24 yanvar 2021 03:35
811

Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitashvili ilə görüşüb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında kənd təsərrüfatı, qida təhlükəsizliyi və ekologiya sahəsində sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, bu sahələrdə yeni layihələrin icrası və müqavilələrin imzalanmasının təşviqi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli ticarətdə qeyri-neft məhsullarının çəkisinin artırılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, eləcə də, bu sahədə sərmayə yatırımlarının təşviqi imkanları müzakirə olunub.

Söhbət zamanı Qafqazda vəhşi təbiətin bərpası və biomüxtəlifliyin qorunması, trans-sərhəd çayların, o cümlədən Kür çayı hövzəsi sularından səmərəli istifadə sahəsində əməkdaşlıq edildiyi bildirilib və bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Habelə, SOCAR tərəfindən Gürcüstanda sosial-iqtisadi sahələrdə həyata keçirilən layihələrdən, xüsusilə COVID-19 pandemiyası dövründə Gürcüstanda yerli fermerlərə dəstək üçün icra edilən aqrodizel layihəsindən məmnunluq ifadə olunub.

Görüşdə, həmçinin Gürcüstanda torpaq sahəsində həyata keçirilən islahatlar, o cümlədən “Meşə Məcəlləsi”nə dəyişikliklərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında kənd təsərrüfatı və ətraf mühit sahələrində ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq üçün böyük potensial olduğu, fındıq istehsalı və digər sahələrdə bir sıra mühüm layihələrin icra edildiyi bildirilib.