KÖŞƏ

Sevinc Azadi

Azərbaycanın incisi, Qarabağın mirvarisi Şuşa

07 may 2019 20:44
2461

İyirmi yeddi il bundan öncə Ermənistan silahlı qüvvələri Azərbaycanın dilbər güşəsi olan Şuşaya hücum etdilər. Nəticədə 1992-ci il mayın 8-də Azərbaycanın musiqi, mədəniyyət ocağı olan Şuşa şəhəri dünyanın bəzi aparıcı dövlətlərinin məzlum xalq kimi tanıdıqları, əslində nəinki xalqımıza, bütün insanlığa qarşı terror siyasəti həyata keçirən məkrli ermənilər tərəfindən işğal olundu. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandalları 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyini, Dövlət xalça muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atmış: Üzeyir Hacıbəyli, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələmişlər. Qeyd etməliyik ki, çoxsaylı erməni xəyanətinin nəticəsi kimi Şuşa XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olmuşdur. 1905-1907-ci illərdə Şuşa şəhəri ermənilər tərəfindən hücuma məruz qalmış və yandırılmışdır. 1920-ci ildə şəhərin xeyli hissəsi ermənilər tərəfindən dağıdılmışdır. 3-cu dəfə 1992-ci ilin mayında...

Alınmazlıq, basılmazlıq qalası olan Şuşa şəhərinin binasını qarabağlı Pənahəli xan Cavanşir qoymuşdur. 1750-cı ildə Qarabağın ən səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini inşa edilir. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali yeni salınmış şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şiş uclu dağların əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə Şuşa adlandırılmışdı. Şəhər Qafqazın, Yaxın Şərqin və Orta Asiyanın mədəniyyət incisinə, şeir, sənət məkanına çevrilmişdir. Məhz həmin vaxtlar Şuşa “Qafqazın konservatoriyası” adını almış, vokal məktəbi kimi Yaxın və Orta Şərqdə məşhur olmuşdur. Tədqiqatçılar çox doğru olaraq qeyd edirlər ki, “İtaliya vokal Məktəbi” Avropa musiqi mədəniyyəti tarixində hansı mövqeyi tutursa, “Şuşa vokal məktəbi” də Şərq musiqi mədəniyyəti tarixində eyni mövqeyi tutur.

Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcədə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa illərdir ki, ölüm sükutuna qərq olub. Bu sükutu yaşadan isə köçəri, yersiz, tarixsiz ermənilərin olması heyrət doğurmaya bilməz. Bu gün qapıları üzümüzə bağlı olan Şuşa həsrət dolu baxışlarla öz əsil-nəcabətli, tarix boyu burada yaşayıb və bu məkanı qurub-yaradan insanların yolunu gözləyir. O insanların ki, qəhrəmanlıq, igidlik və qeyrət tarixini torpağa qanları ilə həkk ediblər. Ümummilli Lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

Bu gün Azərbaycanın iqtisadi potensialı və hərbi gücü, onu deməyə əsas verir ki, işğal altında olan torpaqlarımızın azad olacağı gün uzaqda deyil. Bu, qaçılmaz reallıqdır. Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Prezident İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Azərbaycan dövlətinin mövqeyi birmənalıdır. Ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Dövlət başçısının vurğuladığı kimi: “Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya  qayıtdıqdan sonra  status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, ölkənin gücü, iqtisadi inkişafı, dünya birliyində yeri və milli ordusu şuşalıları tezliklə Şuşaya qaytaracaq.