27 fevral 2019 11:37
842

Azərbaycanın problemləri Türkiyənin problemidir

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımı ilə bağlı başsağlığı verib, səmimi hisslərlə Azərbaycan xalqına olan ehtiramını və həmrəyliyini ifadə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə parlament sədri Mustafa Şentopun açıqlaması Türkiyə Böyük Millət Məclisinin rəsmi saytında yayılıb.

Açıqlamada deyilir: “İnsanlıq tarixinin ən böyük qətliamlarından biri 27 il bundan əvvəl Dağlıq Qarabağın Xocalı şəhərində həyata keçirilib. Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdün erməni silahlı birləşmələri Dağlıq Qarabağ ilə birlikdə, Azərbaycan torpaqlarının beşdə birini işğal edib, bir milyondan çox Azərbaycan türkünü yaşadıqları torpaqlardan qaçqın vəziyyətinə salıb.

1992-ci il fevralın 26-da Dağlıq Qarabağın Xocalı şəhərinə hücum edən erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən qətliam nəticəsində 106-sı qadın, 83-ü uşaq olmaqla, 613 nəfər günahsız azərbaycanlı qətlə yetirilib. Bu hadisədə 487 azərbaycanlı ağır yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfərdən hələ də xəbər yoxdur. Beynəlxalq təşkilatlar insanlıq tarixinə qara ləkə kimi düşən bu qətliamı törədənləri cəzalandırmalıdır.

Azərbaycanın problemləri Türkiyənin problemidir. Yaşadıqları kədəri bölüşürük. Türkiyə olaraq hər zaman Azərbaycan ilə həmrəylik içində olmağa davam edəcəyimizin bilinməsini istəyirəm. Bu acı hadisənin ildönümündə Xocalı qətliamını bir daha xatırlayır, bu hadisədə həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Bununla da beynəlxalq ictimaiyyəti Xocalı soyqırımına və onun acı nəticələrinə qarşı həssas olmağa dəvət edirəm”.