29 oktyabr 2020 18:09
620

Azərbaycanın humanizminə Ermənistan terrorla cavab verir

İşğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin yalvarışları və xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Məlum olduğu kimi, Vətən müharibəsi başlayandan 3 dəfə faktiki olaraq humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, oktyabrın 10-da əldə edilmiş ilk razılıqdan bir gün keçməmiş Ermənistan atəşkəsi kobudcasına pozdu. Həm də bu atəşkəsdə mülki əhalini namərdcəsinə hədəfə alaraq Gəncə şəhərini gecə vaxtı bombaladı. Oktyabrın 17-də yeni atəşkəs elan olunmasına baxmayaraq, bu dəfə də razılıq Ermənistan tərəfindən pozuldu. Sonuncu dəfə oktyabrın 25-də Vaşinqtonda Azərbaycan və Ermənistan humanitar atəşkəs elan edilməsi ilə bağlı razılığa gəldilər. Atəşkəslə bağlı razılaşma oktyabrın 26-sı saat 08:00-da qüvvəyə minsə də, Ermənistan yenə atəşi kəsmədi…

Humanitar atəşkəsi pozmaqla Ermənistan müntəzəm hərbi itkilərini “acığını çıxmaq üçün” mülki insanları öldürərək silsilə bəşəri  cinayətlər törədir. Düşmən  mülki yaşayış yerlərini hədəfləyən davamlı hücumları ilə bütün bəşəri dəyərləri ayaqlar altına atır. Oktyabrın 27-si və 28-də Ermənistanın cəbhədən uzaq Bərdə rayonunun Qarayusifli kəndi və Bərdə şəhərində  dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə “Smerç” qurğusundan kasetli raketlər atması nəticəsində azyaşlı uşaqlar, qadınlar da olmaqla 26 dinc sakin həlak olub, 82-dən çox şəxs yaralanıb. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində həlak olanlar və yaralananlar arasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. Bu barədə Qırmızı Xaç Komitəsinin və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib: "Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi. 39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanis, xeyriyyəçilər hədəf deyil!"

Təcavüzkar düşmənin qadağan olunmuş kasetli bomba atmaqda əsas məqsədi odur ki, partlayarkən yayılsın və mümkün qədər çox dinc sakin həlak olsun. Bu faciə bir daha onu göstərir ki, Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror aktı törətməklə beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyalarını, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarını bir daha kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir.

Faşist xislətindən, insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərindən əl çəkmək istəməyən işğalçı tərəfin Bərdəni müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutması, nəticədə neçə-neçə mülki əhalinin həyatını itirməsi, yaralanması, onların arasında uşaqların da olması işğalçının beynəlxalq hüququn norma və prinsiplərinə sayğısız münasibətini göstərir, onun sülh və insanlıq əleyhinə yönələn təcavüzkar xislətindən, müharibə və terror prinsiplərinə sadiqliyindən xəbər verir. Yeri gəlmişkən, düşmənin Bərdə terrorundan əvvəl Naftalan, Tərtər, Ağdam, Daşkəsən, Gəncə və digər şəhərlərə qarşı da insanlığa sığmayan belə əməlləri nəticəsində çox sayda dinc sakin qətlə yetirilib, yaralanıb, sosial infrastruktur dağıdılıb. Bərdədə törətdiyi terror aktları isə Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirir. Bu vandalizm, barbarlıq aktları aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan alması məqsədi daşıyır. Ölənlər və yaralananlar arasında körpələrin olması isə yağı düşmənin qəddarlığının, insanlığa sığmayan əməllərinin göstəricisidir. Ermənistanın azğınlığı o həddə çatıb ki, Azərbaycanın dövlət sərhədlərini pozmaqdan belə çəkinmir, bununla beynəlxalq hüququn norma və prinsiplərinə nümayişkaranə hörmətsizlik göstərir, regiondakı gərginliyin saxlanılmasına bilərəkdən şərait yaradır.

Təəssüf ki, dünya ictimaiyyəti tərəfindən Ermənistanı sadalanan qeyri-insani hərəkətlərdən, faşistlikdən çəkindirmək istiqamətində elə bir ciddi ölçü götürülmür, əksinə, işğalçı istər maddi, istərsə də silah-sursatla dəstəklənir. Bu isə şübhəsiz ki, faşist Ermənistanı daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə “şirnikləndirir”.  ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsləri ilə bu günə qədər elan edilmiş 3 atəşkəsi pozsa da, həmsədrlərin bu pozuntulara reaksiya verməyib, haqqın-Azərbaycanın tərəfində durmaq, işğalçını yolundan çəkindirmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirir, dolayısı ilə düşməni müdafiə edirlər. Düşmən dövlətin ərazilərimizi işğal altında saxlamaqda davam etməsi, beləliklə, beynəlxalq hüququ kobud şəkildə pozması, əgər belə demək mümkündürsə, nüfuzlu ölkələri, benəlxalq qurumları narahat etməyib. Yoxsa BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi illər uzunu kağız üzərində qalmazdı, əməli addımlar atmaq, işğalçıya yerini göstərmək əvəzinə, işğalçı ilə bərabər Azərbaycana da ünvanlanan neytral xarakterli, sülhə çağıran və iki tərəf arasında tarazlığı saxlamağa yönələn standart bəyanatlarla “gözdən pərdə asılmazdı”.

Yaqut Ağaşahqızı, “İki sahil”