12 oktyabr 2020 17:58
1175

Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz

Dövlətimizin başçısı İlham Əliyev Ermənistanın bugünədək tutduğu yolun yanlışlığını bir daha ona və havadarlarına  çatdırmaqla,  ədalət meyarının, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu xatırlatdı

Azərbaycan bir daha diplomatik mübarizə ilə yanaşı, döyüş meydanında da üstünlüyünü nümayiş etdirdi. Sentyabrın 27-dən ordumuzun qətiyyətli əks-hücum əməliyyatları nəticəsində xeyli sayda yaşayış məntəqələrimiz, strateji yüksəkliklərimiz, o cümlədən 27 ildir işğaldan azad olunmasını gözləyən Cəbrayıl şəhəri işğaldan azad edildi. Azərbaycan Ordusu qələbələri ilə tarix yazmaqla 30 ilə yaxın bəyanatları kağız üzərində qalan dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara bu həqiqəti çatdırdı ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə  hərb yoluna üstünlük veriləcəyi, ən əsası işğal altında olan bütün torpaqlarımızın azad olacağı qaçılmazdır. Dövlətimizin başçısı İlham Əliyev ötən bu müddətdə  xarici ölkələrin televiziya kanallarına verdiyi müsahibələrində, həmçinin xalqa müraciətlərində Ermənistanın yeni ərazilər iddiası ilə müharibə  planının mövcudluğundan, hər vasitə ilə danışıqlar prosesini pozmaq cəhdlərindən, bütün bu çirkin əməllərin qarşılığında Azərbaycanın heç zaman öz mövqeyindən geri çəkilməyəcəyindən, ən əsası isə işğalçı dövlətin danışıqlar masası ətrafında oturacağından bəhs edərək, bu bəyanatla yekun vurmuşdur ki, Qarabağ  bizimdir, Qarabağ Azərbaycandır! Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!

12 gün davam edən qətiyyətlə əks-hücum əməliyyatları Azərbaycan Ordusunun gücünü bir daha işğalçı dövlətə və onun havadarlarına çatdırdı. Azərbaycan Ordusunun qarşısında aciz duruma düşən Ermənistan silahlı qüvvələri silah-sursatı, hətta papaqlarını ataraq geri çəkilirdilər. Bu əməliyyatların  Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq.  Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verildi və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğaldan azad olundu.  2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. 2020-ci ilin 12 iyul təxribatlarının qarşısı qətiyyətlə alındı. Dövlətimizin başçısı İlham Əliyev oktyabrın 9-da xalqa müraciətində bu məqamı xüsusi qeyd etmişdir:  «Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik. Bəs, nə oldu, Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası” o cümlədən işğal edilmiş bütün torpaqları əhatə edir.»

Hər zaman çıxışlarında «Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz» söyləyən   cənab İlham Əliyev bu faktı da açıqlayır ki, torpaqların itirilməsi  o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. Azərbaycan Xalq Cəbhəsinin başında dayananlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün torpaqları satdılar və beləliklə, o vaxtkı hakimiyyəti yıxa bildilər. Ona görə Ermənistan hər zaman bu imkanlardan faydalanıb: «İndi də özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər. O vaxt Azərbaycan Xalq Cəbhəsi Gəncəni bombalayırdı, Azərbaycan əsgərlərini əsir götürmüşdü. Orada torpaq əldən gedirdi, burada isə onlar hakimiyyət uğrunda mübarizə aparırdılar və əfsuslar olsun ki, öz çirkin əməllərinə nail oldular. Hakimiyyətə gəldilər, daha çox torpaq verdilər, sonra da biabırcasına qaçıb gizləndilər, fərarilik etdilər. Bütün bunlar bizim tariximizdir.»

Bu tarixi inkar etməyə çalışan işğalçı Ermənistanın beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansısa  təzyiqin göstərilməməsi daha böyük iddialarla yaşamasına stimul verir. Rəsmi Bakı daim   bəyan edir ki,    Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağa müstəqillik  verilməsi məsələsi qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə, bu, onlar üçün də, sülh  prosesi üçün də  bir o qədər faydalı olar.

Bu fakt beynəlxalq ictimaiyyətə də çox yaxşı bəllidir ki, Ermənistan rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi irəli sürülmüş bütün təşəbbüslərin qarşısını almağa çalışmış, bu məqsədlə bütün mümkün vasitələrdən istifadə etmişdir. Belə ki,  işğalçı dövlətin rəhbərliyi bütün sülh təşəbbüslərini bloklayır, sülh istəmir və mövcud status-kvonun saxlanması üçün əlindən gələni edir. Sentyabrın 27-dən  başlanan əks-hücum əməliyyatları status-kvonu dəyişdi. Cənab İlham Əliyev bildirir: «Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir.» 

ATƏT-in Minsk qrupunun bu günə kimi münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri də məhz Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmamışdır. Müxtəlif illərdə beynəlxalq vasitəçilərin təşəbbüsü ilə aparılmış yüksək səviyyəli danışıqlar zamanı əldə olunmuş praktiki nəticələr sonrakı dövrə məhz Ermənistanın təxribat əməlləri nəticəsində iflasa uğramışdır. Dövlətimizin başçısı İlham Əliyev bəyanatlarında  bu məsələyə də  xüsusi diqqət yönəldir ki,  dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin.

Danışıqlar prosesi 28 ildən  artıqdır ki, aparılır. Bu 28 il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atıb. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər. 1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqlardan sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi, 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Naxçıvan qələbəsi, 2020-ci ilin 12 iyul  və 27 sentyabr təxribatları  və digər faktlar göstərir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və  cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir.

Sentyabrın 9-10-da Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri arasında Moskvada keçirilən görüşdə oktyabrın 10-dan etibarən humanitar atəşkəslə bağlı razılıq əldə olundu. İşğalçı dövlətin bu razılaşmanı ilk andan  kobud şəkildə pozaraq Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncəyə raket hücumu   Azərbaycan xalqına qarşı soyqırımı aktıdır. Erməni vəhşiliyi nəticəsində  9 mülki şəxs həlak olub, 34 nəfər isə yaralanıb. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev Gəncədə törədilən cinayətlə bağlı “Twitter” hesabındakı paylaşımında bir daha bəyan edib ki, Ermənistanın Gəncəyə raket hücumu erməni faşizminin növbəti təzahürüdür. Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi “Instagram” səhifəsindəki paylaşımında dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıb.

Azərbaycanın  beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti, son  müddət ərzində  bütün aparıcı  beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul  edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub. Mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi, həm də bölgənin tarixi ilə bağlı  gətirilən konkret faktlar, inandırıcı əsaslandırmalar onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bunu təsdiqləyən  kifayət qədər  sənədlər var.

Bütün bunlar beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajlarıdır.  Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bütün münaqişələr öz həllini bir prinsip əsasında tapmalıdır.

Dövlətimizin başçısı  İlham Əliyevin Rusiyanın RBK televiziya kanalına müsahibəsində «Siz bütün bu hadisələrə qədər Ermənistanın baş naziri Nikol Paşinyan ilə bir neçə dəfə görüşmüsünüz. Bu hadisələrdən sonra Siz onunla bir masa arxasına əyləşməyə və ya danışmağa hazırsınızmı» sualına cavabı bundan sonrakı proseslərin aydın mənzərəsini yaradır. Cənab İlham Əliyev bildirmişdir: «Bilirsinizmi, böyük etimad bəsləmədiyin adamla danışmaq çətindir. Mən onun sələfləri, müharibə cinayətkarları hesab etdiyim adamlarla danışıqlar aparmağa məcbur idim. Çünki onlar Xocalıda qanlı soyqırımı törədiblər, onlar Azərbaycanın dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni irsimizin dağılmasında təqsirkardırlar. Lakin mən məcbur idim. Ona görə ki, biz bu münaqişənin nizamlanması yolunu tapmalı idik. Ermənistanda yeni iqtidar, yeni rəhbərlik hakimiyyətə gələndə əvvəlcə onlarla əlaqələrimiz çox ümidverici idi… Opponentin hər kəlməsi yalandırsa, onun yalanları dünya KİV-lərində yayılırsa, bütün dünyaya translyasiya edilirsə, onunla nə barədə danışmaq olar?... İndiki mərhələdə mən bunu səmərəli hesab etmirəm. Əksinə, Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz. Mən istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç kəslə bu tonda ünsiyyəti özümə heç vaxt rəva görməmişəm. Lakin Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi.»

Yeganə Əliyeva, «İki sahil»