28 yanvar 2020 11:24
1484

Azərbaycanın uğurlu gələcəyi naminə layiqli namizədə səs verək!

Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürülən Zabelin Mixail Yuryeviç seçicilərlə görüşdü

Yanvarın 27-də “Afrodita” Şadlıq sarayında namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürülən Zabelin Mixail Yuryeviç təbiliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə  görüşdü.

Tədbiri giriş sözü ilə açan deputatlığa namizədin vəkili Firdovsi Cahangirov M.Zabelin haqqında geniş bəhs etdi. Bildirdi ki, o, 2000-ci ildən Milli Məclisin deputatıdır. Azərbaycanda Rus İcmasının sədridir. M.Zabelin Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir və hazırda partiyanın fəaliyyətini fəal şəkildə dəstəkləyir. YAP İdarə Heyətinin üzvüdür.

F.Cahangirov bu mühüm məqamı da xüsusi qeyd etdi ki, respublikanın 91 nəfər ziyalısının ulu öndər Heydər Əliyevə ünvanladıqları müraciətdə M.Zabelinin də imzası vardır. O, ulu öndər Heydər Əliyevin siyasi kursunun və hazırda bu xətti uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətinin sadiq tərəfdarıdır. M.Zabelinin fəaliyyəti dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək “Şöhrət” ordeni və Fəxri diplomla təltif edilmişdir. Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfələrə görə isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. Deputatlığa namizədin parlament fəaliyyəti də daim diqqətçəkən olub. Belə ki, qanunların işlənib hazırlanmasında, qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsində fəal iştirak edib. O, seçicilərinin istək və arzularına həssaslıqla yanaşan millət vəkillərindəndir. Daim seçicilərinin arasında olur, onları narahat edən problemləri dinləyir və həlli istiqamətində əlindən gələni əsirgəmir.

Bildirildi ki, Azərbaycan tolerant, multikulturalizmi həyat tərzi seçən ölkədir. Azərbaycanda müxtəlif millətlərin, xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayır, ölkəmizin davamlı inkişafına böyük töhfələr verirlər. M.Zabelin rus olsa da, Azərbaycanda doğulmuş, burada orta və ali təhsilini almış, əmək fəaliyyətinə də məhz Azərbaycanda başlamışdır. Azərbaycanın dövlətçiliyinin inkişafında, Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafında onun öz payı vardır. Belə namizədlərin seçici dəstəyini qazanması, yeni parlamentin formalaşmasında fəal iştirak etməsi gərəklidir. 

Deputatlığa namizədin vəkili seçiciləri  seçkilərdə fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırdı.

Rus icmasında hüquqşünas Nizami Kəngərli qeyd etdi ki, deputat arxada qalan dövrdə öz fəaliyyətini lazımi səviyyədə quranda, seçici etimadını qazananda, növbəti dəfə namizədliyi irəli sürüləndə seçicilərinin qarşısına böyük ruh yüksəkliyi, inamla çıxır.  M.Zabelin məhz belə millət vəkillərindəndir. Hər bir cəmiyyətin idarə olunmasında əsas rol oynayan qanunlardır ki, M.Zabelin bir millət vəkili kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Onun ətrafında daha çox hüquqşünasların toplaşması hüquqi, demokratik dəyərlərə hansı səviyyədə qiymət verildiyini bir daha nümayiş etdirir. Rəhbərlik etdiyi Rus İcmasının hüquqşünası kimi bir faktı qeyd edə bilərəm ki, 2019-cu ildə 600-ə yaxın müraciət edilib ki, onların hər birinin qanunun tələbləri səviyyəsində həllinə nail olunub.

N.Kəngərli çevik, daha müasir, təkmil parlamentin formalaşmasına hədəflənmiş 9 fevral növbədənkənar parlament seçkilərinin Azərbaycanın demokratik inkişaf tarixinə daha bir səhifə yazacağına əminliyini ifadə edərək seçiciləri daha fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırdı. Səs verək, Azərbaycanın bu günü və gələcəyi üçün çalışan namizədlərə dəstək olaq, bununla da davamlı inkişafımızı, yüksək rifahı təmin edək.

Seçicilər adından Hümbət Hümbətov çıxış edərək M.Zabelin kimi namizədlərə səs verməyin dövlətimizin, xalqımızın gələcəyi üçün önəmini xüsusi qeyd etdi. O, M.Zabelinin torpaqlarımızın işğaldan azad olunması yolunda göstərdiyi fədakarlıqdan geniş bəhs etdi.

Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürülən, Azərbaycandakı Rus İcmasının rəhbəri Mixail Zabelin bu gün bütün istiqamətlərdə uğurla inkişaf edən Azərbaycana beynəlxalq baxışa diqqət yönəltdi. Bildirdi ki, Azərbaycan parlayan ulduz, Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqı kimi tanınır və nüfuz qazanır.

Azərbaycanda doğulduğunu, burada orta və ali təhsil aldığını qeyd edən M.Zabelin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevlə birgə çalışması, Azərbaycanın cənab İlham Əliyev kimi Prezidenti olması ilə qürur duyduğunu bildirdi. Böyük fəxr hissi ilə qeyd etdi ki,  Azərbaycan mənim doğma Vətənimdir. “Mən rus olsam da Azərbaycan vətəndaşıyam” söyləyərək bundan sonra da doğma Vətəni Azərbaycanın daha da möhkəmlənməsi, çiçəklənməsi yolunda əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Deputalığa namizəd seçiciləri 9 fevralda fəal olmağa, Azərbaycanın uğurlu gələcəyi naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı. Seçki hüququmuzdan istifadə edək, layiqli namizədə səs verək!

Diskussiya şəklində davam edən görüşdə seçicilərin sualları cavablandırıldı.

Yeganə Əliyeva,Roya Rasimqızı,
Vüsal Cahanov (foto), 
“İki sahil”