlı anlaşma şəraitində yaşayan Azərbaycan xalqının başqa millətlərə münasibətində multikulturalizm ənənələrinin ana xətt təşkil etdiyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr çoxşaxəlidir. Ən başlıca dəyər mədəni körpülərin qurulmasına yönələn səylərdir ki, onlar Asiya və Avropa, Avropa ilə müsəlman dünyası arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edir: “Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır.”

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr milli mənəvi ideyaları, humanist, insanpərvər dəyərləri əks etdirməklə gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təminatına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, milli mənəvi dəyərlərimizin təbliğinə istiqamətlənən humanist xidmətlərin əsasını isə xoş məramlar, ülvi duyğular təşkil edir.

Bu baxımdan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi zəngin dövlətçilik tarixinə, milli mənəvi sərvətlərə malik Azərbaycana marağın növbəti ifadəsidir. Dövlətimizin başçısı İlham Əliyevin UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu il Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqındakı Sərəncamı bir daha bu reallığı təsdiqləyir ki, tariximizi, mədəni sərvətlərimizi qorumaq və dünya irsinin müdafiə və mühafizəsinə dəstək göstərmək ölkəmizin dövlət siyasətinin tərkib hissəsidir.

Bu işlərdə təbii ki, təşəbbüskar Mehriban xanım Əliyevadır. “Azərbaycanı çox vaxt Qərblə Şərq arasında körpü adlandırırlar. Bu, hələ tarixi Böyük İpək Yolu dövründən ölkəmizin əlverişli coğrafi-siyasi mövqeyə malik olması ilə bağlıdır... Mən fəxr edirəm ki, ölkəmizdə tamamilə bənzərsiz bir mədəni məkan yaranmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik” söyləyən, mədəni irsimizin qorunub saxlanılmasında, təbliğində, beynəlxalq səviyyədə humanitar layihələrin keçirilməsində fərqlənən UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri böyükdür.

Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, birgəyaşayış qaydalarının hökm sürdüyü Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi olduğunu respublikamızda keçirilən humanitar Forum və dialoqların təşkili ilə təsdiqləyib. Təsadüfi deyil ki, bir çox dövlətlər ölkəmizin tolerantlıq, multikulturalizm təcrübəsindən yararlanmağa çalışırlar.

Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti, müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi naminə gördüyü işlər sivilizasiyalararası dialoqun genişləndirilməsi istiqamətində qazanılan mühüm nailiyyətdir. Məhz onun səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti, İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisidir. Məhəmməd Füzulinin 500 illik, Kitabi-Dədə Qorqud dastanının 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri və digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib.

Təşkilatla Azərbaycanın birgə səyi nəticəsində inkişaf edən əməkdaşlığın ən bariz nümunəsi isə cari ilin 30 iyun-10 iyul tarixlərində ölkəmizdə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsidir. Tədbirin yüksək səviyyədə təşkili üçün yaradılan Təşkilat komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev bildirir ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının mötəbər tədbirlərinin Azərbaycanda keçirilməsi müstəqil dövlətimizin artan nüfuzundan xəbər verir. Ötən il Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycanın bir il müddətinə komitəyə başçılıq etməsi ilə bağlı qərarın qəbulu ölkəmizin qurumla əməkdaşlığının nümunəsidir.

UNESCO-Azərbaycan əməkdaşlığının uğurlu inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Milli irsimizin təbliğinə qayğı göstərən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə bu gün üçün deyil, gələcək naminə göstərilən misilsiz xidmət kimi dəyərləndirilir. Bakıda Beynəlxalq Muğam mərkəzinin yaradılması, Beynəlxalq Muğam festivalının keçirilməsi, mədəni və tarixi abidələrin bərpası, qadın siyasətinin təkmilləşdirilməsi, beynəlxalq simpozium və konfransların təşkili ilə bağlı görülən işlər Fondun təşəbbüsü ilə reallaşan layihələrin yalnız bir hissəsidir. Əsasən xeyirxahlıq missiyasına xidmət edən layihələrin müəllifi Mehriban xanımı təsadüfən “UNESCO-nun bayraqdarı” adlandırmırlar. Özünüifadənin ən inanılmış nümunəsi olan “Musiqinin dili ilə danışmaq” ənənəsini layihələrində yaşadan Heydər Əliyev Fondunun çoxillik təcrübəsi, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması istiqamətində görülən işlərin hər biri dünyəvi əhəmiyyət daşıyır.

Təsdiq olunmuş faktdır ki, Azərbaycan özünün çoxəsrlik tarixi boyunca təkcə enerji, nəqliyyat dəhlizi kimi deyil, həm də mədəniyyətlərin dialoqunda öz sözünü əməli fəaliyyəti ilə deyən nadir ölkələrdəndir. Fəaliyyətini əsasən humanizm prinsipləri əsasında təkmiləşdirən UNESCO alimləri, siyasətçiləri, ictimai-siyası xadimləri, mədəniyyət təmsilçilərini vahid maraq naminə birləşdirir.

Xeyirxahlığı, humanizmi təbliğ edən layihələri ilə dünyada rəğbət qazanan Mehriban xanım Əliyevanın bütün fəaliyyəti insanlara xidmət prinsiplərinə əsaslanır. Qitələri və sivilizasiyaları birləşdirən ölkəmizdə keçirilən “Gənclər sivilizasiyaların alyansı naminə”, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Forum və konfranslardakı çıxışında Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsini dünyada sülhün bərpası naminə ən humanist təcrübə adlandıran Mehriban xanım “Biz mədəniyyətlərin və sivilizasiyaların dialoqu haqqında ayrı-ayrı dillərdə danışırıq. Burada “ayrı-ayrı dillər” dedikdə, müxtəlif xarici dilləri nəzərdə tutmuram... Biz sivilizasiyaların dialoqu və ya qarşıdurması ilə bağlı müxtəlif siyasi və elmi doktrinaları müzakirə edirik” sözləri terrorlara dəstək göstərənləri, dini zəmində qarşıdurma yaradanları, siyasətə ikili standartlar baxımından yanaşanları haqqa, ədalətə, birlik və həmrəyliyə çağırmaqdır.

Ən önəmli tədbirlərin keçirilməsində zəngin təcrübəyə malik Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ciddi hazırlıq görülür. Bu günədək 122 ölkə və 2000-dən artıq iştirakçısının 14 kateqoriya üzrə qeydiyyatdan keçdiyi sessiyanın davam etdiyi günlərdə paytaxtımızda konsertlər, qüdrətli ölkəmizin tarixi-məndəni zənginliyini əks etdirən gəzintilər təşkil olunacaq, tamaşalar göstəriləcək. Qonaqları heyran edən İçərişəhərə, Qobustan qoruqlarına, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gəzintilər Odlar Yurdunun tanıdılması baxımından daha çox əhəmiyyət daşıyacaq. Sessiya çərçivəsində “Gənc peşəkarların forumu”, “Abidə menecerlərinin forumu” adlı dinləmələr təşkil olunacaq, Qəbələ, Lahıc və İsmayıllıda maraqlı tədbirlər keçiriləcək.

Təbii ki, bütün beynəlxalq tədbirlərə, forumlara, dialoqlara, idman yarışlarına uğurla ev sahibliyi edən Azərbaycanın mədəni həyatında özünəməxsus yeri olan bu sessiyanın təşkili ölkəmizin dünya ictimaiyyətinə növbəti təqdimatı olacaq.

Xuraman İsmayılqızı, “İki sahil”