22 yanvar 2019 10:20
1450

Azərbaycanın təbii qaz hasilatı qarşıdakı illərdə qat-qat artacaq VİDEO

“İki sahil” internet televiziyasının efirində yayımlanan “Bizimlə həmsöhbət” verilişinin bu dəfəki qonağı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovdur


- İbrahim müəllim, ötən il SOCAR-ın fəaliyyəti hansı uğurlu məqamlarla yadda qaldı?

- Ümumiyyətlə, 2018-ci il SOCAR və Azərbaycan üçün olduqca tarixi əhəmiyyətə malik olan il oldu. Çünki daha əvvəl başladığımız bir çox mühüm layihələr məhz 2018-ci ildə tamamlanmalı idi və gözlənilən layihələr vaxtında başa çatdırıldı. Onların böyük hissəsinin açılışı həyata keçirildi. Bununla da SOCAR yeni bir dövrə qədəm qoymuş oldu. Yəni buna qədər həmin layihələrə vəsait ayırırdıqsa, indi bu layihələrdən vəsait əldə edəcəyik. Artıq kapital xərcləri azalır, ancaq əməliyyat xərcləri qalır. Bununla da büdcəyə daha çox vəsait daxil olunmasına başlanılacaq. Bu mənada, son illər həm SOCAR, həm də Azərbaycan qarşıya qoyulan əsas məqsədlərə çatdı, deyə bilərik. Bizim layihələr kütləvi informasiya vasitələrində geniş işıqlandırılır. Ona görə də cəmiyyətimiz bu layihələr, ümumiyyətlə, həyata keçirilən işlər barədə məlumatlıdır.

- Ötən il açılışını maraqla gözlədiyimiz “Cənub Qaz Dəhlizi” və onun əsas seqmentləri olan TANAP və TAP layihələri barədə danışaq. SOCAR bu layihələrin reallaşmasında nə üçün maraqlıdır?

- Əslində bəzi layihələrlə bağlı insanlarda da bu suallar yaranır. Nəyə görə bir dövlət şirkəti, hansı ki, bu, xalqın şirkətidir məhz sözügedən layihələrə imza atıb. SOCAR 2018-ci ildə “Cənub Qaz Dəhlizi”nin əsas seqmentləri olan “Şahdəniz-2” yatağı və bunun timsalında “Cənub Qaz Dəhlizi”nin açılışı, həmçinin Türkiyəyə ilk kommersiya qazının TANAP boru xətti və Cənubi Qafqaz Boru Kəməri ilə çatdırılması kimi işləri həyata keçirdi. Bu mərasimlərdə cənab Prezident İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iştirak etmişdilər. Bundan əlavə, SOCAR-ın bir neçə emal və kimya kompleksi ərsəyə gətirilmişdir. Onlardan biri Türkiyədə “STAR” neft emalı zavodu, digəri Azərbaycanda “SOCAR Polymer” kompleksinin ilk zavodu olan Polipropilen zavodu oldu. Digər zavod da hazırdır, yaxın zamanda açılışını planlaşdırırıq. Eyni zamanda, yenicə “SOCAR karbamid” zavodunun açılışını qeyd etdik. Bütün bu tədbirlərdə ölkə başçısı iştirak etmişdir. Bu da onu göstərir ki, sadalanan layihələrin hər biri Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. “Niyə SOCAR məhz bu layihələrə qoşulur, bəzilərində iştirakçı, bəzilərində əsas payçı kimi iştirak edir?” sualına gəldikdə isə SOCAR fəaliyyətinə yerli neft-qaz hasilatçısı kimi başlamış, təxminən 2008-ci ildən etibarən qlobal, transmilli enerji şirkətinə çevrilmişdir. Bir növ sıçrayış etmişdir. Bu sıçrayış, əlbəttə, cənab Prezidentin göstərdiyi istiqamət üzrə həyata keçirilmişdir. Cənab Prezidentin istiqamətləndirdiyi əsas xəttin mahiyyəti o idi ki, SOCAR nəinki yerli şirkət olmalıdır, o Azərbaycana xaricdən gəlir gətirməlidir. Bu məqsədlə SOCAR həm ölkə daxilində, həm də ölkə xaricində yatırımlar etmişdir.

- Xaricdə etdiyimiz yatırımların ölkəyə qazandırdığı dividentlər nədən ibarətdir?

- Məsələn, nəyə görə Türkiyədə Neft emalı zavodunu tikdik? Ona görə ki, Azərbaycanda neft emalı zavodumuz var və Azərbaycan öz bazarını təmin edir, modernləşdirir və yenidən qurur. Azərbaycan bazarının da potensialı məhduddur. Yəni nə qədər də olsa alıcılıq qabiliyyəti əhalinin sayına görə məhdud olacaq. 10 milyon əhalimiz var. Amma Türkiyədə 80 milyonluq əhali var. Orada tələbat yüksəkdir. Əlbəttə, o bazarı kəşf etmək, qazanmaq və Azərbaycan üçün orada gəlirlər əldə etmək labüddür. Buna görə SOCAR orada da strateji mövqeyə sahiblənərək mühüm layihələri həyata keçirir. Bu gün Azərbaycan SOCAR vasitəsilə Əliağa yarımadasından birbaşa okeanlara çıxış əldə etmişdir. Bizim orada Egeyə bölgəsinin ən böyük konteyner limanımız var. Həmin limanı inşa etdik və artıq istismar edirik. Məhz onun vasitəsilə Azərbaycan dünyanın istənilən nöqtəsinə əmtəələri çatdıra bilir. Bu olmasaydı, Azərbaycanın imkanı olmazdı, çünki Azərbaycan qapalı hövzədə yerləşən bir ölkədir. Labüddür ki, dünya bazarlarına çıxış imkanı əldə etmək üçün müxtəlif vasitələrdən istifadə edilsin. Buna görə də məhz “Cənub Qaz Dəhlizi” kimi meqa bir layihənin ərsəyə gətirilməsi gündəmə gəldi.

- Bu layihənin reallaşdırılması nəyə görə vacib idi?

- “Cənub Qaz Dəhlizi” Azərbaycan təbii qazının bir hissəsini xarici bazarlara, o cümlədən ilk dəfə olaraq Avropa bazarına çatdıracaq. Bu layihə mürəkkəb bir layihədir və onun inşa edilməsi ona görə vacib idi ki, Azərbaycan qapalı hövzədə yerləşir. Əgər bizim öz boru kəmərlərimiz olmasaydı, onda biz üçüncü tərəflərin xidmətlərindən, boru kəmərlərindən istifadə etmək məcburiyyətində qalardıq. Bu da istər-istəməz müəyyən qədər iqtisadi və siyasi asılılıq yaradır. Amma indi bizim öz boru kəmərlərimiz var. Bilirsiniz ki, bu yaxınlarda TANAP və TAP boru kəmərlərini calaşdırdıq. Bundan sonra bir boru kəmərindən digərinə təbii qaz ötürüləcək. Beləliklə, qazımız Türkiyə və Avropa bazarına nəql olunacaqdır. Həmin boru kəmərləri sistemi vasitəsilə Azərbaycan üçüncü tərəflər üçün də öz təbii resurslarının reallaşdırılması üçün şərait yaradacaq. Yəni biz nəinki başqalarına möhtac deyilik, başqaları bizim boru kəmərlərindən istifadə edə bilər. Bu da Azərbaycanın qitələr arasındakı strateji mövqeyini gücləndirir.

- Ticari əlaqələrin qurulması istiqamətində hansı ölkələr daha əsasdır?

- Ticarətdən söhbət açsaq bizim üçün, əlbəttə ki, bütün ölkələr mühümdür. Əsasən, Avropa bazarlarından başladıq. Bizim üçün qarşıda yeni perspektivli bazarlar açılır. Məsələn, uzaq və yaxın Şərq, Amerika və s. Dünyanın hər bir nöqtəsində demək olar ki, əməliyyatlar aparırıq. Eyni zamanda, sərmayə yatırmışıq və istehsalat açmışıq.Yaxud həmin ölkələrdə müəyyən aktivlər əldə etmişik. Sərmayə qoyduğumuz ölkələr əsasən bölgəmizə yaxın olan ərazilərdir. Bunların arasında, əlbəttə ki, Azərbaycan ilk yerdədir. Eyni zamanda, Türkiyə. Regionun dinamik inkişaf edən iqtisadiyyatına sahib ölkə kimi oraya da böyük sərmayələr yatırmışıq. Keçmişdə Türkiyə Azərbaycanın investoru idi, indi isə Azərbaycan Türkiyənin investorudur. Bundan başqa, Gürcüstan bizim üçün strateji keçid ölkəsidir. Bəlkə də dünyaya çıxış baxımından bizim üçün ən mühüm olan bir ölkədir. Çünki Gürcüstan olmasa biz qapalı qalacaqdıq. Bundan başqa, Avropanın müxtəlif ölkələrində bizim yeni aktivlərimiz var. Əsasən bunlar yanacaqdoldurma məntəqələridir. Hazırda SOCAR-ın yanacaqdoldurma məntəqələrinin ən çox olduğu ölkə İsveçrədir. Sərmayə qoyduğumuz ölkələr arasında bəlkə də ən uzaqda olan ölkə sayıla bilər. Bundan başqa, Avstriyada, Ukraynada, Rumınyada aktivlərimiz var. Bütün bu aktivlərin hesabına SOCAR Azərbaycanda daxilə nisbətən, xaricdən daha çox gəlir gətirir.

- Necə düşünürsünüz, sözügedən layihələr Azərbaycanı tranzit ölkə kimi dünyada təsdiq edə bilibmi?

- Mən burada tranzit sözündən daha çox “düyün” sözünü istifadə edərdim. Harada ki, bütün yollar birləşir və elə bir yol ayrıcıdır ki, ondan istifadə    etməyə bilməzsən. Bizim əsas müttəfiqlərimiz Türkiyə və Gürcüstandır. Çünki Türkiyə və Gürcüstan Azərbaycanın Qərbə çıxışını təmin edən ölkələrdir. Türkiyənin enerji resursları yoxdur, amma birbaşa Avropa sərhədlərinə bağlıdır və dünya okeanlarına çıxışı var. Amma Azərbaycanda bu faktorlar olmasa da enerji resursları var. Bunlar birləşəndə daha böyük regional güc meydana gəlir. Bu gün biz bunu əməldə müşahidə etməkdəyik. Dünüşürəm ki, gələcək illərdə Türkiyə və Azərbaycanın birlikdə artan siyasi və iqtisadi gücünün şahidi olacağıq.

- BP-nin regional prezidenti Qəri Couns deyir ki, əgər işlər bizim geoloqların planlaşdırdığı kimi getsə, onda biz Xəzərdə ikinci “Şahdəniz” layihəsini gerçəkləşdirə bilərik. Bu fikirdən irəli gələrək bu il üçün perspektivləriniz haqqında danışa bilərsinizmi?

- Burada söhbət yalnız bir yataqdan - “Şəfəq-Asiman”dan gedir. Ancaq bizim inkişafı daha irəliləmiş olan başqa yataqlarımız var ki, onların bəzilərini SOCAR özü müstəqil olaraq inkişaf etdirir. Bütün bu yataqların işlənməsi sayəsində Azərbaycanın təbii qaz hasilatı gələn illərdə qat-qat artacaq. Ən azından iki dəfə arta bilər. Neft-qaz hasilatında isə onun stabilləşməsi əsas hədəflərimizdəndir. Keçən il ilə müqayisədə görünür ki, biz hədəflərimizə çatırıq.

- Neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi istiqamətində SOCAR-ın gördüyü işlər nə yerdədir?

- Bu istiqamətdə bir çox işlər aparılır. Təbii ki, bu prinsip dövlət qarşısında duran prioritetdir. Amma SOCAR da koorporativ şirkət olaraq bu istiqamətdə dövlətin xəttini rəhbər tutaraq işlər həyata keçirir. Məsələn, bəzi layihələr ərsəyə gətirmişik ki, həmin layihələr ölkənin qeyri-neft sektoruna töhfə verir. Məsələn, açılışını etdiyimiz “SOCAR karbamid” zavodu. Karbamid kimi maddə əsasən gübrədir. Bu, kənd təsərrüfatına verdiyimiz mühüm töhfədir. Bundan başqa, SOCAR dolayı yolla da ümumi ölkə iqtisadiyyatının inkişafına töhfələr verir. Bu da cənab Prezidentin buyurduğu kimi, neft gəlirlərinin insan kapitalına çevrilməsidir. Bu istiqamətdə SOCAR təhsil sahəsinə yatırımlar edir. Hər il bu yatırımlar davam edir. Yaratdığımız Bakı Ali Neft Məktəbi ölkənin mühəndislik sahəsində bir nömrəli təhsil ocağı olaraq olduqca məşhurdur. Bu gün texniki fənlər üzrə ən yüksək bal toplayan gənclər məhz bu məktəbi seçirlər. İlk buraxılışdan bütün məzunlar həm SOCAR-da, həm də digər xarici şirkətlərdə işlə təmin olunublar. Bununla yanaşı, SOCAR həm də digər universitetlərlə iş qurur, təqaüd ayırır. İş təkcə ali təhsillə bitmir. Peşə təhsilinə də diqqət ayrılmalıdır. Çünki iqtisadiyyat bu iki sütun üzərində formalaşır. Həm texniki fənlərə sahib olan mütəxəssislər, həm də yüksək səriştəli peşəkar fəhlələrin yetişdirilməsi vacibdir. Bu səbəbdən SOCAR həm də bir neçə peşə təhsili müəssisəsi açmışdır. Ötən il SOCAR-ın yetişdirdiyi peşəkarların sayı 100 mini keçmişdir.

- Bu il üçün qarşıya qoyulan əsas hədəflər nədən ibarətdir?

- Əsas hədəflərimiz ərsəyə gətirdiyimiz layihələrin açılışını etmək, yeni yatırımlar həyata keçirmək, eyni zamanda, qazma işlərini artan sürətlə davam etdirməkdir. Həmçinin yeni platformaların əsası qoyulub. Yəni inşa etdiyimiz zavodların dayanıqlılığını xammalla təmin etmək üçün o xammalı hasil etmək lazımdır. Bunun üçün də bu sahəyə davamlı yatırımlar edilməli, lazımi işlər görülməlidir. Bu məsələdə də dövlət SOCAR-a öz dəstəyini göstərir. Həmçinin bu gün perspektivli inkişaf sahələrimizdən biri olan neft və qaz kimya sahəsində yeni layihələr ərsəyə gətirmək əsas hədəflərdəndir. Yeni qaz emalı zavodu inşa edilə bilər. Ola bilsin ki, bu zavod Bakının Qaradağ rayonu ərazisində inşa edilsin. Həmin qaz emalı kompleksi təbii qazı onda olan müxtəlif yağlı fraksiyalardan təmizləyəcək, təsərrüfatlara, iqtisadiyyata verəcək.

Şəfiqə Dadaşova, “İki sahil”