12 avqust 2020 16:39
1713

Azərbaycanın neft sənayesində daha bir nəhəng layihə reallaşdı

«Qarabağ» dayaq blokunun yerli mütəxəsislər tərəfindən inşası ölkə neftçilərinin yüksək potensialının göstəricisidir

 

Azərbaycanın müasir neft sənayesində daha bir tarixi hadisə reallaşdı. Belə ki, avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun eksklüziv operatoru olan «BOS Şelf» Xəzərin tarixində neft və qaz hasilatı üçün ən böyük sualtı qurğu sayılan «Qarabağ» dayaq blokunun inşasını başa çatdırdı. Ölkə neft sənayesinin qürurverici hadisəsi hesab edilən bu konstruksiya artıq STB1 barjasına yüklənilib dənizdəki yatağa daşınacaq.

Hündürlüyü 187 metr və çəkisi 16,302 ton olan konstruksiya «Qarabağ» dəniz yatağında suyun 182 metr dərinliyində quraşdırılacaqdır. Dayaq bloku 2 il ərzində inşa edilib. Layihənin həyata keçirilməsi zamanı «BOS Şelf» tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına tam uyğun olaraq qəzasız 3,2 milyon adam/saat göstəricisinə nail olunub. Layihə üzərində işə cəlb olunan insan resurslarının 95 faizi yerli işçilər olub.

Qeyd edək ki, SOCAR və Norveçin «Equinor» şirkəti 2020-ci ilin mart ayında Xəzər dənizinin Azərbaycan sektorundakı «Qarabağ» yatağının kəşf olunmasını təsdiqləmişdir. «Qarabağ» yatağındakı ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. Bakıdan 120 km şərqdə yerləşən yatağın ilkin təxmin edilən geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur. «BOS Şelf» şirkəti Azərbaycanın bütün irimiqyaslı və mürəkkəb neft-qaz

layihələrinin, o cümlədən «Azəri-Çıraq-Günəşli», «Şahdəniz-2», «Abşeron» və digər layihələrin həyata keçirilməsində əsas iştirakçılardan biridir. İri tikinti-quraşdırma layihələri ilə yanaşı, şirkət qazma qurğularının, gəmilərin və nəqliyyat barjalarının modernizasiyası işlərini uğurla həyata keçirir, həmçinin beynəlxalq şirkətlər üçün logistika təchizatı bazalarının fəaliyyətini idarə edir.

Sevindirici haldır ki, Ulu Tanrı ölkəmizə böyük həcmdə və tükənməyən maddi sərvətlər verib. Bu gün dünyadakı neft ehtiyatlarına görə Azərbaycan orta pillələrdədir. Digər sevindirici məqam isə odur ki, məhz müstəqillik qazanandan sonra maddi sərvətlərimiz, xüsusilə neft və qaz yataqlarımız xalqımızın rifah halını yüksəltməyə xidmət etdi. Ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik neft-qaz siyasəti nəticəsində biz bu gün ən müasir nefi sənayesi qura bilmişik. SOCAR kimi dünyaca məşhur və nüfuzlu beynəlxalq brendə çevrilən bir ştrkətə sahibik. Avropanın neft və qaz təchizatsısı kimi önəmli bir statusumuz var. Dünyanın ən böyük transmilli layihələrinin müəllifiyik. İndi nəinki bölgədə hətta Avropada iqtisadi sahədə söz sahibinə çevrilmişik.

Son 17 ildə ölkəmizin qaz yataqlarının da sayı artıb və indi bizim dünya şöhrətli «Şahdəniz»imiz var. Son illərdə kəşf olunmuş yeni karbohidrogen yataqları Azərbaycana gəlir gətirir, digərləri isə işlənmə mərhələsindədir və gələcək üçün böyük potensial vəd edir. Bu yataqlardan biri doğma Qarabağımızın adını daşıyan «Qarabağ» yatağıdır. «Qarabağ» yatağında quraşdırılacaq stasionar dəniz özülünün dayaq blokunun inşası uğurla başa çatıb və bu il avqustun 10-da

qurğunun Xəzərə yola salınmasında Prezident İlham Əliyevin iştirak etməsi hadisənin önəminə bir daha diqqət çəkir.

Vurğulamaq lazımdır ki, «Qarabağ» Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Bu yataq Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. O vaxt burada 3 quyu qazılıb. Lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmayıb və nəticədə kontrakta xitam verilib. Beləliklə, həmin tərəfdaşlar «Qarabağ»ı tərk ediblər. Azərbaycan mütəxəssisləri isə yatağın böyük potensialı barədə öz fikirlərində israrlı idilər və zaman bunu sübuta yetirdi. 2020-ci ildə SOCAR və Norveçin «Equinor» (keçmiş «Statoyl») şirkətinin birgə qazma əməliyyatı vasitəsilə «Qarabağ» məhz neft yatağı kimi kəşf edildi. Yataq 60 milyon ton neft ehtiyatına malikdir. Burada 6 neft, 3 qaz və 3 suvurma quyusunun qazılması nəzərdə tutulur.

«Qarabağ» yatağının istismara verilməsi istiqamətində görülən işlərin başlanğıcının belə uğurlu olması Azərbaycanın neft-qaz strategiyasının müvəffəqiyyətlə irəli getdiyinin əyani təsdiqidir. Prezident İlham Əliyev dayaq bloku ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə görülmüş işləri yüksək dəyərləndirib: «Nəzərə alsaq ki, «Qarabağ» yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, «Qarabağ» yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, «Azəri», «Çıraq»

və «Günəşli» yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə «Qarabağ» yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi, əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər.»

Prezident, həmçinin «Qarabağ» yatağının Azərbaycan xalqı üçün əziz olan, əzəli və əbədi yurdumuz Qarabağın adını daşımasının rəmzi məna kəsb etdiyini vurğulayaraq demişdir: «Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş «Qarabağ» yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

Qürurverici faktdır ki, bu nəhəng dayaq blokunun inşa edildiyi Bakı dərin özüllər zavodu vaxtilə məhz ulu öndər Heydər Əliyevin səyi və nüfuzu sayəsində tikilib. Mütəxəssislərin fikrincə, əgər bu müəssisə olmasaydı, hazırda ölkəmizdə həyata keçirilən neft-qaz layihələrinin hərəsi ən azı bir neçə il ləngiyə bilərdi. Bu gün zavodda 5 minə yaxın insan çalışır. Bu və digər layihələr üçün görülən işlər çox sayda insanların məşğulluğunu təmin edir. Onların orta aylıq əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır. Bu insanlar yüksək peşəkarlığa malik mütəxəssislər və ixtisaslı fəhlələrdir. Onlar dənizin 182 metr dərinliyində qərar tutacaq

190 metr hündürlüyündə dayaq blokunun hazırlanmasında da böyük ustalığa və səriştəyə malik olduqlarını bir daha göstərmiş oldular.

Burada bir məqama da toxunmaq lazımdır ki, məhz sonrakı mərhələlərdə Xəzərdə bu dayaq bloku üzərində stasionar dəniz özülünün üst hissəsi və göyərtə meydançası quraşdırılacaq. «Qarabağ» yatağından 2022-ci ilin sonlarında ilk karbohidrogenlərin hasil ediləcəyi gözlənilir.

Göründüyü kimi, 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, onların ölkəmizin neft-qaz sənayesinə və neft-qaz potensialına marağı azalmır, əksinə, artır. Odur ki, Prezident İlham Əliyev növbəti illərdə «Qarabağ»ın və digər yataqların da uğurla istismar ediləcəyinə və Azərbaycana böyük fayda verəcəyinə əminliyini bildirib.

Elçin Zaman, «İki sahil»