12 noyabr 2019 10:43
2569

Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları

Son illər dünya təsərrüfat fəaliyyətinin bir sahəsi kimi böyük əhəmiyyət kəsb edən turizm insanların, bütövlükdə, cəmiyyətin maraqlarına xidmət edir və həm mikro, həm də makroiqtisadi səviyyədə əsas gəlir mənbəyinə çevrilib. Bu sektor hər bir dövlətin xəzinəsinə böyük gəlir gətirən mühüm mənbələrdən biridir. Bir çox dövlətlərdə ümumi daxili məhsulun beşdə birindən yarısına qədəri turizmin payına düşür. İndi turizm təkcə qabaqcıl dünya ölkələrində deyil, eyni zamanda, Azərbaycanda da əlavə iş yerləri yaradan əsas amillərdən biridir. Turizm yol və mehmanxana infrastrukturlarının inkişafını sürətləndirir, regionlarda və kəndlərdə xalq sənətinin və milli mədəniyyətlərin qorunmasına güclü təsir göstərir.

Bu gün fəxrlə deyə bilərik ki, turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Ölkəmizdə turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə daha böyük turist axınını şərtləndirir.

Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində ötən illər ərzində bir sıra mühüm addımlar atılıb. Müvafiq infrastruktur yaradılıb, bazarın bu və ya digər iştirakçılarının fəaliyyəti üzrə, eləcə də xarici vətəndaşların ölkəyə daxil olması istiqamətində vacib qərarlar qəbul edilib. 2016-cı ilin sonunda dövlət başçısının Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqsəd və vəzifələr müəyyən olunub. Burada əsas məqsəd, turizm sənayesinin effektiv fəaliyyətinin təmin olunmasıdır. Ekspertlərin proqnozlara əsasən yaxın 10 il ərzində ÜDM-in 10 faizi turizm sahəsinin payına düşəcək. Bunun üçün, ilk növbədə, əvvəlki illərdə görülən işləri yenidən nəzərdən keçirərək sistemləşdirmək, həmçinin dövlət orqanları ilə biznes qurumları və ictimai qurumlar arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasına çalışmaq lazımdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il aprelin 20-də Dövlət Turizm Agentliyi yaradılıb. Bununla da dövlət başçısı tərəfindən Azərbaycanın yeni turizm sənayesinin inkişaf etdirilməsinə cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanının əsası qoyulub.  Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində ötən illər ərzində bir sıra mühüm addımlar atılıb. Müvafiq infrastruktur yaradılıb, bazarın bu və ya digər iştirakçılarının fəaliyyəti üzrə, eləcə də xarici vətəndaşların ölkəyə daxil olması istiqamətində vacib qərarlar qəbul edilib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözləri ilə desək, son illərdə Azərbaycan öz qapılarını ziyarətçilər üçün tam açıb və indi qarşıya qoyulmuş məqsədlərə çatmaq, ən əsası isə ölkəyə turist axınını artırmaq zamanıdır: “Ən önəmli məsələlərdən biri də turistlərin məmnunluğunu artırmaq, onların ölkəyə yenidən qayıtmasına nail olmaqdır. Turisti ölkəyə cəlb etmək kifayət deyil, onun gözləntilərini qarşılamaq və yenidən ölkəyə səfər etməsini təmin etmək lazımdır. Bunun üçün kadr potensialını inkişaf etdirmək, insanlarımızı maarifləndirmək, əlavə infrastrukturlar yaratmaq, bazarın əsas iştirakçılarının fəaliyyətində şəffaflığı təmin etmək, azad rəqabət şəraiti formalaşdırmaq lazımdır. Bütün bu məsələlər Azərbaycanın turizm sənayesinin yaradılması və inkişafı strategiyasında öz əksini tapacaq.”

Azərbaycan turizmin qədim tarixi ənənələri ilə zəngin olan bir ölkədir. Bu gün Azərbaycan dünya mədəniyyətinin ən gözəl incilərini, tarixi arxeoloji abidələri, arxitektura nümunələrini, müxtəlif dini dünyagörüşləri, milli adət-ənənələri və mədəniyyətləri özündə birləşdirən unikal bir turizm ölkəsidir. İstər təbiəti, istər abidələri, istər mədəni irsi, istər insanları, istərsə də müasir istirahət və əyləncə kompleksləri ilə ölkəmiz qabaqcıl turizm ölkələrindən heç nə ilə geri qalmır. 

Ölkəmizin bir çox turizm növləri üzrə potensialı vardır və həmin potensialın reallaşdırılması üçün dövlətin, eləcə də özəl sektorun davamlı dəstəyi vacib faktorlardandır. Mədəni turizm regionların mədəni irsini, əhalisinin həyat tərzini, tarixini, incəsənətini, memarlığını, dinini və s. əhatə edən turizm növü kimi müəyyən olunur. Ölkənin mədəni turizm potensialına Bakıda incəsənət qalereyaları, milli musiqi növü - muğam, yaxşı inkişaf etmiş dünya caz musiqisi, milli və xarici rəqslər, ləziz dada malik zəngin mətbəx, bütün fərqli dini və dünyəvi görüşlərə tolerant yanaşma nümunə kimi göstərilə bilər. Azərbaycanda həm də müasir müalicə imkanları olan müalicəvi turizm də mövcuddur. Ölkədə isti və mineral bulaqların sayı minlərlədir və bunlardan İstisu, Turşsu, Badamlı, Qalaaltı, Şıxburnu, Suraxanı suları ən tanınmış müalicəvi su mənbələrindəndir. Eləcə də Azərbaycanın ən mühüm kurort resurslarından biri Naftalan neftidir. İşgüzar  və idman turizmi də ölkəmizdə ən geniş yayılmış turizm növlərindən biridir. Hazırda bu turizm növlərinin inkişafı məqsədilə daha çox ölkə ərazisində mövcud mehmanxanaların imkanlarından istifadə edilir.

Dağ və qış turizm növləri Azərbaycanda perspektivli sahələrdəndir. Belə ki, Azərbaycan Respublikasının dağlıq ərazilərində turizmdən istifadə imkanları mövcuddur. Ölkə ərazisində dağ və qış turizminin inkişafı istiqamətində atılmış məqsədyönlü addımlar nəticəsində dağların yamacları turizm məkanı kimi inkişaf etdirilmişdir. Belə ki, bu gün “Şahdağ” Turizm Mərkəzi QSC və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi kimi istirahət zonaları məşhur istirahət mərkəzlərinə çevrilib. Həmçinin ölkəmiz zəngin flora və faunası ilə böyük ekoturizm potensialına malikdir. Çünki 11 iqlim tipindən 9-unun  müşahidə olunduğu Azərbaycan ərazisi 4100-dən çox müxtəlif bitki çeşidinin vətənidir.

Turistləri cəlb etmək üçün qoruqların da müstəsna əhəmiyyəti var. Belə ki, Dövlət Turizm Agentliyinin tabeliyinə 7 qoruq - “Yanardağ” qoruğundan başqa bura “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqları fəaliyyət göstərir.

Bir faktı da qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2,4 milyon və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 20,8 faiz  artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,2 milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  969 milyon manat təşkil edib. Gələnlərin 30 faizi Rusiya Federasiyası, 22 faizi Gürcüstan, 9,7 faizi Türkiyə, 8,2 faizi İran, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla İraq və Ukrayna, 1,6 faizi Türkmənistan, hər birindən 1,5 faiz olmaqla İsrail və Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil edib.

Hər il ölkəmizdə turizm sahəsində beynəlxalq tədbirlər, sərgilər, konfranslar və seminarlar təşkil olunur. Bunlardan biri 2019-cu ilin aprelində  18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisini göstərmək olar. Ötən illərdə olduğu kimi, bu il də sərgidə ölkəmizin mövcud turizm potensialı, o cümlədən təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, eləcə də ovçuluq və balıqçılıq sahələri ziyarətçilərə təqdim edilib.

Bir faktı da bildirək ki, noyabrın 29-da “Azərbaycan Turizm Sammiti 2019” (ATS-2019) keçiriləcək. Bu sammit Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizm sənayesində son tendensiyaları, o cümlədən Azərbaycan daxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır. Sammit dövlət və özəl sektorun Azərbaycanın turizm istiqaməti kimi inkişafında iştirakını təşviq etmək üçün inklüziv, interaktiv və nəticələrə yönəlmiş imkanlar təqdim edir. Bu il ATS 2019-da milli turizm sənayesinin bütün sahələrini təmsil edən iş adamları və hökumət sektorunun nümayəndələri bir araya gələcək. Tədbir zamanı milli turizm sənayesinin aparıcı iştirakçıları yerli, həmçinin ölkəyə gələn xarici turistlərin səfərlərinin təkmilləşdirilməsi, bu sahədə yeniliklər və qarşıda duran maneələri müzakirə etməklə yanaşı, marketinq və təbliğat fəaliyyəti ilə bağlı həll yolları irəli sürəcəklər.

“Azərbaycan Turizm Sammiti 2019”un əsas məqsədlərindən biri sənayenin ən son tendensiyaları ətrafında fikir mübadiləsini stimullaşdırmaq, Azərbaycanda turizm sahəsi üzrə sahibkarlıq fəaliyyətinin və innovasiyaların tətbiqi ilə bağlı müzakirələrə təkan verməkdir.

 Orxan Vahidoğlu, “İki sahil”

Yazı Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir.