22 yanvar 2021 18:27
926

Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artacaq

Vüqar Bayramov: «Dostluq» neft yatağının Türkmənistanla birgə işlənməsi Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində «Dostluq» yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandum  imzalanıb.

Bu memorandumun əhəmiyyəti haqqında fikirlərini Milli Məclisin deputatı Vüqar Bayramov İkisahil.TV-yə müsahibəsində bildirib.

V.Bayramov vurğulayıb ki, Memorandumun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Bu Memorandumun imzalanması Xəzər dənizində bütün məsələlərin dialoq və əməkdaşlıq mühitində həll oluna biləcəyini sübut edir. Bu, bir əməkdaşlıq platformasıdır və xüsusən də ikitərəfli müzakirələrin nəticəsi olaraq yatağın birgə işlənməsi ilə bağlı razılığın əldə edilməsi həm də Xəzərin statusu müəyyənləşdikdən sonra formalaşmış əməkdaşlıq platformasının gücləndirilməsindən xəbər verir. Bu baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycan həmin yataqda olan enerji resurslarının birgə işlənilməsi ilə dünya bazarına çıxarılması nəticəsində dövlət gəlirlərini artırmaq imkanı qazanacaq və tranzit ölkə olaraq mövqeyini gücləndirəcək. Azərbaycanda son 20 ildə formalaşmış infrastruktur imkan verəcək ki, «Dostluq» yatağından hasil olunan neft və qazın dünya bazarına çıxarılması təmin olunsun. Bu, eyni zamanda, ölkəmizin tranzit ölkə olaraq əhəmiyyətinin artması və gəlir əldə etməsi anlamına gəlir. Bu baxımdan imzalanan sənədin hər iki ölkə üçün strateji əhəmiyyət daşımaqla pozitiv iqtisadi təsirləri olacaq”. Bu, Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında da çox önəmli addımdır. Sənəd, həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var”.

V.Bayramov qeyd edib ki, «Dostluq» neft yatağının Türkmənistanla birgə işlənilməsi Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Azərbaycan neft-qaz strategiyasının əsas prioritetləri, hədəfləri də məhz Xəzəryanı ölkələr arasında əməkdaşlığın dəstəklənməsindən ibarətdir. «Dostluq» yatağındakı enerji resurslarının hasil edilməsi və dünya bazarına çıxarılması hər iki ölkənin  gəlirlərinin artmasına səbəb olacaq. Bundan hər iki ölkə iqtisadi baxımdan faydalanacaq”. Memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq.

İmzalanmış anlaşmanın tarixi əhəmiyyəti haqqında danışan millət vəkili əlavə edib ki, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.

İmzalanmış anlaşma tarixi əhəmiyyət daşıyır. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün «Aralıq”» adlandırılıb. «Dostluq”» yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həll olunmasına etibarlı zəmin yaradıb. «Dostluq» yatağı” 1990-cı illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti olsa da, uzun illərin danışıqlarının nəticəsində tərəflər ortaq məxrəcə gəlməyə nail olmağı bacardı. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində «Xəzər dənizinin hüquqi statusu haqqında» Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu təsdiqləyib”.

Şəmsiyyə Əliqızı, «İki sahil»