13 fevral 2020 11:35
2839

"Azərikimya" İB-nin modernizasiya işlərinin yekunlaşacağı vaxt açıqlanıb

SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda  aparılan yenidənqurma və modernizasiya işləri bu ilin III rübündə tam olaraq yekunlaşacaq.

Bunu jurnalistlərə Etilen-polietilen zavodunun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev söyləyib.

Onun sözlərinə görə, zavodda modernizasiya və yenidənqurma işlərinin aktiv fazasına 2017-ci ildə başlanılıb. "İşlərin 94%-i başa çatdırılıb. Artıq ilkin sınaq-sazlama işlərinə başlanılıb", - Q. Əliyev qeyd edib.

"Azərikimya" İB-nin Etilen-polietilen zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bir neçə yeni müasir texnoloji qurğu inşa olunur, texnoloji proseslər avtomatik idarəetmə sisteminə keçirilir, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğuları təkmilləşdirilir. Layihə nəticəsində “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artacaq.

Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji ilə təmin etməkdir. İstehsal məqsədi ilə istifadə olunan xammal isə zavoda SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir.

Qeyd edək ki, yenidənqurma və modernizasiya layihəsinin baş podratçısı "Technip İtaly" şirkətidir.

Orxan Vahidoğlu, "İki sahil"