25 iyun 2019 20:57
182

Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir

Azərbaycanda dini durum sabitdir. Ekstremist və radikal dairələrin din adı altında ayrı-ayrı ölkələrdə törətdikləri fəsadlar, qarşıdurmalar Azərbaycanda mümkün deyil. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycanda bütün sahələrdə sabitlik yaradılıb, təhlükəsizlik təmin edilib. Digər tərəfdən, Azərbaycan xalqı özünün dünyagörüşünə, mentalitetinə, həmçinin tolerant dəyərlərinə görə fərqlənən xalqlardandır. Ölkəmizdə bu istiqamətdə hökumətin həyata keçirdiyi siyasət, həmçinin yerlərdə din xadimlərinin səmərəli fəaliyyəti Azərbaycanda ekstremist-radikal qrupların din pərdəsi altında hər hansı hərəkətinin baş verməsinə imkan vermir və verməyəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəkidə keçirilən “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda konfransın yekununda jurnalistlərə müsahibəsində deyib.

Azərbaycanın dövlət-din modelinin bu gün bütün dünya ölkələri üçün örnək olduğunu vurğulayan Dövlət Komitəsinin sədri bildirib ki, hazırda müsəlman ölkələrində bu təcrübə geniş şəkildə öyrənilir.

Son illər Azərbaycanda məscidlərin, ziyarət yerlərinin təmir olunması, yenilərinin tikilməsi istiqamətində çox böyük işlərin görüldüyünü diqqətə çatdıran Mübariz Qurbanlı deyib: “Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdəki fəaliyyətini, gördüyü işləri xüsusilə qeyd etmək lazımdır. Eyni zamanda, Azərbaycanın tolerant dəyərlərinin, multikultural həyat tərzinin dünyada təbliği istiqamətində Fondun gördüyü işlər də beynəlxalq aləmdə böyük əks-səda doğurur”.