12 dekabr 2019 20:06
1042

Azərbaycanın gələcəyi gənclərə məxsusdur

Dövlət başçısı İlham Əliyev gənclərin böyük potensiala malik olduğunu önə çəkərək bildirir ki, müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır

Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb.   Dahi şəxsiyyət bildirirdi ki,  cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə  öyrətməyimizdən asılı olacaq.  Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməli, lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir.

Əgər ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Onu da xüsusi vurğulayırdı ki, Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər gənclərdir. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verirdi. Bu fakt da inkaredilməzdir ki,  Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumunun xüsusi rol oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum ulu öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral  Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu addım bir daha təsdiqlədi ki, gənclər siyasəti dövlətin siyasətində əsas yer tutur.  Bunun ardınca 1999, 2003, 2005, 2008 və 2011-ci illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyətində mühüm dönüş yaratmaqla, onların fəaliyyət istiqamətlərini genişləndirmələrində əhəmiyyətli rol oynadı.

“Gənclər düzgün, doğru yolla, milli hisslər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar”

1992-ci ilin noyabrında tarixi zərurətdən yaranan, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında da gənclərin böyük çoxluq təşkil etməsi Heydər Əliyevin onlara diqqət və qayğısından qaynaqlanır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin daha çoxluq təşkil etməsinin vacibliyini bildirməklə, bu istiqamətdə tövsiyələrini irəli sürmüşdür. YAP-ın II qurultayında çıxışı zamanı Ümummilli Lider bildirmişdir ki, gərək partiyada gənclərin sayı daha çox olsun. Çünki gənclər bu partiyada birləşməlidir. Həmin çıxışında bir məqam da xüsusi vurğulanmışdır ki, bu günün gənclərinin Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövr keçməsindən xəbəri yoxdur. Onlara həmin dövrün reallıqlarının olduğu kimi çatdırılması vacib şərtdir. Partiyanın gələcəyinə böyük inamla yanaşan ulu öndər Heydər Əliyev bildirmişdir: “ Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan işlərin davamçıları və 1993-cü ildən hakimiyyətdə olan partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar. Hesab edirəm ki, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla, milli hisslər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar.” Bu günümüzün reallıqlarına nəzər salmaqla ulu öndər Heydər Əliyevin həmin dövrdə proqram xarakterli çıxışında əksini tapan bütün vəzifələrin uğurla həyata keçirildiyinin şahidi olarıq. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün YAP-ın 600 min üzvünün 40 faizini gənclər təşkil etməsini şərtləndirən amillər göz qabağındadır.

Gənc kadrların yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Dövlət başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur: “Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq.” Gənclərə diqqət və qayğı, onların təhsilinin inkişafına yönələn addımlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də fəaliyyətinin əsas tərkib hissələrindəndir. SOCAR 2006-cı ildə Təqaüd Proqramını qəbul etmişdir. Proqram çərçivəsində hər il 50 tələbəyə xarici ölkələrin ən nüfuzlu universitetlərində neft ixtisasları üzrə təhsil almaq imkanı yaradılır. Tələbələr Təqaüd Proqramında iştirak etməklə həmçinin, təhsillərini başa vurduqdan sonra ARDNŞ-də ixtisasları üzrə işləmək imkanı əldə edirlər. ARDNŞ-in həyata keçirdiyi “Yay məktəbi” və “Yay təcrübəsi” layihələri də gənc kadrların yetişdirilməsinə xidmət edən addımların tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyevin 29 noyabr 2011-ci il tarixili Fərmanı əsasında Bakı Ali Neft Məktəbinin yaradılmasında da məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir.

Gənclərin xaricdə təhsili ölkənin kadr potensialını gücləndirir

Ötən əsrin 70-80-cı illərində minlərlə Azərbaycan gənci respublikadan kənarda yerləşən nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni və və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini vermişlər. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilməsi siyasəti yenidən formalaşmağa başlanmış, müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri çərçivəsində ayrılmış təqaüd yerləri hesabına gənclərimizin müvafiq ölkələrdə ali təhsil almağa göndərilməsinə təkan verilmişdir. Dövlət başçısı İlham Əliyevin 16 aprel 2007-ci il tarixili Sərəncamı ilə təsdiqlənən “ 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” da Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. Dövlət başçısı İlham Əliyev bildirir ki, neft-qaz Tanrıdan verilən böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez, bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.

Gənclərimiz Azərbaycanın xarici ölkələrdə təbiğatçılarıdır

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın gördüyü işlər gənclərimiz üçün örnəkdir. Onun fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği prioritet istiqamətlərdəndir. L.Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bütün dünya xalqlarına bəyan edilir ki, guya soyqırıma məruz qaldıqlarını saxta fakt və iddialarla subuta yetirməyə çalışan ermənilər tərəfindən əsl soyqırıma məruz qalan, torpaqları Ermənistan tərəfindən işğal olunan Azərbaycan xalqıdır. Leyla Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirlər davamlılığı ilə diqqət çəkir. Leyla xanım Əliyeva xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə Dünya azərbaycanlılarının III qurultayında “ Tərəqqi” medalı ilə təltif olunmuşdur.

2011-ci ildə “Evrovision-2011” mahnı müsabiqəsində Eldar Qasımov və Nigar Camalın Azərbaycana qələbə qazandırması da  gənclərimizin potensialının təsdiqi kimi qeyd olunmalıdır. Bu qələbə əsasında ölkəmiz “Evrovision-2012” mahnı yarışmasına ev sahibliyi etməklə həqiqətlərimizin bir daha dünyaya nümayişinə nail oldu. Bu onu göstərir ki, inkişaf, tərəqqi yolunda inamla irəliləyən Azərbaycanda gənclərə qayğının davamlılığı onları daha böyük səylə çalışmağa stimul verir. Gənclərimiz Azərbaycanın üçrəngli bayrağının yüksəklərə qaldırmaqdan qürur hissi keçirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Xaricdə təhsil alan gənclərimiz öz biliklərini artırmaqla yanaşı, həm də Azərbaycanın təbliğatçılarıdırlar. Bir məqamı qeyd edək ki, 2011-ci ildə keçirilən Dünya azərbaycanlılarının III qurultayının nümayəndələrinin 100-dən çoxunun gənclər olması onların Azərbaycan həqiqətlərinin təbliğinə töhfələrini artırmaq istəklərini ortaya qoydu.

Röya Rasimqızı, “İki sahil”