23 avqust 2019 17:59
1157

Azərbaycanın xarici ticarət şəbəkəsi genişlənir

 Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici ölkələrdə Azərbaycanın ticarət və şərab evləri təşlil edilir.  Qeyd etmək lazımdır ki, ölkəmizin şərabçılıq məhsulları  öz keyfiyyətinə görə dünya brendləri ilə rəqabətdə onlardan heç də geri qalmır.  Bu istiqamətdə cəmi bir neçə il ərzində aparılan təşviqat yaxşı səmərə verib. 2017-ci ildə Belarusda, 2018-ci ildə Ukraynada, Latviyada, Polşada və Çində, bu ilin yanvar ayında isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan ticarət evləri açılıb. Bu ticarət evlərinin hər birində müxtəlif növ Azərbaycan məhsullarının daimi sərgisi, Çinin Urumçi və Şanxay şəhərlərində Azərbaycan şərab evləri fəaliyyət göstərir.

Hazırda bu şəbəkənin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Ticarət mərkəzlərinin, mağazaların, şərab evlərinin fəaliyyəti göstərir ki, ölkəmizin təqdim olunan məhsulları xarici alıcılar tərəfindən bəyənilir. Ona görə də şəbəkəni genişləndirmək üçün bu ilin sonunadək Qazaxıstanın Nursultan şəhərində ticarət evinin, Rusiyada və Çində daha bir neçə şərab evinin açılması nəzərdə tutulur.  Eyni zamanda, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Bu qurumlar Azərbaycanın xarici ölkələrdəki  iqtisadi maraqlarının təmin olunmasında, qarşılıqlı iqtisadi əlaqələrin  daha da möhkəmləndirilməsində, xarici iş adamlarının, fermerlərin, investorların cəlb edilməsində, potensial alıcılarla sıx əlaqələrin qurulmasında mühüm rol oynayırlar.

Hazırda Rusiyada “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilk mağaza bu ilin martında ölkənin paytaxtı Moskvada açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması planlaşdırılır. Rusiya Federasiyası ilə ənənəvi əlaqələr nəzərdə tutulan işlərin sürətlə görülməsi üçün əsaslı zəmin yaradır.

Məlumat üçün bildirək ki, bu il indiyədək 4 xarici ölkəyə 5 ixrac missiyası təşkil olunub. Belə ki, cari ilin ilk aylarında  Azərbaycan ixrac missiyası Çin, Polşa, Latviya və Qətərdə olub. 2019-cu ilin iyun və iyul aylarında isə İsveçrənin Surix və Bern şəhərlərinə və Rusiyanın Yekaterinburq şəhərinə ixrac missiyası təşkil olunub. Ancaq səfərlər bununla başa çatmayacaq. Azərbaycan şirkətləri bu ilin sonunadək  Rusiyada keçiriləcək “Worldfood Moscow”, Almaniyada baş tutacaq “Anuga 2019” və  Çində təşkil olunacaq  “Food and Hotel China” beynəlxalq sərgilərində iştirak edəcəklər. Təbii ki, həmin sərgilərdə keyfiyyətli Azərbaycan məhsulları iştirakçı şirkətlərin təmsilçilərinə təqdim olunacaq. Əminlik var ki, Azərbaycan brendləri xarici alıcılar tərəfindən razılıqla qarşılanacaq.

Vəli İlyasov,

“İki sahil”