12 iyun 2019 10:11
290

Azərbaycanın qadın hüquqları sahəsində öndə olması qürurvericidir

Çox maraqlı bir konfrans keçdi. Azərbaycan 100 il əvvəl qadınlara səsvermə hüququ verib. Qadın hüquqları sahəsində Azərbaycanın öndə olması qürurvericidir.

Bu fikri Fransa Milli Assambleyasında Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın iştirakçısı, UNESCO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat AZƏRTAC-a müsahibəsində söyləyib.

Saniye Gülser Corat Azərbaycan və UNESCO arasında yüksək səviyyəli əlaqələrə toxunaraq, Azərbaycanın Birinci vitse –prezidenti Mehriban Əliyevanın bu əlaqələrə töhfəsindən danışıb. O, Azərbaycanın təkcə milli səviyyədə deyil, digər ölkələrdə də qızlar və qadınlar məsələsinə önəm verdiyini bildirib. Həmçinin bir çox ölkələrdə qızların təhsil alması istiqamətində layihələrə imza atdığını vurğulayıb.

“Konfransda qadın məsələsi ilə bağlı müxtəlif mövzulara toxunuldu, fikir mübadiləsi aparıldı. Mən çıxışımda Azərbaycanın UNESCO ilə əməkdaşlığından danışdım. Xüsusilə qadınların təhsil məsələsi ilə bağlı Azərbaycanın həyata keçirdiyi layihələr, UNESCO-ya verdiyi töhfələr haqqında məlumat verdim. Əminəm ki, ölkənizlə təşkilatımız arasında əlaqələr daha da möhkəmlənəcək və yeni layihələrə birlikdə imza atacağıq”, - deyə Saniye Gülser Corat söyləyib.